Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Azərbaycanda təhsilin səviyyəsi ailələrə nə qazandırır?


Diplomlu işsiz: Adicə fəhlə işinə düzəlmək üçün də 'tanış' lazımdı
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Diplomlu işsiz: Adicə fəhlə işinə düzəlmək üçün də 'tanış' lazımdı (Arxiv. 2016)

Təhsilin önəmini göstərən arqumentlərdən biri yüksək təhsilin həm də yüksək gəlir götürməyə yol açmasıdır. Eləsə, Azərbaycanda təhsilin səviyyəsi insanların gəlirini artırmağa imkan verirmi? Dövlət Statistika Komitəsinin (DSK) ev təsərrüfatlarını araşdırması bu məsələyə dair bəlli təsəvvür yaradır. 10 min 200 ev təsərrüfatının qatıldığı sorğuda ailə başçısının təhsili baxımından ailələrin gəlirləri də açıqlanıb.

Açıqlanan rəqəmlərdən aydın olur ki, ötən ilin sonuna ölkədə ailə başçısının alitəhsilli olduğu ailələrdə adambaşına düşən aylıq gəlir 372 manatdır. Ailə başçısının orta ixtisas və ya texniki-peşə təhsili olan ailələrdə həmin göstərici 325 manatdır. Belə bilgilərdən aydın olur ki, ölkədə universitet bitirmək kollec, yaxud peşə məktəbi bitirən orta statistik vətəndaşın aylıq adambaşına gəlirində cəmi 47 manat və ya 14 faiz fərq yaradır.

Araşdırma nəticələrinə görə, ölkədə ailə başçısının tam ortatəhsilli olduğu ailələrdə orta aylıq gəlir 310 manat, natamam orta təhsilli olduğu ailələrdə 307 manatdır. Başqa deyimlə, ailə başçısının məktəb və ya universitet məzunu olması ev təsərrüfatının adambaşına düşən gəlirlərində cəmi 62 manat və ya 20 faiz fərq yaradır.

Burada diqqətçəkən daha bir məqam ailə başçısının yalnız ibtidai və ya ibtidaidən aşağı təhsil aldığı ailələrlə bağlıdır. Həmin ev təsərrüfatlarında adambaşına orta aylıq gəlir 313 manatdır. Deməli, ailə başçısı yalnız ibtidai təhsilli ailələrin gəliri tam orta məktəb təhsili alanlardan, az da olsa, daha yüksəkdir.

Gəlirlərin strukturu

Ailə başçısının təhsil səviyyəsinə görə əldə edilən gəlirin qaynaqları arasında da fərqlər gözə çarpır. Məsələn, ailə başçısının alitəhsilli olduğu ailələrdə gəlirin formalaşmasında muzdlu işdən - əmək müqaviləsi ilə hər hansı işdən əldə edilən gəlirlərin payı 54 faizdir. Ailə başçısının orta ixtisas və ya peşətəhsilli olduğu ailələrdə isə gəlirin tərkibində muzdlu işdən əldə edilən gəlirin payı 40 faizdir. Ailə başçısının məktəb təhsilli olduğu ailələrdə muzdlu işdən əldə edilən gəlirlərin toplam gəlirdə payı 29 faizdir. Beləcə, bəlli olur ki, ailə başçısının ali təhsilli olduğu ev təsərrüfatlarında muzdlu iş imkanları daha geniş olur.

Digər təhsil səviyyəsi üzrə özünüməşğulluqdan gəlirlər toplam gəlirlərdə daha yüksək paya sahibdir. Uyğun qanuna görə, özünüməşğulluq şəxsin müstəqil və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Buraya, əsasən, alış-verişlə məşğul mikro və kiçik sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olanlar daxildir. Ailə başçısının orta ixtisas və ya peşə təhsili aldığı ailələrdə özünüməşğulluqdan gəlirlərin toplam gəlirlərin formalaşmasında payı 32 faizdir. Yalnız məktəb təhsili olduğu hallarda isə bu göstərici 40 faiz civarındadır.

Ali təhsil niyə çox fərq yaratmır?

Azərbaycanda ali təhsil alanlarla almayanlar arasında gəlir fərqinin çox olmamasının iki əsas səbəbini vurğulamaq mümkündür: 1) Ölkədə ali təhsilin keyfiyyəti yüksək deyil; 2) Ölkənin iqtisadiyyatı qısıtlıdır. Azərbaycanda mədənçıxarma sənayesindən kənar sahələrin məhdud inkişafı, bir çox digər problemlər kimi, əhalinin gəlirlərinə də təsir göstərir. Rəsmi rəqəmlərə görə, son illər dövlət büdcəsinin 52-53 faizi neft-qaz sektoru hesabına formalaşır. Bu sahənin ölkənin ixracındakı payı 90 faizə yaxındır. DSK-nın bilgilərinə görə, bu ilin əvvəlinə ölkədə 1 milyon 709 min muzdlu işçi olub. Onlardan cəmi 33 min 187 nəfəri mədənçıxarma sənayesində çalışır. Bu o deməkdir ki, ölkədəki muzdlu işçilərin təxminən 2 faizi ölkənin büdcə gəlirlərinin yarısını təmin edir.

Alitəhsillilər ən çox təhsil sektorunda çalışırlar. Bu ilin əvvəlinə həmin sektorda 335 min nəfər çalışıb. Bu, toplam muzdlu işçilərin təxminən 20 faizi deməkdir. Halbuki bu sektorda orta aylıq əməkhaqqı cəmi 630 manatdır və bu, həmin il ölkədə qeydə alınan orta aylıq əməkhaqqından 24 faiz daha aşağı göstəricidir.

Ölkənin əmək bazarında problem doğuran digər bir məqam da ali təhsil ocaqlarında kadr hazırlığının bazarın tələblərinə cavab verməməsidir. Bu, bir yandan ölkədə özəl sektorla təhsil sektoru arasındakı bağlantının zəifliyini göstərirsə, o biri yandan ali təhsil ocağının bazarın tələblərinə operativ şəkildə uyğunlaşa bilmədiyini üzə çıxarır. Beləcə, tələbələrin yiyələndiyi ixtisaslarla bazarda tələb olunan ixtisaslar arasında fərqlər yaranır. Digər tərəfdən, universitetlərin tədris proqramı da çox vaxt işçilərdən gözlənilən bacarıqları aşılaya bilmir. Bütün bu problemlər nəticəsində Azərbaycanda ali təhsil alan şəxslərin böyük əksəriyyəti təhsilini başa vurandan sonra iş tapa bilmir. Üstəlik, ölkədə əlavə dəyər yaradan istehsal da olmadığından ixtisaslı işçilərə tələb də çox deyil.

XS
SM
MD
LG