Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Vəkili Fərhad Əliyevin aclığa başladığını deyir


«Artıq məni ölümlə üz-üzə qoyublar»
«Artıq məni ölümlə üz-üzə qoyublar»

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev iki günlük aclıq aksiyasına başlayıb. Xəbəri «Azadlıq» radiosuna Əliyevin vəkili Elton Quliyev verib.


Quliyevin sözlərinə görə, yanvarın 31-də eks-nazirlə görüşündə o, bununla bağlı bəyanatını ictimaiyyətə çatdırmasını vəkildən xahiş edib. Bəyanatda Əliyev deyir ki, 2005-ci il oktyabrın 19-da uydurma dövlət çevrilişi ittihamı ilə həbs edilib.


Sabiq nazir barəsində sifarişli hökm çıxarıldığını bildirir: «Məni öz iradələrinə tabe etdirə bilməyib fiziki cəhətdən məhv edəcəklərilə hədələdilər».


Sabiq nazir müraciətində saxlanma şəraitindən də narazılıq edir: «Məni ləyaqətsiz şəraitdə, divarları və döşəməsi betondan olan, havasız, təbii işıq düşməyən, darısqal, nəm və soyuq kamerada saxlayıblar. Hələ həbsdən çox əvvəl əziyyət çəkdiyim ürək xəstəliyindən müalicə olunmağıma imkan vermirlər. Əksinə xəstəliyimin daha da ağırlaşmasına çalışırlar. Artıq məni ölümlə üz-üzə qoyublar».


F.Əliyev bütün bunlara etiraz olaraq 48 saat müddətində aclıq aksiyasına başladığını bildirir: «Öz həkimim, yaxud başqa həkimlər tərəfindən, amma vəkillərimin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəm üçün şərait yaradılmasını tələb edirəm. Qısa müddət ərzində bunu etməzlərsə, fasiləsiz aclığa başlayacağam».


MTN-in Mətbuat Xidmətinin rəhbəri Arif Babayev isə «Azadlıq» radiosuna deyir ki, F.Əliyevin aclıq aksiyası ilə bağlı onlarda heç bir məlumat yoxdur. Babayev sabiq nazirin saxlanma şəraitinin bütün standartlara cavab verdiyini də bildirir.


Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum olunub. 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamıyla həbsə alınan sabiq nazir sonradan müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinib.


XS
SM
MD
LG