Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:39

ABŞ qanunvericiləri neft şirkətlərinin hələ də Rusiyada fəaliyyət göstərməsini sual altına qoyub


"Schlumberger"
"Schlumberger"

ABŞ Konqresinin 50-dən çox üzvü hökumətə məktub ünvanlayıb. Konqresmenlər Rusiya neftinə sanksiyaları sərtləşdirməyə çağıran konqresmenlər ABŞ-də yerləşən "Schlumberger" şirkətinin nədən, istisna hal kimi, Rusiyada fəaliyyətini davam etdirdiyini soruşublar.

Demokratlar Partiyasının Texas və Massaçusets statlarından olan nümayəndələri, uyğun olaraq, Lloyd Doqqett (Lloyd Doggett) və Ceyk Oçinkloss (Jake Auchincloss) oktyabrın 21-də Konqresin digər 50 üzvüylə birgə məktubu imzaladıqlarını söyləyiblər. Məktuba əsasən, sözügedən istisna "Schlumberger" şirkətinə "Putinin əlbiri" kimi xidmət göstərməyə imkan verir, - Doqqettin ofisinin məlumatında belə deyilir.

Maliyyə naziri Canet Yellen (Janet Yellen) və dövlət katibi Antoni Blinkenə (Antony Blinken) ünvanlanan və 52 konqresmenin imzaladığı məktubda deyilir ki, Kreml 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə başlayandan sonra "Schlumberger" şirkəti yeni sazişlər imzalayaraq yüzlərlə əməkdaş işə götürüb və Rusiyaya təxminən 18 milyon dollar dəyərində avadanlıq göndərib.

"ABŞ-də yerləşən neft şirkəti Putinin savaş maşınının Ukraynadakı quldurca hərbi müdaxiləsini maliyyələşdirməyə davam edir. Sizi Putinin qazancını effektiv şəkildə məhdudlaşdırmaq üçün daha sərt neft sanksiyaları tətbiq etməklə ukraynalı müttəfiqlərimizə dəstəyi davam etdirməyə çağırırıq", - məktubda belə deyilir.

Oçinkloss deyib ki, neft Rusiyanın savaş iqtisadiyyatının olduqca önəmli bir hissəsidir. Bu üzdən, Qərb neftə sanksiyalarını sərtləşdirməlidir.

"Rosneft" şirkətinin törəmə müəssisəsi olan Novokuibışevsk Neft Emalı Zavodu
"Rosneft" şirkətinin törəmə müəssisəsi olan Novokuibışevsk Neft Emalı Zavodu

""Schlumberger" və onunla əlbir olanların məsuliyyətə cəlb edilməsi…"

"Bu, müttəfiqlərin birgə sanksiyalarından yayınan, insanların əzabları bahasına gəlir götürən və Putinin müharibəni sürdürmək qabiliyyətinə güc verən "Schlumberger" və onunla əlbir olanların məsuliyyətə cəlb edilməsi ilə başlanacaq", - Oçinklossun sözləridir.

Müharibə başlanandan sonra ABŞ və Aİ rəsmi Moskvanın enerji gəlirlərini kəsməkdən ötrü sanksiyalardan yararlanır. Neft sahəsində çalışan bir neçə şirkət Rusiyanı tərk etməyə vadar edilsə də, "Schlumberger" öz fəaliyyətini davam etdirib.

Qanunvericilərin sözlərinə görə, dünyanın neftlə təminatında Rusiyanın payından agah olsalar da, həmin ölkənin Qərb texnologiyalarından və bu sahədəki biliklərdən faydalanması "onun neft və qaz sahələrinin Qərb sanksiyalarına qarşı dözümlüyünü və qanunsuz hərbi müdaxiləni maliyyələşdirmə imkanlarını artırır".

Maliyyə Nazirliyi məktuba cavabında bildirib ki, "Kremlin gəlirlərini azaldan və Rusiya savaş maşınının işini çətinləşdirən bütün alətlərimizdən yararlanmaq niyyətindəyik".

Nazirliyin sözçüsünə dayanan "Reuters" bildirib ki, ABŞ şirkətlərinə Rusiyada hər hansı yeni investisiya yatırmaq yasaqdır. Üstəlik, ABŞ yurisdiksiyası altındakı şirkətlərə qarşı bütün sanksiyaların tətbiqi planlaşdırılır.

"Schlumberger" AzadlıqRadiosunun şərhlə bağlı sorğusuna hələ cavab verməyib.

XS
SM
MD
LG