Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:21

Azadlığın sınağı...


Gürcüstanda baş verən proseslər həm də azadlığın və demokratiyanın sınağıdır
Gürcüstanda baş verən proseslər həm də azadlığın və demokratiyanın sınağıdır

İndi qonşu Gürcüstanda baş verən proseslər böyük maraq doğurur. Artıq bir neçə gündür ki, müxalifətin keçirdiyi etiraz aksiyaları aram vermir, paytaxtın Rustaveli meydanı boşalmaq bilmir. Cəmi bir neçə ay bundan əvvəl heç kim güman etməzdi ki, Gürcüstanda siyasi proseslər bu qədər mürəkkəbləşəcək. Amma indi bu, faktdır.


Adətən keçmiş sovet respublikalarında hər hansı siyasi hadisə baş verəndə iki sual meydana çıxır; birincisi, bu hadisələrin arxasında kimi dayanır? İkincisi, hadisələr nə ilə bitəcək?


Hadisələrin səbəbkarını arayarkən çox da uzağa getmək lazım gəlmir. Əksər hallarda hamı prosesdə Rusiya izini arayır. Gürcüstandakı proseslərin də arxasında Moskvanın dayandığını güman etmək bəlkə də ən asan yoldur. Bunun üçün kifayət qədər zahiri əlamət də var. Artıq bir neçə ildir ki, Gürcüstan-Rusiya münasibətləri normal olmaqdan çox uzaqdır. Rəsmi Moskva Gürcüstanın hakimiyyəti ilə problemlərinin olduğunu inkar etmir, Rusiya ilk «qaz müharibəsi»ni Gürcüstana qarşı elan etmişdi. Gürcüstan isə öz ərazisindən Rusiya qoşunlarını çıxarır, prezident Saakaşvili hətta Rusiya sülhməramlılarını ölkə ərazisindən çıxarmaq istəyir.


Prinsipcə, qarşılıqlı problemlərin siyahısını davam etdirmək olar. Amma bunlar hələ prosesdə Rusiya izinin olduğunu tam sübut etmir, ən azı ona görə ki, etiraz aksiyalarını təşkil edən müxalifət Rusiyaya meyl edən və onunla bağlı olan siyasi qüvvələrlə birləşməyəcəyini bəyan etmişdi. Düzdür, müxalifətin bu vədinə nə qədər əməl etməsi bir qədər mübahisəlidir, çünki prezident Saakaşvili son çıxışlarının birində Rusiyanı ölkədəki siyasi vəziyyəti gərginləşdirməkdə ittiham etmişdi. Üstəlik, belə bir detalı da inkar etmək olmaz ki, Rusiya proseslərə bilavasitə müdaxilə etməsə də, onun Gürcüstana qarşı son illərdə apardığı siyasət ölkədəki vəziyyəti, xüsusən də sosial-iqtisadi vəziyyəti mürəkkəbləşdirir.


Güman ki, proseslərin xarici detallarını araşdırmaqdansa, onun daxili səbəbləri üzərində fikir cəmləşdirmək daha yaxşı olardı. Burada hər iki tərəfin mövqeyindəki inadkarlığı diqqətə çəkmək yerinə düşər. Müxalifət seçkilərin payızda deyil, yazda keçirilməsini tələb edir. Təbii sual yaranır: bir neçə ay ölkənin siyasi həyatında nəyi dəyişə bilər? Doğrudanmı, seçkilərin payızda deyil, yazda keçirilməsi müxalifət üçün hər hansı üstünlük yaradır? Sözsüz ki, azad mitinqlər və dinc etiraz aksiyaları demokratiyanın təzahürüdür. Amma demokratiyanın ən ali təzahürü azad və demokratik seçkilərdir, onların nəticələrini qəbul etməyi və növbəti seçkilərə qədər gözləməyi bacarmaq lazımdır. Gürcüstanda son seçkilər çox demokratik keçmişdi. Elə bu səbəbdən ölkə müxalifəti onun nəticələrini axıra qədər qəbul etməli və növbəti seçkilərə qədər gözləməyi bacarmalıdır.


Eyni qayda ilə hakimiyyətin də mövqeyində ifrat inadkarlıq elementləri tapmaq mümkündür. İki ölkədəki hadisələri yada salaq. Keçmiş sovet respublikalarının birində - Ukraynada da növbədənkənar seçkilər keçirildi. Bununla qeyri-adi hadisə baş vermədi, baxmayaraq ki, tərəflərdən biri əvvəlcə buna kəskin etiraz edirdi. Digər misal Türkiyədəndir. Bu ölkədə də müxalifətin tələbi ilə növbədənkənar parlament seçkiləri keçirildi. Nəticədə nə baş verdi? Hakim partiya yenidən səslərin əksəriyyətini qazandı. Elə bu səbəbdən Saakaşvili hakimiyyəti əslində növbədənkənar seçkilərdən qorxmamalıdır. Əgər belə tələb varsa və cəmiyyət tərəfindən dəstəklənirsə onda bu addımı atmaq olar. Sözsüz ki, müxalifətin cəmiyyətin mövqeyini nə qədər adekvat ifadə etməsi ilə bağlı mübahisə etmək olar. Amma bircə fikri yada salmaq lazımdır ki, seçkilər sosial profilaktika kimidir, o cəmiyyəti gərginlikdən çıxarır, yenidən konsensus yaradır. Bir neçə ay nə müxalifətin, nə də hakimiyyətin reytinqinə həlledici dərəcədə təsir etmək iqtidarında deyil. Ola bilsin, burada Konstitusiya ilə bağlı problem var, çünki Konstitusiya seçkiləri dəqiq reqlamentləşdirir. Amma siyasi gərginlikdən və vətəndaş qarşıdurmasındansa növbədənkənar seçkilər keçirmək daha məqbul yoldur. Bir daha qeyd edirik ki, məsələ müxalifətin cəmiyyətin mövqeyini nə qədər adekvat ifadə etməsindən asılıdır.


Gürcüstanda baş verən proseslər həm də azadlığın və demokratiyanın sınağıdır. Demokratiya çox mürəkkəb idarəçilik üsuludur, burada qərarların qəbul edilməsi və idarəçilik həmişə problemlərlə qarşılaşır. Bəzi hallarda qeyri-demokratik məqsədlər və planlar da demokratik prosedurlardan faydalanır. İndi Gürcüstanda baş verən proseslər bunun təzahürü deyil ki? Buna birmənalı cavab vermək çətindir. Hər şeyi hadisələrin gələcək inkişafı göstərəcək. Aydın olanı budur ki, demokratiya sınağa çəkilir. Onun bu sınaqdan necə çıxması isə zamanın işidir.


XS
SM
MD
LG