Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:23

Cənubi Qafqazdakı seçkilər beynəlxalq müstəvidə


Parlament seçkisinin nəticələrinə etiraz edən müxalifətin aksiyası. Tbilisi, 26 May 2008
Parlament seçkisinin nəticələrinə etiraz edən müxalifətin aksiyası. Tbilisi, 26 May 2008

Cənubi Qafqaz 2008-ci ildə bir neçə seçki yaşayır. Deməli, bu il seçki texnoloqları üçün müqayisə aparmağa bir xeyli mövzu var. İndi Gürcüstandakı parlament seçkisinin nəticələri diqqət mərkəzindədir. Amma müqayisəli politologiya baxımından proses hələ tam araşdırılmayıb. Bunun üçün Azərbaycandakı prezident seçkisi də başa çatmalıdır. Ancaq bundan sonra hər üç respublikadakı seçkiləri araşdıraraq müəyyən nəticələrə gəlmək olar.


Hələlik isə nəticələr qismən məlumdur. Ermənistandakı seçkiləri Rusiya istisna olunmaqla heç kim demokratik hesab etmədi. Bu respublikada narazılıq dalğası davam edir. Amma siyasi məntiq baxımından burada maraqlı hadisə baş verdi – ölkə müxalifəti seçkidən güclənərək çıxdı. Seçki ərəfəsindəki müxalifət və seçkidən sonrakı müxalifət arasında hiss olunacaq dərəcədə fərq var.


Gürcüstan 2008-ci ildə iki seçkini başa vurdu. Hər iki seçkinin nəticələri ölkədə narazılıqla qarşılandı. Amma Ermənistandan fərqli olaraq Gürcüstandakı seçkilər beynəlxalq dairələrin daha az qınağına səbəb oldu.



Gürcüstanda seçki zəminində siyasi qarşıdurmanı proqnozlaşdıranlar da var. Amma prezident seçkisinin təcrübəsi bunun bir o qədər böyük ehtimal kəsb etmədiyini deməyə əsas verir

İndi Gürcüstanda parlament seçkisi başa çatıb. Müxalifət yenə də narazıdır, seçkinin nəticəsini tanımaq istəmir. Amma ekspertlər M. Saakaşvilinin indiki qələbəsini daha məntiqli hesab edirlər. Onların fikrincə, Rusiyanın təzyiqləri Gürcüstan cəmiyyətini daha da birləşdirdi və beləliklə, hakim Vahid Milli Hərəkat Partiyası seçicilərin səslərinin əksəriyyətini qazanmış oldu.


Müxalifət isə bununla barışmaq istəmir. Gürcüstanda seçki zəminində siyasi qarşıdurmanı proqnozlaşdıranlar da var. Amma prezident seçkisinin təcrübəsi bunun bir o qədər böyük ehtimal kəsb etmədiyini deməyə əsas verir.


Seçki prosesi hər üç respublika üçün politoloji test deməkdir. Amma əvvəlki illərdən fərqli olaraq respublikalarda bu yanaşma rəsmi səviyyədə inkar olunmağa, «ayrılıqda götürülmüş ölkədə seçki» yanaşması daha çox üstünlük kəsb etməyə başlayır. Bu yanaşmanın ən çox təzahür etdiyi ölkə Ermənistandır. Heç kim Ermənistanın beynəlxalq qınağa bu qədər biganə qalacağını güman etmirdi. Amma bu, baş verdi və indi həmin təcrübə çox pis örnək kimi mövcud olmaqdadır. Digər iki respublika da Ermənistandakı proseslərə beynəlxalq münasibəti izləyirdi. Bu münasibətin zəifliyi və kəsərli olmaması başqa respublikalar üçün arzuolunmaz presedent yaratmaq iqtidarındadır. Gürcüstan artıq seçkini başa vurub. Burada seçki mövzusu daha çox hakimiyyət-müxalifət diskussiyasının predmetidir. Güman etmək olar ki, beynəlxalq dairələrin münasibətində kəskin dəyişiklik müşahidə olunmayacaq. Amma Azərbaycanda seçki hələ oktyabr ayında olacaq.


Artıq indidən beynəlxalq qiymətə və nəzarətə şübhə ilə yanaşılır. Dövlət rəsmiləri ölkənin suveren dövlət olmasını tez-tez xatırlatmağı sevirlər.


«Suveren demokratiya» məfhumu Azərbaycana da yol açır. Əvvəllər «məsuliyyətli demokratiya» anlayışına siyasi gündəmdə daha çox təsadüf etmək olardı. Amma indi vurğular dəyişir. Seçki də digər siyasi azadlıqlar kimi suveren dövlətin daxili işi hesab edilir. İnsan haqlarına və azadlıqlarına beynəlxalq nəzarət mexanizmləri tədricən unudulur və unutdurulur. İndi beynəlxalq müstəvidə Azərbaycan yeni imiclə tanınmaq istəyir-bu da «mühüm enerji dövləti» imicidir.


Hətta belə fikirlər səslənir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində ən mühüm rol oynayan dövlətdir. Beləcə, Cənubi Qafqaz respublikalarından biri beynəlxalq müstəvidə özü üçün xüsusi status – «mühüm enerji dövləti» statusunu təsbit etməyə cəhd göstərir. Ümid edilir ki, belə dövlətdə demokratiyanın, insan haqlarının və azadlıqlarının vəziyyəti müzakirə predmeti olmamalıdır. Faktiki olaraq Azərbaycan neftlə zəngin ərəb ölkələrinin statusuna iddia edir. Sonuncu ölkələrdə insan haqları və demokratiya çox acınacaqlı vəziyyətdədir, amma zəngin neft ehtiyatları buna göz yummağa vadar edir. Amma bu ölkələrdə heç olmasa insanların sosial vəziyyəti qənaətbəxşdir. Azərbaycan haqqında isə bunu demək olmur. Ölkədəki ağır sosial duruma və işsizliyə baxmayaraq neft gəlirləri investisiya formasında başqa ölkələrə yatırılır. Azərbaycan isə gözləyir. Amma 2008-ci ilin prezident seçkisini gözləyənlərin sayı çox azdır.


XS
SM
MD
LG