Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:39

'Adi maskanı belə istehsal edə bilmirik'


Prezident tapşırıq verdi, amma maska qıtlığı aradan qalxmadı
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Prezident tapşırıq verdi, amma maska qıtlığı aradan qalxmadı

Bakının Sadıqcan küçəsində yaşayan Asif Əliyev 10 gün əvvələ kimi bir neçə aptek gəzdikdən sonra maska ala bilsə də, son 5-6 gündə tapa bilmədiyini söyləyir: «Bizə deyirlər ki, küçələrə maskasız çıxmayın. Hər gün televiziyada bunun təbliğatını aparırlar. Amma aptekdə maska tapılmır. Hansı aptekə gedirsən deyirlər ki, az əvvəl gəldi qurtardı, gün ərzində olacaq».

Apteklərin bəzisinə maska verilmir?

AzadlıqRadiosunun əməkdaşı Bakıdakı bir neçə apteklə əlaqə saxlayıb. Onların hamısı satışda maska olmadığını bildiriblər. «Məlhəm» aptekindən Elvin Aslanov deyib ki, yalnız səhər saatlarında 50 ədəd maska gətirilir, o da gələn kimi satılıb qurtarır. O, bir nəfərə 2 ədəddən artıq satmadıqlarını söyləyir: «Bu da 25 adam edir. Gün ərzində 1000 adam soruşur, 25-nə düşür, qalanı qalır».

Koronavirus təhlükəsinə görə indi əksəriyyət qorunmaqdan ötrü maska axtarır. Bəs apteklərdə niyə qıtlıq yaşanır?

«Biz kimik ki? Nə göndərirlər odur...», – «Məlhəm» aptekindən deyirlər.

«Zəfəran» aptekindən maskanın səhər saat 8-də gətirildiyini, yarım saata satılıb qurtardığını bildirirlər: «Hər gün 1000 ədəd maska gətirilir və beş-beş satırıq».

«Avis» aptekindənsə onlara son bir həftədə, ümumiyyətlə, maska gətirilmədiyini söyləyirlər. Səbəbini soruşduqda «Bizə depodan mal gəlmir. Səbəbini də bilmirik», –deməklə kifayətlənirlər.

Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Yerli istehsal haqda vədlər

«Məlhəm» aptekinin əməkdaşı E.Aslanov aprelin 2-dən vəziyyətin düzələcəyinə ümid edir. Bunu da hökumətin yerli istehsala başlanılması haqda vədləri ilə izah edir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bir neçə gün öncə mətbuat konfransında maska istehsal edən müəssisənin martın son günlərində işə düşəcəyini demişdi. Ancaq martın 30-da AzTV-yə müsahibəsində o, konkret vaxt söyləməyib: «Müəssisənin fəaliyyətinə gəlincə, bu, istehsal prosesidir. Avadanlıq quraşdırılır. İstehsal prosesinin bir gün tez, bir gün gec olması mümkündür. Amma müəssisənin işə başlaması ən yaxın gələcəkdə mümkün olacaq. Burada maksimal gündəlik istehsal həcmi 200 min maskadır».

«Avtomobil istehsal edən zavodlar süni tənəffüs aparatlarının istehsalına başlayırlar»

Koronavirusla mübarizə aparan ölkələr ilk günlərdə bu problemi həll etməyə çalışıblar. Bura Azərbaycanın qonşuları Gürcüstan, Türkiyə də aiddir. Azərbaycan niyə yubanır?

«Bu, Azərbaycan iqtisadiyyatının, xüsusən də, yüngül sənayenin necə inkişaf etdiyini göstərən parametrdir. Biz beyintutumlu olmayan, adi maskanı belə istehsal edə bilmirik və ya bu istehsalı qısa vaxtda təşkil edə bilmirik», – iqtisadçı Rəşad Həsənov deyir.

R.Həsənov
R.Həsənov


Onun sözlərinə görə, bunun üçün lazım olan adi xammal belə xaricdən gətirilməlidir, bu da yerli istehsalın idxaldan asılılığını göstərən amildir. İqtisadçı hökumətin hətta lazım olan xammalı əlavə dəyər vergisindən azad etdiyini də xatırladır: «Ancaq bunun üçün infrastruktur da təmin edilməlidir. Bu, mənim bildiyim qədər, hər hansı texnologiyanın gətirilməsini tələb etmir. Sadəcə, burda trikotaj sənayesinin, tikiş fabriklərinin imkanlarından istifadə etmək olardı. Gecikmə, çox güman, xammalın gətirilməsi ilə əlaqədardır. Bu da Azərbaycanda istehsalatın, yüngül sənayenin necə zəif inkişaf etdiyini göstərir, utancverici situasiyadır. Bu gün dünya təcrübəsinə baxaq. Avtomobil istehsal edən zavodlar süni tənəffüs aparatlarının istehsalına başlayırlar. O daha mürəkkəb mexanizmdir halbuki. Maskanın tikişini evlərdə belə təmin etmək olardı».

İqtisadçı istisna etmir ki, bəzi qruplar bazarda təklifin artmasında maraqlı deyil və gəlir götürməyə çalışırlar, yubanma da bununla bağlı ola bilər.

R.Həsənovun səsləndirdiyi iddianı sosial mediada da gündəmə gətirənlər var. Məsələn, «Qanun» Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu Facebook sosial şəbəkəsində yazır ki, hökumət maska və əlcəyi vətəndaşlara pulsuz paylamalıdır.

«Təhlükənin real olduğu ölkələrdə maska və əlcək pulsuzdur. Bizdə isə tapılmır, tapanda da öz qiymətindən dəfələrə baha. Buna bir nəzarət olmalı deyilmi? Dövlət dəllalların qarşısını almaq üçün təhlükədən qorunmağın ilkin vasitələri ilə əhalini təmin etməlidir. Yəni, qeyd etdiyim kimi, əlcək, maska pulsuz olmalıdır», – Ş.Xuduoğlu bildirir.

M.Zeynalova
M.Zeynalova

Sığınacaqdakı qadınlar maskanı özləri tikdilər

«Təmiz dünya» Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki sığınacaqda isə xanımlar maska problemini özləri həll etməyə başlayıblar. Onlar özlərinə, qurumun işçilərinə bu günlərdə maska tikirlər. Qurumun rəhbəri Mehriban Zeynalova deyir ki, indiyədək 250-300 maska hazırlayıblar: «Biz onları həssas vəziyyətdə olanlara veririk. Məsələn, xəstələrə, uşaqlara, işçilərimizə, sakinlərə veririk ki, təhlükədən qorunsunlar. Bu, sosial bir mesajdır ki, təlaşa düşməyin, təhlükədən özünüz özünüzü qoruya bilərsiniz. Bir az fürsətcil adamların da əlini kəsmək istəyirik...».

AzadlıqRadiosu bu iddialarla bağlı rəsmi açıqlama ala bilməyib. Nazirlər Kabinetinin sözçüsü İ.Məmmədovsa yerli KİV-lərə açıqlamasında etiraf edir: «Ölkədə maska qıtlığı məsələsi var. Ancaq bu o demək deyil ki, ölkədə maska yoxdur».

O, maskanı ilk növbədə həyati əhəmiyyətli obyektlərə, təhlükəsizliyi təmin edən həkimlərə, xəstələrə, polislərə, gömrük işçilərinə paylanıldığını bildirib.

Rəsmi açıqlamaya görə, Azərbaycanda 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdiyi bildirilir.

Ölkədə infeksiya ilə bağlı xüsusi karantin rejimi elan olunub.

XS
SM
MD
LG