Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:34

Nizami Gəncəvi. Leyli və Məcnun (51)


əvvəli

İBN-SƏLAMIN DASTANI


Məna dənizinin qəvvası insan
Səpmiş bu şəkəri dodaqlarından:
Nofəlin qələbə çaldığı gündə
Şadlandı Leylinin qəlbi köksündə.
Qəlbə işıq saçan o gözəl nigar
Dedi: "Sevin, Leyli, qalib çıxdı yar..."
Bu zaman atası gəldi vüqarla,
Güldü bığ altından o, iftixarla,
Öz əmmaməsini kəc qoyub haman,
Dil açıb dəm vurdu dilbazlığından:
"Bu gün hiylə töküb tor quraraq mən
Qurtardım yaxamı o divanədən.
Verdim cavabını dönməz bir üzlə,
Onu suya verdim quruca sözlə.
Bu tanrı vergisi dilimə görə
O allah qarğamış Nofəl bilmərrə
Əl çəkdi fikrindən, o xam xəyaldan,
Öz tamah dişini çəkdi visaldan.
Allaha şükür ki, qurtardıq ondan,
Onun da payını versin yaradan".
Leyli eşitdikcə bu hekayəti
Gözündə çağladı can şikayəti...
Çadırda gizləndi o dərdli pəri,
Qan sıxıb, qan tökdü ağlar gözləri.
Gözlərindən axan o qanlı yaşlar
Keçdiyi yollarda qoymadı qubar.
Bilincə itmişdir yenə o baxtsız,
Əlini, qolunu dişləyirdi qız.
Saf qan axıdırdı gözündən mələk,
Bu sudan özünə zinət verərək.
Nərgislə suvardı qız ərğəvanı93,
Hovuza batırdı o, xeyzəranı.
Onun nə hal duyan bir kəsi vardı,
Nə bir dost dərdinə çarə tapardı.
Qapını, bacanı bağlayıb möhkəm,
Dustaq ilan kimi yaşardı sənəm.
Yalnız, qapısından əsən küləklər
Ətrindən hər yana verirdi xəbər.
Adlı adamlar da evlənək deyə,
Elçi göndərirdi hər gün Leyliyə.
Hamısı dəm vurub öz dövlətindən,
Ər olmaq istərdi ona hər yetən.
O dürrün dalınca hey mahal-mahal
Düşmüşdü ortaya minlərlə dəllal.
Birinin o bala iştahı vardı,
Başqası o taxta əl uzadardı.
Atası qızını tutub ürəkdə,
Onu inci kimi saxlardı bərkdə.
Kamala yetişmiş o gümüşbədən
Şüşəni gözlərdi daşdan, küləkdən.
Yüz min ehtiyatla yeyirdi dildar,
Qəlbini gizlincə, şərabı aşkar.
Şam kimi gülərək, qızarsa da qız,
Bu gülüş altında yanardı yalnız
Gül kimi iki lay kəmərli müdam
Ayağında nizə, əllərində şam.
Bütün möhnətlərə o dözə-dözə,
Çəkdiyi ağrını vurmazdı üzə.
Ulduzlar içində bir ay durmuşdu,
Çadrına yüz Zöhrə halqa vurmuşdu.

davamı
XS
SM
MD
LG