Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:31

Azərbaycanlı fəalların vəziyyəti naməlum qalır


Son vaxtlar həbs edilən azərbaycanlı məhbuslardan bəziləri
Son vaxtlar həbs edilən azərbaycanlı məhbuslardan bəziləri

Ərdəbil fəallarından Vədud Səadəti sentyabrın 17-də iş yerində həbs edilib. «Savalan Səsi» saytının məlumatına görə, axşam radələrində ETTELAAT-ın Ərdəbil idarəsinin əməkdaşları Səadətinin işlədiyi çörək mağazasına basqın edib, fəalı döyüb özləri ilə naməlum istiqamətə aparıblar.


Mənbə xəbər verir ki, Vədud Səadətinin ailəsi bu günə qədər onun harada saxlandığını öyrənə bilməyib və fəalın vəziyyətindən son dərəcə nigarandır.


Səadəti milli və mədəni fəaliyyətlərinə görə 2006-cı ildə də həbs edilib 6 ay müddətinə Ərdəbil zindanında saxlanmışdı.


Başqa məlumata əsasən üç aydan artıqdır həbsdə saxlanılan azərbaycanlı fəallar Səid Mətinpur, Cəlil Qənilu, Bəhruz Səfəri və Əmir Abbas Bənai Kazıminin naməlum vəziyyəti onların ailələri və insan hüquqları təşkilatlarının böyük narahatlığına səbəb olub.


Məhbus ailələri bildiriblər ki, məhkəmə prosesləri çox ədalətsiz aparılır, məhbusların vəkillərinə prosesdə iştirak etməyə imkan verilmir. İstintaq zamanı isə milli fəallar təhqir olunur və döyülür.


Adı çəkilən fəalların həbsindən aylarla vaxt keçməsinə baxmayaraq, onlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü bilinmir.


Bir neçə həftə öncə Tehranın Evin zindanının 209-cu korpusunda təkadamlıq kamerada saxlanan jurnalist və hüquq müdafiəçisi Səid Mətinpurun işgəncəyə məruz qaldığı bildirilsə də, onun son vəziyyəti aydın deyil.


Buna bənzər təbrizli gənc fəal Əmir Abbas Bənai Kazimi, universitet müəllimi, mühəndis Abdullah Abbasi Cavan və azərbaycanlı məhbus fəalların vəkili Saleh Kamraninin son durumu haqda məlumat yoxdur.


Bəhruz Səfərinin həyat yoldaşı onunla görüşmək üçün zindana müraciət etdiyi vaxt ETTELAAT əməkdaşları heç bir izahat vermədən onun özünü də həbs ediblər. Səfərinin xanımının harada və hansı şəraitdə saxlandığı barədə hələ ki, məlumat yoxdur.


«Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi» bildirir ki, Zəncan məhkəməsinin məsul şəxsləri, bir neçə həftə bundan əvvəl həbs edilən Səid Mətinpurun qardaşı Əliriza Mətinpur və Bəhruz Səfərinin həyat yoldaşı Leyla Heydəriyə qarşı hansı ittihamların irəli sürüldüyü haqda izahat verməkdən boyun qaçırırlar.


XS
SM
MD
LG