Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Bütün çətinliklərə baxmayaraq...


Baş redaktor deyir ki, bütün çətinliklərə rəğmən «Novaya Qazeta» fəaliyyətini davam etdirir
Baş redaktor deyir ki, bütün çətinliklərə rəğmən «Novaya Qazeta» fəaliyyətini davam etdirir

Noyabrın 20-də «Vaşinqton Post» qəzeti «Bütün çətinliklərə baxmayaraq reportaj vermək» başlıqlı məqalə ilə Nyu-Yorkda Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı Mükafatlarının təqdim olunması mərasimini işıqlandırıb. Bu il mükafatı alanlar arasında Rusiya , Pakistan , Çin və Meksika jurnalistləri var.


Öz ölkələrində həyatları üçün ciddi təhlükələr törətsə belə jurnalistlik vəzifəsini layiqincə yerinə yetirən insanların üzləşdikləri çətinlikləri göstərmək üçün qəzet Rusiyadan maraqlı bir misal çəkir:


«Bu ay Vladimir Putinin Rusiyasında daha bir müstəqil qəzetin bağlanması qərarı heç kim üçün sürpriz deyildi, amma bu prosesin təfsilatı Putin rejiminin mahiyyətini xüsusi qabarıq formada ortaya qoyur. «Novaya Qazeta»nın Samara nəşri müxalifətin fəaliyyətini ədalətlə işıqlandırdığına görə, hakimiyyətdə olanları qəzəbləndirib və noyabrın 8-də qəzetin yeganə kompyuteri müsadirə olunub.


Baş redaktor deyir ki, «madam ki, bizi bir-bir öldürürlər, mən qəzetin tamamilə bağlanmasına üstünlük verərdim». Lakin bütün çətinliklərə rəğmən «Novaya Qazeta» fəaliyyətini davam etdirir

Qəzetin digər kompüterləri ötən ilin yazında müsadirə edilib. Nəşrin redaktoru kompyuterdə «Maykrosoft»un hansısa lisenziyalaşdırılmamış proqramını istifadə etməkdə suçlu bilinir. Doğrudan da ağır cinayətdir, əgər nəzərə alsaq ki, bu ölkə intellektual piratlığa görə dünyanın ön sıralarında yer alır».


Jurnalistləri Müdafiə Komitəsinin mükafatına layiq görülən «Novaya Qazeta» dərgisinin ölkə üzrə baş redaktoru Dmitri Muratov üçün onun jurnalistlərinin pirat kompyuter proqramlarından istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunması yeni bir şey deyil. Onun dərgisinin üç cəsur jurnalisti-İqor Domnikov, Yuri Şekoçixin və Anna Politkovskaya Rusiya hökumətində korrupsiyanı və ölkədə insan hüquqlarının vəziyyətini araşdırarkən qətlə yetirilmişlər. Muratov deyir ki, «madam ki, bizi bir-bir öldürürlər, mən qəzetin tamamilə bağlanmasına üstünlük verərdim». Lakin bütün çətinliklərə rəğmən «Novaya Qazeta» fəaliyyətini davam etdirir.


Pakistanda general Pərviz Müşərrəflə kəllə-kəlləyə gəlməkdən çəkinməyən jurnalist Məzhar Abbas, Çində yerli hökumətin xətrinə dəyən yazı yazdığına görə səkkiz il həbsxanada yatmış Qao Qinronq da belə jurnalistlərdəndir. Meksikada narkobaronları ifşa edən «Zeta» qəzetinin iki baş redaktoru artıq öldürülüb, lakin üçüncüsü-xanım Adela Navarro Bello qəzetin əvvəlki kursunu davam etdirir.


Həyat üçün təhlükələrdən danışarkən xanım Bello deyir: «Biz özünə qəsd edən adamlardan deyilik. Biz sadəcə təhlükəsizliyimiz üçün kifayət qədər təminat olmayan ölkələrdə öz professional işlərini görən insanlarıq».


Yekunda «Vaşinqton Post» qeyd edir ki, bu mükafat «cənab Putin kimi qəddarlara qarşı sadəcə öz yollarının düz yol olduğuna inandıqlarına görə fəaliyyət göstərən minlərlə cəsur jurnalisti bir daha yadımıza salır».


XS
SM
MD
LG