Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:24

ABŞ Gürcüstana maliyyə yardımına fasilə verir


Antoni Blinken
Antoni Blinken

ABŞ hökuməti Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollarlıq yardımın çatdırılmasına fasilə verib.

Reuters agentliyinin yazdığına görə dövlət katibi Antoni Blinken deyib ki, bu, Gürcüstanda hakim partiyanın təşəbbüsü ilə “xarici təsirin şəffaflığı” adlı qanunun qəbul edilməsi ilə bağlıdır.

Xəbərdə deyilir ki, qərar iki ölkə arasında münasibətlərə yenidən baxıldıqdan sonra qəbul olunub.

ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinin hərəkətini “antidemokratik” adlandırıb.

Blinken bəyan edib ki, “Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO üzvlüyü ilə bir araya sığmır”.

Sözü gedən qanunun imzalanmasından bir neçə gün sonra ABŞ bildirmişdi ki, Gürcüstanın onlarca vətəndaşına qarşı viza qadağanları tətbiq ediləcək. Bunların əksəriyyəti hakim partiyadan olan deputatlar və hökumət nümayəndələridir.

Avropa da tədbirlər görür

Bundan əvvəl Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski demişdi ki, Aİ Gürcüstanın bloka inteqrasiyası prosesini dayandırıb və Gürcüstana ayrılmış 30 milyon avroluq yardımı dondurub.

Gürcüstan prezidenti Salome Zurabişvili bunu etməkdən imtina etdikdən sonra iyulun 4-də Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ziddiyyətli qanunu imzalayıb.

Bundan 20 gün sonra Avropa İttifaqının xarici siyasət komissarı Jozep Borrel demişdi ki, Aİ Gürcüstanla siyasi təmaslarının səviyyəsini endirəcək və Gürcüstana maliyyə yardımının verilib-verilməməsi barədə qərar çıxaracaq.

Hakim partiyanın məqsədi

Tənqidçilər bildirirlər ki, “Gürcü arzusu” partiyasının bu qanunun qəbulundan məqsədi qarşıdan gələn seçkilərədək hakimiyyətini möhkəmlətməkdir.

Bu qanuna görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Müxalifət bu qanunu “Rusiya qanunu” adlandırır. Rusiyada “xarici agent” qanunun qəbul edilməsi müxalifətin və müstəqil medianın daha sərt təqib olunmasına imkan vermiş, çoxsaylı cərimə həbslərə yol açmışdı.

XS
SM
MD
LG