Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:17

Günə 50-60 milyon manatı bankdan necə köçürüblər


Manat
Manat

2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən «Azəriqazbank», Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb. Amma həmin şirkətlərin o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, 10 gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb...

Bu fakt Azərbaycandan 5 milyard 551 milyonun ölkədən çıxmasıyla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar zamanı üzə çıxıb. Həmin vergi hesabatları cinayət işinin materiallarına daxil edilib. Söhbət «Provision Group», «İmpeks+», «Blast», «Qalaksi A», «Asin Co. LTD», «Primo A», «İTEK» MMC, «Elektromaş» və daha bir şirkətdən gedir. Bu qədər vəsaitə görə məhkəmə qarşısına çıxarılan iki nəfərdən biri heç tam orta təhsili olmayan, keçmiş taksi sürücüsü Rüfət Vəliyev, o biri də 2012-ci ildə lisenziyası ləğv edilmiş «Royalbank»ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyevdir. Onlar bu şirkətlərin direktoru, təsisçisi kimi rəsmiləşdirilib.

«Suriyaya 50 avro köçürülsə...»

Cinayət işinin materiallarında yazılıb ki, «Azəriqazbank»ın Xətai filialının yerləşdiyi binanın ikinci mərtəbəsində onlar üçün yer ayrılıb. Orada bu proses üçün qeyri-rəsmi şəkildə işə götürülən dörd nəfər əyləşib. Hər gün milyonlarla pullar gəlib, onlar pulları qəbul edib sayıblar, sonra da ya birinci mərtəbədə «Azəriqazbank», yaxud da Beynəlxalq Bank vasitəsilə xarici hesablara köçürülüb.

«Azəriqazbank»ın Monitorinq Mərkəzinin əməkdaşı Vüqar Quliyev məhkəmədə şahid kimi dindirilərkən deyib ki, banklarda ümumi qayda var: 20 min manatdan yuxarı istənilən əməliyyat barədə mütləq həm bankın özünün baş ofisi, həm də Mərkəzi Bank məlumatlandırılır. Bu, ümumi sistem-şəbəkə vasitəsilə həyata keçirilir. Məhkəmədə ondan soruşulub ki, bəs necə olub, bir gün ərzində 8-9 milyon manat pul çıxaran şirkət barədə heç bir araşdırma aparılmayıb? Bankın əməkdaşı bu sualı cavablandıra bilməyib.

Dindirmə zamanı o da məlum olub ki, adları çəkilən şirkətlərin pul köçürmələri zamanı 2005-2006-cı illərə aid müqavilələrdən, bəyannamələrdən istifadə olunub. Belə rəsmiləşdirilib ki, həmin dövrdə başlanmış müqavilələr, alınmış malların pulu indi ödənilir. Bank əməkdaşından onu da soruşublar ki, 8-10 il əvvəl alınmış malın pulunun indi ödənilməsi necə olub ki, şübhə yaratmayıb?

Bundan başqa, müqavilədə Türkiyə şirkətinin adı göstərilsə də, vəsait Estoniyaya, yaxud Dubaya göndərilib.

«Müştəri pul köçürmək istəyirsə, qanunla biz müştərinin iş yerini, maliyyənin mənbəyini soruşa bilmərik. Həm də bu gün Suriyaya 50 avro pul köçürülməsi daha çox şübhə yarada bilər, nəinki 1 milyonluq valyutadəyişmə əməliyyatı...», – «Azəriqazbank»ın əməkdaşı məhkəmədə belə deyib.

«Azəriqazbank»ın Xətai filialının ikinci mərtəbəsində şirkətlərin qeyri-rəsmi əməkdaşlarına yer ayrılsa da, bunun üçün icarə müqaviləsi olmayıb.

Bütün bu halları nəzərə alaraq, məhkəmə qərar verib ki, «Azəriqazbank»a sorğu göndərilib 2013-2015-ci illərə dair hesabatlar, yoxlama aktları alınsın.

