Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:26

ABŞ ‘Putinin aşpazına’ yeni sanksiyalar qoyur


Yevgeni Priqojin (solda) Putinə xidmət göstərərkən
Yevgeni Priqojin (solda) Putinə xidmət göstərərkən

ABŞ Maliyyə Nazirliyi “Rusiya troll fabriki” kimi tanınan qurumun Kremlə bağlı təşkilatçısı və maliyyəçisi ilə əlaqəsi olan fərdlərə və vahidlərə qarşı sanksiyalar elan edib.

Rəsmi adı İnternet Tədqiqatları Agentliyi (İTA) olan və Sankt Peterburqda mənzillənən bu təşkilat ABŞ və başqa ölkələrin seçkilərinə müdaxilədə şübhəli hesab olunur.

Əslində ABŞ “Putinin aşpazı” kimi ləqəb qazanmış Yevgeni Priqojinə, habelə İTA və muzdlu döyüşçüləri Liviya, Suriya və Afrikada fəaliyyət göstərən özəl Vagner hərbi firması da daxil ona aid edilən şirkətlərə bundan əvvəl də sanksiyalar qoymuşdu.

ABŞ maliyyə naziri Steven T. Mnuchin sentyabrın 23-də deyib:

"Yevgeni Priqojin planet boyunca ziyanlı siyasi və iqtisadi təsirlərin yayılması üçün beynəlxalq tərəfdar şəbəkəsinə malikdir. Birləşmiş Ştatlar Priqojinin qlobal əməliyyatlar aparmaq qabiliyyətini bundan sonra da hədəfləyəcək”.

Dezinformasiya “ustalığı”

Priqojinin İTA şirkəti ABŞ-ın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı iddialarla ad çıxarıb.

Şirkətin keçmiş işçiləri bu qurumda dezinformasiyanın hazırlanmasına və yayılmasına necə “ustalıqla” yanaşılmasına dair ifadələr veriblər.

Bu dezinformasiyalardan əsas məqsəd qərblilərin internet vasitəsilə aparılan bölücü debatlara cəlb edilməsi idi.

Vagner son onillik ərzində Rusiyada yaradılmış özəl hərbi şirkətlərdən biridir.

Rusiya qanunları özəl hərbi şirkətlərin fəaliyyətini qadağan etdiyinə görə Vagnerin əməliyyatları barədə məlumatlar tam məxfi sayılır.

Rusiya Müdafiə Nazirliyinin qeyri-rəsmi qolu

Bu qurum Rusiyanın hərbi kəşfiyyatı ilə sıx əməkdaşlqda fəaliyyət göstərir.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir:

"İTA-nın əməliyyatları Birləşmiş Ştatlar da daxil xarici ölkələrdə siyasi gərginliyin və ixtilafın artırılmasına xidmət edir. Priqojinin habelə Rusiya Müdafiə Nazirliyinin təmsili qüvvəsi sayılan və ABŞ sanksiyaları altında olan Wagner özəl hərbi şirkətinin sahibi olduğuna inanılır. Bu şirkət Ukrayna, Suriya, Sudan, Liviya və Mozambik kimi ölkələrdə təhlükəli və pozucu əməliyyatlar aparır”.

Nazirliyin məlumatında bu da deyilir ki, Vaqnerin onlarca muzdlusu bu yaxınlarda Belarusda saxlanmışdı.

Onlar Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan Alyaksandr Lukaşenkanın etirazçılara divan tutmasına bəhanə vermək üçün əməliyyat hazırlamaqda şübhəli bilinir.

Kremldə prezident Vladimir Putinə iaşə xidməti göstərdiyinə görə “Putinin aşpazı” ayamasını qazanmış Priqojin hər hansı qanunsuz fəaliyyətdə bulunduğunu dəfələrlə inkar edib.

Ötən ay o, Berlin klinikasında komada olan Rusiya müxalifətçisi Aleksey Navalnıdan və onun bağlanmağa məcbur edilmiş Antikorrupsiya Fondundan borclarını almağa çalışdığını demişdi.

Aleksey Navalnının sovet zamanında istehsal edilmiş Noviçok maddəsi ilə zəhərləndiyini Avropanın üç müstəqil laboratoriyası təsdiq edib.

Kreml bu zəhərlənmə ilə hər hansı əlaqəsinin olduğunu inkar edir.

ABŞ seçkilərinə müdaxilə ittihamı

ABŞ Dövlət Departamenti ötən iyulda “pozucu qlobal fəaliyyətinə görə” Priqojinə bağlı olduğu düşünülən 5 şirkətə sanksiyalar elan edib.

Dövlət Departamenti bildirirdi ki, Priqojin öz fəaliyyətində “qondarma şirkət və vasitəçilərdən” istifadə edir.

ABŞ-ın xüsusi prokuroru Robert Mueller 2018-ci ildə İTA-ya, Priqojinə və ona bağlı iki şirkətə 2016-cı il ABŞ seçksinə müdaxiləsinə görə cinayət işi qaldırıb.

Washington Post qəzeti 2019-cu ildə xəbər verirdi ki, ABŞ hərbiyyəsinin kiberkomandanlığı 2018-ci il ABŞ Konqres seçkilərinə müdaxilə etdiyinə görə İTA-nı bloklayıb.

XS
SM
MD
LG