Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

Azərbaycan vətəndaşı İranda həbsdədir


Hacı Mədədin Təbriz həbsxanasında saxlandığını bildirilir
Hacı Mədədin Təbriz həbsxanasında saxlandığını bildirilir

Lerik rayon sakini molla Hacı Mədəd Abdullayev İranda həbsdədir. Ancaq lerikli mollanı Təbriz həbsxanasında görən siyasi məhbuslar olmasaydı, onun həbsi barədə Azərbaycanda heç bir məlumat olmayacaqdı.


Təbrizdəki mənbələr Hacı Mədəd Abdullayevin özünə istinadən onun Ərdəbil şəhərində həbs olunduğunu və casusluqda ittiham edildiyini bildirirlər.


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani deyir ki, lerikli molla artıq 7 aydan artıqdır həbsdədir: «İran Azərbaycanının milli fəallarının verdiyi məlumata görə, Təbriz həbsxanasında Mədəd Abdullayev adlı bir şəxs var ki, orda yeddi aydır saxlanılır. O, Ərdəbildə həbs olunub və oradan Təbriz həbsxanasına göndərilib. Fəalların dediyinə görə, ona casusluq ittihamı ilə iki il həbs cəzası verilib. Cənab Abdullayev ruhani paltarında həbs olunub».


Hacı Mədəd Abdullayevin ailəsindən aldığımız məlumata görə, o, İranın Qum şəhərində 5 il təhsil alıb, bundan sonra yaşadığı Lerik rayonunun Mondigah kəndində mollalıq edirb.



2006-cı ilin dekabrında İrana gedən hacının həbsi barədə məlumatı ailəsi iki aydan sonra alıb. Ailəsindən heç kimin onunla təması olmayıb. Ailə üzvləri də kimə müraciət edəcəklərini bilmədikləri üçün ümidlərini Allaha dikiblər.


«Bir qayda olaraq, Təhsil Nazirliyinin xəbəri olmadan müxtəlif kanallarla İrana təhsil almağa gedən şəxsləri həmin ölkənin hüquq mühafizə orqanları öz şəbəkələrinə cəlb edirlər»
Maraqlıdır ki, İran İslam Respublikasının rəsmi dairələri həbslə bağlı məlumatı Azərbaycan rəsmi dairələrinə verməyiblər. Azərbaycan vətəndaşının həbsi barədə məlumatı «Azadlıq» radiosunun müxbirindən alan Ədliyyə Nazirliyi həbsin təfərrüatlarını öyrənmək üçün diplomatik nümayəndəliyə ünvanladığı sorğusuna rəsmi cavab gözləyir.


Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq idarəsinin müdiri Zavər Qafarov: «Belə bir rəsmi məlumat bu günə qədər Ədliyyə Nazirliyinə daxil olmayıb. Amma İrana şifahi sorğumuza həqiqətən də belə bir şəxsin İranda həbsdə olduğu təsdiqlənir».


Təbrizdəki mənbələr Hacı Mədəd Abdullayevin hazırda Təbriz həbsxanasının, əsasən, siyasi məhbusların olduğu dördüncü bölümündə saxlandığını bildirir.


Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, uzun müddət Azərbaycanın cənub bölgələrində hüquq mühafizə orqanlarında işləmiş Əlövsət Əliyevin sözlərinə görə, Hacı Mədəd Abdullayev Lerikdə tanınmış ruhanilərdən biridir. Cənab Əliyev ruhaniyə qarşı irəli sürülmüş ittihama inanmadığını bildirib.


«Onun İranın əleyhinə casusluq etməsi faktı mənim üçün inandırıcı deyil. Amma o, həbs olunub və casusluq ittihamı ilə üzləşir. Bunun səbəbi onunla bağlıdır ki, bir qayda olaraq, Təhsil Nazirliyinin xəbəri olmadan müxtəlif kanallarla İrana təhsil almağa gedən şəxsləri həmin ölkənin hüquq mühafizə orqanları öz şəbəkələrinə cəlb edirlər. Bu adamlar işləməyəndə İranın hüquq-mühafizə orqanları bir qayda olaraq, belə şəxsləri yalançı ittihamlarla qazamata salırlar».


Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayev də Hacı Mədəd Abdullayevin Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu inkar edib.


«Bizə belə bir adam məlum deyil və onun bizim nazirliklə heç bir əlaqəsi yoxdur. Biz belə fəaliyyətlə məşğul deyilik və əlavə araşdırma aparmağa da ehtiyac görmürük».


Arif Babayevin sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları dost ölkələrdə casusluq fəaliyyəti ilə məşğul olmur.


XS
SM
MD
LG