50-60 milyon çıxarılan günlər olub

Məhkəmə Dövlət Sərhəd Xidmətindən də sorğu vasitəsilə məlumatlar alıb. Həmin məlumatlarla işdəki bank sənədlərinin müqayisəsində üzə çıxıb ki, təqsirləndirilən R.Vəliyev ölkədə olmadığı vaxtlarda da onun adına olan şirkətlər vasitəsilə ölkədən böyük pullar çıxarılıb. Amma hələ ki, onun əvəzinə həmin bank sənədlərinə kimlərin imza atdığı məlum deyil.

Bu şirkətlərlə bağlı maliyyə əməliyyatları Beynəlxalq Bankda, əsasən, Nəqliyyat filialında həyata keçirilib. Ona görə də 10 ildən artıq həmin filialın baş mühasibi işləmiş, hazırda isə «Kapitalbank»da çalışan Afət Yusifova da məhkəmədə dindirilib. Deyib ki, şirkətlərin adına bank hesabları açılanda sənədləri təqsirləndirilən R.Vəliyevin özü gətirmişdi: «Mən müştərilərlə birbaşa ünsiyyətdə olmurdum. Amma bildiyim qədər pulları da özü gətirirdi».

A.Yusifova məhkəmədə bir şirkətin eyni gündə 50-60 milyon pul çıxarması barədə izahat verə bilməsə də, onun istintaqdakı ifadəsi yadına salınıb. Həmin ifadə isə belədir: «Məndə şübhələr yaranmışdı, ona görə filialın müdiri Kənan Orucova bu barədə demişdim. O bildirdi ki, bank rəhbərliyinin bu barədə məlumatı var. Tapşırılıb ki, bu şirkətlərə heç bir maneə yaradılmasın».

Daha bir şahid Rəhman Salmanov 2006-cı ildə «Elektromaş» şirkətini yaradıb. Deyir ki, Rusiyada işlədiyinə görə iki ölkə arasında birgə biznes məqsədilə bu şirkəti yaratmışdı. Amma işlədə bilməyib, bağlamaq qərarına gəlib: «2012-ci ildə bağlamaq istəyəndə dedilər ki, kiməsə verə bilərsən. Sumqayıtda vergi idarəsinə getdim, orada sənədləşmə məsələsini həll elədilər, satdım. O vaxtdan xəbərim yoxdur heç nədən».

Təqsirləndirilənlər nə deyir

Cinayət işinin materiallarında əmr var ki, R.Salmanov ümumi yığıncağın qərarı ilə təqsirləndirilən R.Vəliyevi şirkətə direktor təyin edib. Şahid belə bir əmr vermədiyini, oradakı imzanın da ona məxsus olmadığını bildirib.

Məhkəmə araşdırmaları martın 27-də davam edəcək.

Cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında suçlanan R.Vəliyev və M.Əliyevin heç biri özünü təqsirli bilmir.

R.Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə «Sədərək» Ticarət Mərkəzindəki «Qlobal karqo» şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr Meydanında yaşayırmış. Günlərin birində Ə.Can ona şəxsi telefonunu verib, onun şirkətlərində işləməyi təklif edib. R.Vəliyevin dediyinə görə, o, Ə.Canın pullarını banklara daşıyırmış: «Məni doqquz ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm».

Digər təqsirləndirilən M.Əliyev deyir ki, «Royalbank» bağlanandan sonra – 2013-cü ildə Rüfətlə tanış olub. R.Vəliyev ona deyib ki, Türkiyə vətəndaşının yanında işləyir, geniş mal dövriyyəsi var. M.Əliyevin sözlərinə görə, Rüfət ona birlikdə işləməyi təklif edib: «Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım, sonra çoxaldı».

İttihamda adıçəkilən Ə.Canın kim olduğu bilinmir. Yalnız o məlumdur ki, bu şəxs 2015-ci ildə Azərbaycandan gedib.

XS
SM
MD
LG