Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Mətləb Muxtarov. Sevgi şeiri


Tanımadığım qızın gözlərinə xitabən...

Tanrının əlləri boğur ikimizi.
Nəfəs almaq yox oluşun əlamətidir.
Bir müddətlik yay tətili bizi,
Dünya deyilən kəndə gətirib.
Saman tayası yanında,
ocaq qalayıb yaşamaqdır-xoşbəxtlik.
Dünya-bileti tapılmayan tamaşa.
Bədbəxtlik,
bizlərdən öncə baxıblar epiloqa.
Sol əlimdə qışın soyuğundan
büzüşən körpə kimi vərəqlər.
Sağ əlimdə qələm tutardım,
solaxay olmasaydım.
Əgər ayrılıq rəmzidirsə,
sarı güllər...
Qovuşdurmaq üçün yaranıb,
sarı taksilər...
Hardasansa tez gəl,
gecikirsən, gecikirəm .


Tər Qoxulu Pullar

Puldan gələn tər qoxusu,
Sevir məni qadın kimi.
Qəpyin boğuq səsi,
Dəmir əllərdə əks-səda.
Qəpiyin diyirlənməsi
yolu keçen piyada.
Dariəvi addımlarla
Mərkəzi tapan qəpik.
Yaylığa dönmüş kağız pullar,
göz yaşı silmək üçün.
Kağıza dönmüş aciz qullar,
qəpiyə gülmək üçün.
Güllələmək üçün,
varlı yoxsullar cərgə yaradıb.
"Yaşamaq üçün balansınızda pul yoxdur",
deyən kişi.
Dəmir barmaqlarında təsbeh kimi,
məni oynadır.
Bəlkə səni oynadır?
Gülür fahişə gülüşü ilə.
Dırnağımı çeynəyərək,
vuruşuram o kişiylə.
Yanağımdan öpən fahişə,
"Sevişirəm o kişiylə" deyib,
Məni qucaqlayır.
Dodağımı dodaqları varağlıyır.
Nəfəsində pul qoxusu,
Gözlərindən baxır mənə həmin kişi,
Gülür mənə,
Deyir mənə :
"Sevir məni puldan gələn tər qoxusu"


Ölümdən Öncəki Öhdəliklər

Ölümümdən 15 dəqiqə öncə
çəkdiyim siqaretin kötüyü.
Məndən yadigar qalacaq külqabıya.
Bəlkə anam qoruyub saxlayacaq onu,
bəlkədə atacaq zibilqabıya.
Nənələr nəvələri çox sevərlər amma,
qanunsuz doğulmuş körpə kimidir siqaretim.
Məni bağışlasın anam və mentalitetim.
Çünki körpəmə yaxşı ata olmaq
ümidi ilə ümidlənmişdim.
Ölümümdən 15 dəqiqə öncə...


Sevgi Şeiri

Məğlub olmuş və 20 % torpağı,
İşğal altında olan xalqın şairi,
nə haqla yazır sevgi şeiri ?
Utanmaq- tərbiyənin bir növüdür,
amma şairlər tərbiyəsiz olurlar...
Bunu mən demirəm,
şeirim söyləyir...

Sevgi yaşamadan,
sevgi şeirləri yazmaq.
Əsgərlik çəkmədən,
vətənpərvərlik kimidir.
Dağın başında,
ayaqların dona-dona,
yəmək gözləməkdir,əsgərlik.
Qardaşım, nə vətənpərvərlik?
Nə vətənə sevgi?
Nə dövlətə vergi?
şüarlardır sizi alovlandıran.
Şüalardır məni yandıran.
Günəşin şüaları...
Gün düşməyən yerlərdir vətən.
məsələn:
Murovun qarlı aşırımları,
Şahdağın sıldırımları,
Xəzərə tökülən kanalizasiya suları.
Vətən budur.
Sevin buları.

Məğlub olmuş ve 20 % torpağı,
işğal altında olan xalqın şairi,
yazmalıdır sevgi şeiri.
Vətənə sevgi...
XS
SM
MD
LG