Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:35

Azadlıq, yoxsa sabitlik?


70 illik kommunist tarixi yaşayan Rusiyada indi əsas siyasi qüvvə sağlardır
70 illik kommunist tarixi yaşayan Rusiyada indi əsas siyasi qüvvə sağlardır

Siyasi psixologiya ictimai fenomenlərin bəlkə də ən qəlizidir. İnsanlar niyə görə bu və ya başqa siyasi liderə üstünlük verirlər? Onların siyasi davranışını nə müəyyən edir? İnsan psixologiyasında hansı siyasi dəyərlər daha çox üstünlük təşkil edir? Adi insan üçün daha çox nə önəm kəsb edir: azadlıq, yoxsa sabitlik? Bu iki seçim arasında hansı qanunauyğunluqlar müşahidə edilir?



Rusiyadakı son parlament seçkilərini nəzərdən keçirməmişdən əvvəl qeyri-ixtiyari olaraq bu suallar keçdi fikrimizdən. Beləliklə, şimal qonşumuzun ərazisində növbəti dəfə Duma seçkiləri keçirildi. Ciddi demokratik ənənələri ilə fərqlənməyən bir ölkədə keçirilən seçkiləri təhlil etmək bir o qədər də asan deyil. Bəlkə də nəzərə çarpan ilk detallardan biri budur ki, bəzi MDB ölkələrində seçkiləri bir qayda olaraq hakimiyyətdə olan partiyalar udur. Rusiya bu mənada istisnalıq təşkil etmədi. Seçkiləri hakimiyyətdə olan «Vahid Rusiya» partiyası uddu. Aralıqdakı faiz fərqi də düşünməyə vadar edir. Nədənsə bəzi ölkələrdə hakimiyyətdə olan partiyalar seçkilərdə müxalifəti böyük faiz fərqilə udurlar. Amma bütün bunlar, təbii ki, seçkilərin demokratikliyini şübhə altına almağa əsas vermir, ən azı ona görə ki, heç kim ciddi seçki pozuntuları haqqında bəyanat vermədi.


Dumaya keçirilən növbəti seçkilərin diqqət çəkən daha bir tərəfi budur ki, onlar proporsional qayda əsasında keçirildi. Sonuncu sistem federal, yəni ümummilli siyasi partiyaların formalaşması baxımından mühüm maraq kəsb edir. Burada proporsional sistemin bəzi məziyyətlərinə və üstünlüklərinə toxunmaq olardı, amma buna lüzum yoxdur.


Bəlkə də nəzərə çarpan ilk detallardan biri budur ki, bəzi MDB ölkələrində seçkiləri bir qayda olaraq hakimiyyətdə olan partiyalar udur. Rusiya bu mənada istisnalıq təşkil etmədi
Digər cəhət budur ki, ölkədə seçkiləri sağ mərkəzçi partiya udub. Böyük solçuluq tarixinə malik olan ölkə üçün bu, heç də az əhəmiyyət kəsb etmir. Kommunistlər də seçki baryerini aşsalar da və Dumada yer alsalar da 70 illik kommunist tarixi yaşayan Rusiyada indi əsas siyasi qüvvə sağlardır, siyasi spektrin mühüm hissəsini onlar təşkil edirlər.

Bəs seçkilərin psixoloji detalları haqqında nə demək olar? İndi Rusiya heç də xüsusilə seçilən azad ölkələr sırasına daxil deyil. Yeltsin Rusiyası ilə Putin Rusiyası ciddi şəkildə fərqlənir. V.Putin hakimiyyətə gələndən sonra ölkədə avtoritarlaşma meylləri gücləndi. Bir tərəfdən müsbət sayıla biləcək addımlar atıldı. Belə ki, Putin hakimiyyətə gələrkən ölkə faktiki olaraq parçalanma ərəfəsində idi. Mübaliğəsiz demək olar ki, Putin Rusiyanı parçalanmadan xilas etdi, onun bütövlüyünü təmin etdi. Bundan başqa, oliqarxiyanın hakimiyyətinə son qoyuldu. Amma bütün bunlar azadlıqların da məhdudlaşdırılması ilə müşayiət olundu. İnsanlar da bunu sakit qarşıladılar. Bəlkə də bunun əsas səbəbi 90-cı illərin azadlığından yaranan yorğunluq idi. Psixoloq E.Frommun belə bir ifadəsi var: azadlıqdan qaçış. İnsan psixologiyasının dərin qatlarında gizlənmiş bu fenomen özünü vaxtaşırı büruzə verir. İnsanlar bir çox hallarda «azadlıq, yoxsa sabitlik?» seçimi qarşısında qalarkən sonuncuya üstünlük verirlər. Güman etmək olar ki, Rusiyada da bu, baş verir. Digər tərəfdən, insanlar elə hakimiyyət istəyirlər ki, onun davranışını proqnozlaşdıra bilsinlər. Sabitliyi isə proqnozlaşdırmaq asandır.


Avtoritarizmə meyl həm də Rusiyanın dövlətçilik ənənəsindən yaranır. Bu ölkədə ciddi federal ənənələr yoxdur, demokratiya istər-istəməz ölkənin siyasi əsaslarını sarsıdır. Ruslar bunu gözəl dərk edirlər. Ona görə də demokratik azadlıqların məhdudlaşdırılması ilə barışırlar. Ruslar üçün böyük və sabit Rusiya daha çox önəm kəsb edir, nəinki demokratik və kiçik Rusiya.


Güman etmək olar ki, «Vahid Rusiya»nın siyasi qələbəsi bununla yekunlaşmayacaq, onlar gələn ilə nəzərdə tutulan prezident seçkilərini də udacaqlar. Və beləcə Rusiyada ciddi hakimiyyət dəyişikliyi baş verməyəcək.


Hər halda Rusiyada sabitliyin olması qonşu ölkələr üçün də əhəmiyyət kəsb edir. Daxildə sabitlik olanda xarici siyasəti də proqnozlaşdırmaq asan olur, üstəlik xarici siyasət diplomatik və siyasi üsullarla həyata keçirilir. Sözsüz ki, sabit Rusiya da keçmiş sovet respublikaları ərazisindəki münaqişələrdə öz iradəsini təsdiq etməyə, bu respublikaları Qərblə, xüsusən də NATO ilə ciddi əlaqələrdən çəkindirməyə cəhd edir. Amma siyasətdə bəzən pis ilə yaxşı arasında deyil, ən pis ilə pis arasında seçim etmək lazım gəlir. Bu aspektdən yanaşanda sabit Rusiya xaosun hökm sürdüyü Rusiyadan daha məqbuldur və bir siyasi tərəf kimi proqnozlaşdırıla bilinəndir.


XS
SM
MD
LG