Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:33

«Hakimiyyət jurnalistikanın problemini həll etməyin yolunu bilir»


«Hökumətin ən böyük köməyi o ola bilər ki, jurnalistikaya özünə gəlmək üçün vaxt versin»
«Hökumətin ən böyük köməyi o ola bilər ki, jurnalistikaya özünə gəlmək üçün vaxt versin»

«Azərbaycan hakimiyyəti jurnalistikanın problemini necə həll etməyin yolunu bilir. Çünki bunu daha əvvəl ediblər. İstəsələr yenə də edə bilərlər».


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycanda jurnalistikanın vəziyyəti ilə bağlı «Azadlıq» radiosuna eksklüziv müsahibəsində belə deyib. Onun sözlərinə görə, jurnalistlərin həbsi məsələsini və ATƏT-in narahatlığını Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşündə ona çatdırıb.


Haraşti Azərbaycan rəsmilərinin problemlə bağlı bəzi fikirləyilə razılaşmır. Bunlardan biri də odur ki, Azərbaycan hakimiyyəti iddia edir ki, hazırda həbsdə olan 9 jurnalistin heç də hamısı peşə fəaliyyətinə görə tutulmayıb.



Mikloş Haraşti: «Biz bu izahla qane ola bilmərik. Çünki burda ikili standart görürük; eyni iddianı jurnalistə qarşı qaldıranda, başqa cür addım atırlar, ayrısına qarşı olanda digər cür».



Mikloş Haraşti rəsmilərin başqa izahı - jurnalistikanın peşəkarlıq səviyyəsinin aşağı olması haqda dediklərinə də münasibət bildirib:


« Mən bu məsləni də Elmar Məmmədyarovla müzakirə etdim. Çünki o da Əli Həsənov və başqa məmurlar kimi jurnalistikanın peşəkarlığının aşağı olmasının jurnalistlərin həbsində əsas rol oynadığını iddia edir. Amma mən bu izahla da razılaşa bilmərəm. Ona görə yox ki, jurnalist peşəkarlığı hər bir ölkədə yüksək səviyyədədi fikriylə razı deyiləm. Sadəcə, ona görə ki, birincisi, peşəkarlıq problemi jurnalistlərin özləri tərəfindən həll olunmalıdı. İkincisi, dünyada elə bir ölkə yoxdu ki, orda həm yüksək peşəkar jurnalistika olsun, həm də tam söz azadlığı. Səhvlərə görə cəzaları ağırlaşdırmaqla jurnalistikanın səviyyəsini artırmaq olmaz».


ATƏT rəsmisi hesab edir ki, ancaq azad jurnalistika məsuliyyətli jurnalistika ola bilər:


«Polisin onu nə vaxt həbs etməsindən qorxan jurnalist, hüquqi məsuliyyətə cəlb olunmamaq üçün yazını istədiyi kimi çapa göndərməyə çəkinən redaktor heç vaxt peşəkarlığını artıra bilməz. Hökumətin ən böyük köməyi o ola bilər ki, jurnalistikaya özünə gəlmək, sərbəstləşmək üçün vaxt versin».


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi inanır ki, hakimiyyət jurnalistikayla bağlı beynəlxalq ictimaiyyəti narahat edən problemi həll edə bilər. Onun sözlərinə görə, İlham Əliyev iqtidarı bunun yolunu da bilir:


« Elmar Hüseynovun ölümündən dərhal sonra prezident siyasi qərarla jurnalistlərə qarşı məmur hücumlarına moratorium qoydu. Nəticədə düz bir il heç bir jurnalist nə yazısına, nə də başqa nəyə görəsə məmurlar tərəfindən məkəmələrə çəkilmədilər. Həmin moratorium bu dəfə də elan olunmalıdı. Amma siyasi bir çıxışla yox, qanun və ya qərarla, yəni hüquqi sənədlə. Paralel olaraq həbsdəki jurnalistlər azad edilsin və böhtan və təhqirlə bağlı maddələrin Cinayət Məcəlləsindən çıxarılması üçün islahatlara başlansın. İnanıram ki, Azərbaycan bunu edəcək gücdədi. İnanıram tezliklə elə belə də olacaq».


XS
SM
MD
LG