Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

«Mənə mərhəmət düşmür, bunu heç istəmirəm də…»


«Sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var»
«Sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var»

Oktyabrın 9-da Apellyasiya Məhkəməsində Hacı Məmmədov və onun dəstəsinin digər üzvlərinin apellyasiya şikayətinə baxılıb. Hakim Rəsul Səfərov bildirib ki, məhkəməyə 44 zərərçəkən və 14 mülki iddiaçı şikayət verib. Hakim deyib ki, ona dustaqlar tərəfindən yaxınları ilə görüşməsi üçün müraciət olunub. Lakin Apellyasiya Məhkəməsi bu icazəni vermək səlahiyyətində deyil.


Hacı Məmmədovun vəkili Səməd Əliyev bildirib ki, müdafiə etdiyi şəxsin xalq artisti Afaq Məlikovanın evinin qarət edilməsindən xəbəri olmayıb. O, Hacının üzərindən bu epizodun götürülməsini, həmçinin onun anasına məxsus bağ evinin qaytarılmasını tələb edib. Vəkil hesab edir ki, məhkəmə hökmü müsadirə olunacaq daşınan və daşınmaz əmlakın siyahısını araşdırmadan çıxarıb.


Daha sonra təqsirləndirilən Hacı Məmmədov çıxış edib. O bildirib ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 16 yanvar 2007-ci il qərarından qismən razı deyil. Onun sözlərinə görə, ağır cinayətlərin iştirakçısı və başçısı olduğunu etiraf etsə də MTN tərəfindən istintaq zamanı qərəzə yol verilib. «Mənim cinayətləri həyata keçirməyim sifarişli olduğu kimi, MTN-nin də istintaqı sifarişli idi. Həbs olunduğum gündən sonra yaxın qohumlarım, eləcə də Qarabulaqda çalışan günahsız insanlar tutulub».


O, bildirib ki, bacısı oğlu Elçin Əliyevə qarşı verilən ifadələr təzyiq nəticəsində alınıb. Həmçinin MTN-də aparılan istintaq zamanı sifarişçilərin kim olması araşdırılmayıb.


Bundan sonra o, bir sıra ağır qətl epizodlarının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı açıqlamalar verib.


Hacı Məmmədov yalnız Azər İsmayılovu qətlə yetirdiyindən peşman olmadığını bildirib. O, qətli lentə aldığını, istintaqın isə bu lentə qətiyyən maraq göstərmədiyini bildirib. «Mənə mərhəmət düşmür, bunu heç istəmirəm də. Bunları söyləməkdə məqsədim isə Azər İsmayılovun qətli ilə bağlı bir necə nəfərə günahsız cəza verilməsidir».


Daha sonra o, Fətulla Hüseynovun qətli ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. «Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi. Mən heç kimə qarşı birbaşa ifadə verməmişəm. Əgər belə bir ifadə verəsi olsaydım, cəza çəkməli olan şəxslər bu zala yerləşməzdi. Mən heç kimə mesaj göndərmirəm. Lakin həmin qətllər və oğurlanmalar mənə məcburiyyətlə sifariş olunub. Həmin sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var. İndi onların adını deyə bilmərəm».


H.Məmmədov bir necə qətl hadisəsində ona sifariş verənlərin adlarını açıqlayacağını deyib. O, həmçinin Hacı Sabir Babayevin qətlinin sifarişçisinin kim olduğunu yalnız ailə üzvlərinə deyəcəyinə söz verib.


Hacı Məmmədov onu da bildirib ki, törətdiyi cinayətləri əsasən də pulların alınması və bölüşdürülməsi ilə bağlı məhkəmədə səmimi etiraf etsə də, onların çoxu istintaq materiallarında əksini tapmayıb.


Təqsirləndirilən bildirib ki, çıxışının məqsədi ittihamlara aidiyyatı olmayan adamların cəzalandırılmasının qarşısını almaqdır.


Proses günün ikinci yarısı davam edib.


Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən dəstə adam oğurluğunda, qətllər törətməkdə və s. ağır cinayətlərdə ittiham olunurlar. (ANS)


XS
SM
MD
LG