Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Almaniyalı jurnalistin Rusiyadan pul aldığı ortaya çıxıb – araşdırma


Rusiya prezidenti Vladimir Putin Vladivostokda Almaniyanın ARD kanalına müsahibəsi zamanı Hubert Zaypel ilə danışır. 2014
Rusiya prezidenti Vladimir Putin Vladivostokda Almaniyanın ARD kanalına müsahibəsi zamanı Hubert Zaypel ilə danışır. 2014

Almaniyalı teleaparıcı və müəllif Hubert Zaypel (Hubert Seipel) Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarx Aleksey Mordaşova bağlı şirkətlərdən 600 min avro alıb. Bunu birgə jurnalist araşdırması üzə çıxarıb.

Zaypel Putindən müsahibə alan, onun barəsində iki kitab yazan jurnalistdir, Almaniyada 2014-cü ildə Putinlə eksklüziv müsahibəsi ilə tanınır. O, Putin barəsində sənədli film də çəkib. Mordaşov isə Qərbin sanksiya siyahısındadır.

Araşdırmanı Almaniyanın ZDF televiziyası, "Der Spiegel" jurnalı, "Paper Trailer Media" araşdırmaçı saytı aparıb. Onlar üzə çıxarıblar ki, mükafat almış Zaypel iki kitabının pulunu Kiprdə yerləşən, Mordaşova bağlı şirkətdən hissələrlə alıb. Çoxlarının fikrincə, o, kitablarda Putinin müsbət portretini yaradıb.

Məxfi fayllar nələri göstərir

Almaniyalı jurnalistlər Kiprdə yerləşən maliyyə xidmətləri firmalarından məxfi fayllar əldə ediblər. Sənədlərə görə, Zaypel 2018-ci ildə Rusiyada siyasi mühit barədə kitab yazmaq və təbliğ etmək üçün 600 min avroluq sponsorluq müqaviləsi imzalayıb. Bu, Almaniyanın çap biznesi üçün qeyri-adi dərəcədə yüksək qiymət sayılır.

Zaypel Almaniyada Rusiya üzrə aparıcı müstəqil ekspertlərdən biri kimi tanınır.

2021-ci ildə çapdan çıxmış kitab "Putinin gücü: Rusiya Avropaya niyə lazımdır" adlanır. Onun 2015-ci ildə yazdığı Putinin bioqrafiyasının adı "Putin: Hakimiyyətə içdən baxışlar" idi.

Araşdırmanın əldə etdiyi sənədlərdə Zaypelin Putinin bioqrafiyasını hazırlamaq üçün 2013-cü ildə pul aldığını göstərən, əllə yazılmış qeyd var.

Zaypel oxucularına, yaxud naşirinə mümkün maraq toqquşması barədə xəbərdarlıq etməyib. Onun sözlərinə görə, Putinlə 100 dəfəyə yaxın görüşüb, Rusiya liderinə birbaşa çıxışı olan azsaylı Qərb jurnalistlərindən biri olub.

Pul aldığını təsdiqləyir

Zaypel ZDF-ə Mordaşovdan maliyyə dəstəyi aldığını təsdiqləyib, amma iddia edib ki, bunun kitabların məzmununa təsiri olmayıb. O, kontraktın bir müddəasını əsas gətirib ki, müəllifin sponsor qarşısında kitab layihəsi ilə əlaqədar öhdəliyi yoxdur.

Kremlin mətbuat xidməti məsələni şərh etməyib.

Zaypelin çalışdığı NDR televiziyası onun Rusiya tərəfindən maliyyələşdirilməsi barədə bilgisiz olduğunu, jurnalistə qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirdiyini söyləyib.

Polad və bank maqnatı Mordaşov Almaniyanın TUI səyahət şirkətində nəzarət paketinə malikdir. O, Kremllə yaxın əlaqələrinə görə ABŞ, Aİ və Britaniyanın sanksiyalarına məruz qalıb.

"Forbes" dərgisi Rusiyanın ən zəngin şəxslərindən olan Mordaşovun varidatını 21 milyard dollar dəyərləndirir.

XS
SM
MD
LG