Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:28

ABŞ Ukrayna ilə ‘daha dərin müdafiəyə’ keçilməsini müzakirə edir - ABŞ mediası


Prezidentlər Co Bayden və Volodimir Zelenski, Ağ Ev, 21 sentyabr, 2023
Prezidentlər Co Bayden və Volodimir Zelenski, Ağ Ev, 21 sentyabr, 2023

ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevlə Ukrayna silahlı qüvvələrinin ölkənin şərqində “daha dərin müdafiəyə” keçməsini müzakirə edir.

Bu barədə bir neçə ABŞ və Avropa məmuruna istinadla Politico saytı yazır.

Mənbələrin sözlərinə görə daha dərin müdafiəyə keçilməsi Kiyevin Moskva ilə danışıqlarda daha güclü mövqedə olması üçün lazımdır.

Politico yazır ki, Ağ Evin rəsmi ritorikasında dəyişiklik olmayıb, amma hazırda ABŞ Ukrayna hakimiyyəti ilə daha dərin müdafiə mövqelərinə keçilməsi məsələsini müzakirə edir.

Söhbət hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsindən, cəbhə xətti boyunca müdafiə mövqelərinin, tank əleyhinə maneələrin və yarğanların yaradılmasından gedir.

Bu planlara habelə Ukraynanın Belarusla sərhədində müdafiə xəttinin yaradılması daxildir.

2024-cü ilin sonunda, ya da 2025-ci ildə

Bundan əvvəl The New York Times yazmışdı ki, Pentaqon Ukraynaya 2024-cü il ərzində “düşməni dayandırmaq və müdafiə hasarları tikmək” strategiyasına keçməyi məsləhət görüb.

Pentaqonun qənaətinə görə bunun ardınca, çox güman ki, 2024-cü ilin sonunda və ya 2025-ci ildə Rusiya ilə “daha məzmunlu” danışıqların aparılması mümkün ola bilər.

Vaşinqtonda mənzillənən bir avropalı diplomat Politico saytına deyib ki, Rusiya ilə danışıqlar təqdirində Ukraynanın mövqelərinin gücləndirilməsinin daha bir yolu Ukraynanın NATO üzvlüyünə qəbulu ola bilər.

Politico yazır ki, hazırda Ağ Ev danışıqların planlaşdırılmadığını və Ukrayna ordusunun isə hücumlarını davam etdirdiyini deyir. Bu da qeyd olunur ki, Ağ Ev Ukraynanı hərbi əməliyyatların davam etdirilməsindən çəkindirmək istəmir.

Strategiyanı qarşıdan gələn seçki dəyişdirib?

Adının çəkilməsini istəməyən Konqres nümayəndələrindən biri deyib ki, sülh danışıqları barədə müzakirələrə başlanıb, amma Ağ Ev Bayden üçün siyasi riskdən çəkinərək mövqelərindən açıq şəkildə geri çəkilmək istəmir.

Politico-nun müsahibləri bildiriblər ki, Ukraynada strategiyanın dəyişdirilməsi ABŞ-da qarşıdan gələn prezident seçkisi ilə bağlıdır. Nəzərçarpacaq qələbəsi olmayan və həddən artıq uzanan münaqişə Co Baydenin təkrar seçilmək üçün kampaniyasını əngəlləyə, Donald Trampa üstünlük qazandıra bilər.

The New York Times qəzeti dekabrın 23-də Rusiyanın iki keçmiş vəzifəli məmuruna istinadla yazmışdı ki, Vladimir Putin 2023-cü ilin sentyabrından müxtəlif diplomatik kanallarla Ukraynada atəşin dayandırılmasına dair danışıqlara hazır olduğunu bildirir.

Lakin bu halda münaqişə hazırkı cəbhə xətti boyunca “dondurulmuş” mərhələyə keçəcək.

Kiyev Rusiya ilə danışıqların əsas şərti kimi Rusiya qoşunlarının Krım da daxil, bütün Ukrayna ərazisindən çıxarılmasını tələb edir.

XS
SM
MD
LG