Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:21

Seçkidə iştirak tərəfdarlarının arqumentləri tükənir?


Yaranmış vəziyyəti müxalifət üçün siyasi böhran dövrü kimi də səciyyələndirmək olar
Yaranmış vəziyyəti müxalifət üçün siyasi böhran dövrü kimi də səciyyələndirmək olar

Seçki Məcəlləsinə (SM) təklif olunan son dəyişikliklər bütün siyasi mühitin həqiqi təəccübünə səbəb oldu. Bu vaxta qədər daxili bir inam var idi ki, seçkidə ən azı təbliğatla məşğul olmaq, ictimaiyyətlə itirilmiş sosial kommunikasiyaları bərpa etmək mümkün olacaq. Amma son təkliflər bu imkanların da kəskin şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur. Belə vəziyyət isə bütün halda seçkidə iştirak etmək tərəfdarı olan müxalifətin siyasi arqumentlərini demək olar ki, xeyli zəiflədir.


Bəzi detallar var ki, onlar ilk baxışda təkliflərin rasional mahiyyət daşıması təəssüratını yaradır. Seçki kampaniyasının müddəti və təbliğat mərhələsi bütün siyasi düşərgə üçün azaldılır. Üstəlik, seçki prosesi böyük maliyyə məsrəfləri tələb edir və elə bu səbəbdən onun müddətinin qısaldılması iqtisadi baxımdan düzgün addımdır. Bütün bunları sözsüz ki, inkar etmək olmaz. Burada müəyyən həqiqət var. Amma bu ixtisardan ziyan ilk növbədə müxalifət partiyalarına dəyəcək. Məsələ bundadır ki, hakim siyasi partiyanın nə seçki kampaniyasına, nə də təbliğat mərhələsinə ehtiyacı yoxdur. Hakim partiyanın təbliğatı bütün dövr ərzində aparılır, onun təbliğat imkanları ilə heç bir müxalifət partiyası rəqabət apara bilməz. Məsələnin maliyyə tərəfinə gəldikdə isə seçki, xüsusən də prezident seçkisi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın indiki iqtisadi vəziyyətində bir neçə aylıq seçki prosesini maliyyələşdirmək o qədər də böyük problem deyil. 1993-cü, 1998-ci və 2003-cü illərin prezident seçkisi zamanı ölkənin iqtisadi vəziyyəti indikindən qat–qat ağır idi. Amma buna baxmayaraq seçki prosesinin müddəti qısaldılmamışdı.



Yaranmış vəziyyəti müxalifət partiyaları üçün siyasi böhran dövrü kimi də səciyyələndirmək olar. Getdikcə unudulan, öz siyasi fəaliyyətində dönüş yarada bilməyən müxalifət bir amil kimi siyasi səhnəni tərk etmək halındadır

Nəzəri baxımdan seçki fəaliyyəti siyasi partiyaların əsas işi olmalıdır. Bir seçki qurtarandan dərhal sonra partiya o biri seçkiyə hazırlaşmalıdır. Bu baxımdan əgər Azərbaycanda tam demokratik siyasi mühit olsaydı, təklif olunan zaman ixtisarlarını təbii qəbul etmək olardı. Amma belə bir mühit olmadığından müxalifət partiyaları haqlı olaraq seçki prosesinin müddətinin qısaldılmasından narazılıq edirlər. Müxalifət partiyalarının bütün təbliğat imkanları bir–iki qəzetlə məhdudlaşır. Bu qəzetlərin yayım dairəsi isə çox məhduddur, tirajları azdır. Müxalifət partiyaları seçki dövründə alternativ siyasi təbliğat imkanlarından yararlanacağını güman edirdi. Amma indi bu gümanların əsassız olduğu məlum olur.


Seçkiyə münasibətdə boykot, aktiv boykot və iştirak tərəfdarlarına bölünmüş müxalifət bundan sonra nə edəcək? Seçkiyə münasibətdə hansı mövqe üstünlük təşkil edəcək? Bütün bu sualların cavabını indi vermək mümkün deyil. Ümid edilir ki, parlamentdə müzakirələr zamanı müəyyən güzəştlər olacaq, ola bilsin, hansısa optimal müddətlər təsdiq olunacaq. Amma son illərin parlament təcrübəsi göstərir ki, müzakirəyə verilmiş təkliflər demək olar ki, olduğu kimi, dəyişilmədən qəbul olunur.


Son təklifləri ölkədə siyasi mübarizənin bitməsi kimi qiymətləndirənlər də var. Sözsüz ki, yaranmış vəziyyət boykot və aktiv boykot tərəfdarlarının mövqeyini gücləndirir. Amma bu da çıxış yolu deyil. Bir seçkini inkar edib, başqa seçkidə iştirak etmək də o qədər rasional addım deyil. 2010-cu ildə parlament seçkisi olacaq. Bəs həmin vaxt müxalifət partiyaları nə edəcəklər?



İndi bəzi partiyalar 2008-ci ilin prezident seçkisində iştirak etmək əvəzinə 2010-cu ilin parlament seçkinə hazırlaşmağı daha məqsədəuyğun hesab edirlər. Amma bir detal unudulur ki, indi Azərbaycanda ümumiyyətlə seçki deyilən demokratik prosedurun taleyi həll olunur. Çox güman ki, gələcəkdə məhdudiyyətlər bütün səviyyəli seçkilərə şamil ediləcək.


Yaranmış vəziyyəti müxalifət partiyaları üçün siyasi böhran dövrü kimi də səciyyələndirmək olar. Getdikcə unudulan, öz siyasi fəaliyyətində dönüş yarada bilməyən müxalifət bir amil kimi siyasi səhnəni tərk etmək halındadır. Seçki dövrü müxalifət üçün bir dirçəliş mərhələsi ola bilərdi və bir çoxları da məhz buna ümid edirdilər. Amma bu ümidlər də tükənir. Mətbuatda ara-sıra çıxış etmək və seçki vaxtı verilən təbliğat imkanlarından istifadə edərək nəsə demək – artıq bu üsullar müxalifəti siyasi gündəmdə saxlaya bilmir. Azərbaycanda siyasi partiyalar əsl böhran yaşayırlar. Bu böhrandan çıxış yolu isə görünmür.


XS
SM
MD
LG