Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:43

Seçki variasiyaları...


Hakimiyyətin seçkidə alternativ problemi olmayacaq
Hakimiyyətin seçkidə alternativ problemi olmayacaq

Bir neçə gün idi ki, prezident seçkisi ilə bağlı əsl hüquqi qeyri-müəyyənlik yaranmışdı. Yeni Seçki Məcəlləsi təsdiq edilmədiyindən köhnəsi qüvvədə qalırdı. Köhnə Məcəlləyə görə isə artıq seçki prosesi başlamalı idi. İyunun 23-ü qeyri–müəyyənlik aradan götürüldü və yeni Məcəllə təsdiq edildi. Bununla Məcəlləyə yenidən baxılacağı haqqında ümidlərə də son qoyuldu.


Bəzi partiyalar yeni Seçki Məcəlləsi təsdiq edilənə qədər seçkidə iştirak etmək haqqında qərarlarını açıqlamamaq niyyətində idilər. Amma indi aydın olur ki, Məcəllənin təkmilləşməsi növbəti seçkiyə qaldı. İndi həmin partiyalar ya bu seçkidə iştirak etməli, ya da növbəti seçkilərə hazırlaşmalıdırlar.


Elə hər bir seçkini irəliyə doğru böyük addım hesab edən beynəlxalq təşkilatların ekspertlərinin təklifləri də ancaq növbəti seçkiyə hazırlıq zamanı dinləniləcək. Beləcə, seçki islahatları bir seçki dövründən o birisinə ötürülür və bu, hər seçki vaxtı təkrarlanan siyasi taktikaya çevrilir, təcrübə və reallıq isə vəziyyətin yaxşılaşmaq əvəzinə pisləşdiyini deməyə əsas verir.


Artıq Azərbaycan 17 ildir ki, müstəqillik əldə edib. Milli seçkilərin tarixi də təxminən bu qədərdir. Bu müddət ərzində beş prezident, üç parlament seçkisi keçirilib. Amma ölkədə hələ də keçid demokratiyasının davam etdiyi iddia edilir. Amma 17 il keçid üçün bir o qədər də az vaxt deyil. Keçid məfhumu indi yeni anlayışlarla - «suveren demokratiya», «məsuliyyətli demokratiya» kimi anlayışlarla əvəz olunur, «milli mentalitetə və arxetiplərə söykənən demokratiya»dan söhbət açılır. Bütün bunlar demokratik prosesin ləngliyini və geriləmələrini pərdələmək məqsədi daşıyır. Gerilik isə təkcə siyasi institutlara seçkilərlə bağlı baş vermir. Ölkədə ömürlük vəzifə və postların sayı artır. Siyasi partiyalarda rəhbərlər demək olar ki, dəyişmir. Hətta seçkidən hamıdan çox danışan və yazan jurnalistlər belə bu günlərdə özlərini bu tendensiyadan sığortalaya bilmədilər – Mətbuat Şurasında sədrlik müddəti iki ildən dörd ilə qədər artırıldı, iki dəfə seçilmək haqqındakı məhdudiyyət götürüldü. Bunlar Azərbaycanda seçki anlayışının özünəməxsus variasiyalarıdır.



Əgər iki–üç müxalifət qəzeti olmasa, bu ölkədə insanları müxalifət partiyalarının mövcudluğuna inandırmaq xeyli çətin olar. Partiyalar yeni fəaliyyət mexanizmləri tapmalıdırlar. Amma bu istiqamətdə tam məchulluq hökm sürür. Həm belə imkanları aramaq meyli yoxdur, həm də bunun üçün zəruri olan şərait

Bəs bundan sonra nə baş verəcək? Siyasi partiyalar hansı qərarı qəbul edəcəklər? Prinsipcə, hələ bir qədər də vaxt var. Partiyalar seçki prosesi başlanana qədər qərarlarını yubada bilərlər. Amma məsələ bunda deyil. Hakim partiya demək olar ki, əsas məqsədinə nail olub. Bu da seçkiyə marağın azalmasıdır. İndi cəmiyyəti seçkidən çox, seçkidən sonrakı dövr maraqlandırır. Artıq seçkidən sonra növbəti bahalaşmanın baş verəcəyi haqqında söhbətlər gəzir. Bu, insanları daha çox düşündürür. Seçki isə getdikcə formal siyasi rituala çevrilir.


Siyasi partiyalar bu vəziyyəti dəyişmək iqtidarında deyillər. Onlar sözün əsl mənasında fəaliyyət böhranı yaşayırlar. Əgər iki–üç müxalifət qəzeti olmasa, bu ölkədə insanları müxalifət partiyalarının mövcudluğuna inandırmaq xeyli çətin olar. Partiyalar yeni fəaliyyət mexanizmləri tapmalıdırlar. Amma bu istiqamətdə tam məchulluq hökm sürür. Həm belə imkanları aramaq meyli yoxdur, həm də bunun üçün zəruri olan şərait. Böhran daha çox ənənəvi, klassik müxalifət partiyaları üçün xarakterikdir. Elə seçkidə iştirak etməklə bağlı tərəddüd yaşayan da onlardır. Digər kiçik partiyaların belə problemi yoxdur. Bu partiyalar ictimai dəstəyə bir o qədər də ehtiyac duymurlar. Hakim partiya ilə münasibətlər onlar üçün daha önəmlidir. Elə hakim partiya da seçkidə bu partiyaların iştirakına ümid bəsləyir. Artıq bir neçə kiçik partiya seçkidə iştirak edəcəyini bəyan edib. Bütün bunlar isə seçkini boykot ehtimalının çox az olmasını deməyə əsas verir. Ənənəvi partiyaların yoxluğunu kiçik partiyaların bolluğu kompensasiya etmək iqtidarındadır. Üstəlik, bəzi müstəqil namizədlər də seçkidə iştirak etmək əzmindədir. Bu isə o deməkdir ki, hakimiyyətin seçkidə alternativ problemi olmayacaq. Əslində hakim partiya heç ənənəvi müxalifətin seçkiyə qatılmasını da istəmir. Çünki ənənəvi müxalifət kiçik seçki faizləri ilə razılaşmır, seçkinin nəticələrini tanımır. Kiçik partiyaların liderləri ilə bağlı isə belə bir problem yoxdur. Onlar artıq indidən seçkidə hakim partiyanın nümayəndəsinin ən çox şansı olduğunu etiraf edirlər.


XS
SM
MD
LG