Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:40

General Çini inandırırmış ki, ABŞ hücum etməyəcək


Mark Milli
Mark Milli

Trampın 2018-ci ildə vəzifəyə qoyduğu Milli Trampın prezident vəzifəsində keçirdiyi son həftələrdən qorxurmuş

ABŞ ordusunun baş generalı keçmiş Donald Trampın prezidentliyinin son həftələrində çinli həmkarına iki dəfə zəng edərək onu əmin edib ki, Birləşmiş Ştatlar sabitdir və hücuma hazırlaşmır. Bu haqda gələn həftə çıxacağı gözlənən kitaba istinadla sentyabrın 14-də xəbər yayılıb.

Baş Qərargahlar rəisi, general Mark Millinin ABŞ-da ötənilki prezident seçkisinə dörd gün qalmış və bu il yanvarın 8-də, Tramp tərəfdarlarının Kapitoliyə basqınından iki gün sonra çinli həmkarına zəng etdiyi bildirilir.

“Qorxu”

Trampın 2018-ci ildə vəzifəyə qoyduğu Milli Trampın prezident vəzifəsində keçirdiyi son həftələrdən qorxurmuş. “Washington Post”, AP, CNN sentyabrın 14-də “Peril” (“Qorxu”) adlı kitaba istinadla yazıblar.

Kitabda həmçinin Millinin həm də görünməmiş addım atdığı iddia olunur, o, Trampı nüvə zərbələrinə göstəriş vermək səlahiyyətindən gizlicə məhrum edibmiş. Kitabın müəllifləri “Washington Post”un veteran yazarları Bob VudvardRobert Kostadır.

Tramp ovaxtkı Baş prokuror Uilyam Barrı inandırmağa çalışırmış ki, 3 noyabr seçkisinin nəticələri oğurlanıb. Kitabda keçmiş prezidentin hakimiyyətdə qalmaq üçün seçkinin nəticəsinə ləğv elətdirməyə yönəlik cəhdləri təsvir olunur.

Zənglər

Milli Çin generalı Li Zuiçenqə oktyabrın 30-da zəng edərək onu əmin edib ki, “Amerika hökuməti sabitdir və hər şey yaxşı olacaq”, – kitab haqda xəbərlərdə deyilir.

“Hücum etməli olsaq, sizə öncədən zəng edəcəyəm. Sürpriz olmayacaq”, – Milli guya belə deyib.

Kapitoliya basqından sonra Pekinlə təkrar kontakt yaradan Milli Liyə deyib: “100 faiz möhkəmik. Hər şey yaxşıdır. Amma demokratiya bəzən enişli-yoxuşlu ola bilər”. Bunu “AP” yazır.

Tramp isə sentyabrın 14-də “Newsmax”ə müsahibəsində deyib ki, Millinin hücum öncəsi Çinə məsləhət vermək istəməsinə inanmaq çətindir, bu “xəyanət” olardı. O, Çinə heç vaxt hücum etmək haqda düşünmədiyini vurğulayıb.

“Onun mənim Çinə hücum etmək istədiyimi deməsi indiyədək eşitdiyim ən gülünc şeydir”, – keçmiş respublikaçı prezident söyləyib.

Reaksiyalar

Floridadan respublikaçı senator Marko Rubio sentyabrın 14-də Prezident Co Baydenə məktub göndərərək onu Millini işdən çıxarmağa çağırıb. Senatorun fikrincə, general öz vəzifəsinə zərbə vurub, potensial silahlı münaqişə öncəsi Çin Kommunist Partiyasına xəyanətkarcasına gizli informasiya ötürməyi nəzərdən keçirib.

Texasdan respublikaçı senator Ted Kruz məlumatları “həddən artıq narahatedici” adlandırıb. Onun sözlərinə görə, məlumatlar dəqiqdirsə, bu, komandanlıq zəncirinin kobud şəkildə pozulmasıdır: “Məncə, ilk addım olaraq General Milli konkret nə dediyi haqda sualı cavablandırmalıdır”.

“Reuters” Millinin ofisinin çərh vermədiyini yazır.

İllinoysdan demokrat senator Dik Durbin isə deyib ki, demokrat koqresmenlıərin çoxu Millinin “istənilən an baş verə biləcəyini bildiyimiz fəlakəti önləyə biləcəyinə etibar etdiklərini” aydın şəkildə bildiriblər.

XS
SM
MD
LG