Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Keçmiş icra başçısı: 'O pulları şəxsi mənafeyimə xərcləməmişəm'


Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov ona verilən rüşvət, mənimsəmə, vəzifədən sui-istifadə ittihamlarını qəbul edir. Lakin əldə olunan vəsaitləri şəxsi mənafeyinə xərcləmədiyini deyir.

“İttihamlarla tamamilə razıyam, problem yoxdur. Ancaq o vəsaitləri mən şəxsi mənafeyimə xərcləməmişəm. İttihamda cinayət yoluyla əldə edildiyi göstərilən vəsaitlər rayonun idarəçiliyində istifadə olunub”, – ilyarımdan çoxdur həbsdə olan Məmmədov noyabrın 24-də məhkəmədə ittihamlara münasibət bildirərkən belə deyib.

3.3 milyonluq paylar 40 manata

Sabiq icra başçısının işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Şəmkir şəhər bələdiyyəsinin təsis etdiyi, dəyəri 1 milyon 335 min manat olan şirə və cem istehsalı zavodu olan “Abad Şəmkir” MMC-nin bələdiyyəyə məxsus payları 2018-ci ildə icra başçısının göstərişiylə onun oğlu Adil Məmmədova, 2020-ci ildə isə Fərid İslamzadə adlı şəxsə cəmi 180 manata satılıb.

“Çinarlı qəsəbə” MMC-nin Çinarlı bələdiyyəsinə məxsus 3.3 milyonluq paylarının isə icra başçısının göstərişiylə “Şəmkir səbəti” MMC-yə cəmi 40 manata satıldığı iddia olunur.

“Şəmkir səbəti”nin də rəsmi təsisçiləri icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir ƏliyevOrxan Məmmədlidir.

Sabiq icra başçısı bu vəzifədə işlədiyi dövrdə tenderlərdə iştirak edən şirkət rəhbərlərindən, sahibkarlardan rüşvət almaqda və başqa əməllərdə də ittiham olunur.

İttihama görə, rüşvət Məmmədova əsasən, köməkçisi, birinci müavini və icra hakimiyyətində memarlıq şöbəsinin müdiri vasitəsilə çatdırılıb.

6.8 milyon manat

İttihama görə, Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib.

Bu vəsaitlərin bir hissəsi oğlu Adil Məmmədovun adına təsis olunan “Az Farel” MMC-nin tikinti xərclərinə yönəldilib.

Məhz buna görə Məmmədova həm də cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamı da verilib.

Prokuror bu ittihamları elan edəndən sonra Məmmədov deyib ki, göstərilən əməllərə yol verildiyini inkar eləmir.

“Amma niyyət başqa olub. Rayonu idarə eləmək asan deyil. Mən vətəndaşları iş yeriylə təmin eləməyə, onların dolanması üçün çalışmışam. Əgər bu israfçılıqdırsa, bununla da razıyam...”, – keçmiş icra başçısı bildirib.

Sabiq icra başçısının məhkəməsi dekabrın 8-də davam edəcək.

Xatırlatma

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov bundan öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Məmmədovun həbsindən sonra Səbail rayon Məhkəməsinin qərarıyla ona və ailə üzvlərinə məxsus olduğu iddia edilən bir sıra əmlakların üzərinə həbs qoyulub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, ümumilikdə həbs altında olan əmlakların dəyəri 10 milyon manatdan çoxdur.

Onların arasında “Abad Şəmkir” MMC - qida məhsulları istehsal zavodu; “Az Farel” MMC - balıq yetişdirmə və emalı müəssisəsi; Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzil də var.

Cinayət işində iddia olunur ki, bu mənzillər keçmiş icra başçısına rüşvət kimi verilib.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib.

Həbsdəki icra başçılarından Məmmədov istisna olmaqla, digərlərinə hökm oxunub. Onlara 5 ildən 12 ilə qədər həbs cəzası kəsilib. Keçmiş məmurlar barlərindəki hökmlə razılaşmır, yuxarı instansiya məhkəmələrinə şikayətlər veriblər. Bu üzdən hamısının işi üzrə məhkəmə prosesləri davam edir.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev 2021-ci ilin sentyabrında həbsdə vəfat edib.

XS
SM
MD
LG