Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:38

Polis dindarların aksiyasına mane olub


Abbas Hüseynovun yaxınları etiraz aksiyası keçirmək istəyib. 09aug2017
Abbas Hüseynovun yaxınları etiraz aksiyası keçirmək istəyib. 09aug2017

"Müsəlman Birliyi" Hərəkatının fəalı Abbas Hüseynovun vəkili vasitəsi ilə Qobustan Qapalı Həbsxanasında işgəncələrə məruz qaldığını açıqlamasından sonra, bu gün, avqustun 9-da bir qrup dindar etiraz aksiyası keçirməyə cəhd göstərib.

Penitensiar xidmətin qarşısında polis əməkdaşları və mülki geyimli şəxslər aksiya iştirakçılarını dağıdıb. Jurnalistlərin bilgi toplamasına, çəkiliş aparmasına da maneçilik yaradılıb.

A.Hüseynovun bacısı Yasəmən Hüseynova aksiyanın qarşısı alındıqdan sonra jurnalistlərə deyib ki, sonuncu dəfə doğmaları qardaşı ilə telefonla iyulun 17-də danışıblar. İyulun 20-də Apellyasiya Məhkəməsinin iclasından sonra onunla heç bir əlaqə olmayıb. Doğmaları onun səhhəti ilə bağlı narahatdır.

Buna da bax:​ Vəkil: 'Abbas Hüseynov çətinliklə yeriyir...'

Y. Hüseynova bildirib ki, hələ ibtidai istintaq dövründə A.Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində amansız işgəncələrə məruz qalıb. Onun başında şiş əmələ gəlib.

"Görünür, bu, onlara az görünüb və Abbasa həbsdə də işgəncə verməyə davam edirlər", - o bildirib.

Dünən, avqustun 8-də “Nardaran işi” üzrə vəkillərdən Yalçın İmanov Qobustan qapalı Həbsxanasında A.Hüseynovla görüşüb. Görüşdə A.Hüseynov vəkilinə deyib ki, əsasız yerə ardıcıl “kars”a salınıb. Ona davamlı işgəncələr verilib. Hətta məhbus vurğulayıb ki, onu “çarmıxa” bağlayıblar.

A.Hüseynovun konkret işgəncə şikayətinə, hələlik, Qobustan Qapalı Həbsxanasının rəisindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq qurumun mətbuat xidmətindən «Turan» agentliyinə bildiriblər ki, dünən, avqustun 8-də T.Bağırovun işgəncəyə məruz qalması ilə bağlı iddialara verdikləri cavab bu məsələyə də aydınlıq gətirə bilər.

Buna da bax: Nardaranda əməliyyat keçirilən evin sahibi xərəkdə məhkəmə qarşısına çıxarılır

Həmin açıqlamada qeyd edilirdi ki, T.Bağırovun işgəncəyə və qeyri-insani rəftara məruz qalması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur:

«O, hüquqlarını müdafiə edən vəkili və ailə üzvləri ilə görüş imkanına malikdir. Şəxsi təhlükəsizlik hüququ qanunvericiliyə uyğun tam təmin olunur. Səhhətində problemlər mövcud deyil, qeyri-qanuni hərəkətlərə və ya pis rəftara məruz qalmayıb. Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaradırlar. Bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər».

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ Taleh Bağırov: 'Yaxşıyam, narahatçılığa ehtiyac yoxdur'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Buna da bax:​ 'Nardaran işi': 'Kim gedib polisin əlindən zorla adam ala bilər?'

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG