Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

Gürcüstanda yeni münaqişə ocağı yarana bilərmi?


Nazim İbrahimovun məsələyə çox sadə yanaşması adamı təəccübləndirir
Nazim İbrahimovun məsələyə çox sadə yanaşması adamı təəccübləndirir

Bir neçə gündür ki, geniş müzakirə olunan və narahatlıq doğuran problemlərdən biri də Gürcüstandakı azərbaycandilli məktəblərin taleyidir. Hazırda bu məktəblərin tədricən bağlanması diskussiya edilir. Adətən qonşu Gürcüstanda azərbaycanlılarla bağlı hər hansı problem yarananda diqqət Azərbaycan rəsmilərinə yönəlir. Belə rəsmilərdən biri də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Amma o, bu xüsusda azərbaycanlıları qane edəcək heç nə deməyib. Bildirib ki, Azərbaycan tərəfi məktəblərin bağlanmasının əleyhinə deyil. Bu isə o deməkdir ki, Gürcüstandakı soydaşlarımız bu məsələdə Bakıya arxayın ola bilməzlər.


Problem həqiqətən də çox mürəkkəbdir. Bu, bir ayın və ya ilin problemi deyil. Hələ sovetlər vaxtından Gürcüstandakı azərbaycanlılar mədəni cəhətdən daha çox Azərbaycanla bağlı olublar. Orta təhsilini Gürcüstanda alan azərbaycanlıların əksəriyyəti ali təhsil almaq üçün Azərbaycana yollanıb və bir çoxu Azərbaycanda məskunlaşaraq fəaliyyətlərini burada davam etdiriblər. Həmin vaxtlar azərbaycanlıların orduda xidmət etmək problemi yox idi, çünki orduda rəsmi dil rus dili idi. Bir qədər keçmişə müraciət etsək, elə çar Rusiyası zamanında da vəziyyət bir o qədər də fərqlənməyib – o vaxt rəsmi dil rus dili olduğundan azərbaycanlılar gürcü dilinə bir o qədər də maraq göstərməyiblər. Elə gürcülərin özləri də daha çox rus dilindən istifadə edirdilər.


Problem özünü Gürcüstan müstəqillik əldə etdikdən sonra göstərməyə başladı. Azərbaycanlıların dövlət idarələrində çalışması, təhsili, orduda xidməti çətinləşdi. İndi bu problem özünü çox qabarıq şəkildə göstərir.


Təbii ki, azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalı, rəsmi dövlət dilini bilməlidirlər. Bu, istənilən vətəndaş üçün ilkin tələbdir. Amma problemin mövcudluğunu da unutmaq olmaz. Nazim İbrahimovun məsələyə çox sadə yanaşması adamı təəccübləndirir. Bu yolla gərək Azərbaycandakı bütün rusdilli məktəblər, ali məktəblərdəki rusdilli şöbələr bağlana. Məlum olduğu kimi, Azərbaycanda çoxlu sayda rusdilli məktəb fəaliyyət göstərir, ali məktəblərdə rus şöbələri var. Və o da məlumdur ki, heç kim onların bağlanması haqqında məsələ qaldırmır, hərçənd ki, rəsmi dövlət dili Azərbaycan dilidir. Belə olan təqdirdə nəyə görə Gürcüstanda Azərbaycan məktəbləri bağlanmalıdır? Bu, məsələnin, necə deyərlər, linqvistik tərəfidir. Digər tərəfdən, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də regional dillərin inkişafıdır. Regional dillər dedikdə, yerli milli azlıqların dilləri nəzərdə tutulur. Gürcüstanda erməni milli azlığı da var. Bu azlıq hətta muxtariyyət arzusundadır. Sual yaranır: milli azlıqlardan biri muxtariyyət arzusunda olduğu halda, niyə görə digəri öz dilində təhsil almaq hüququndan məhrum olmalıdır? Qeyd olunan məsələnin həm də siyasi tərəfləri var. Məlum olduğu kimi, Gürcüstan etnik münaqişələr ocağıdır – burada Abxaziya və Osetiya problemi var. Gürcülərin özləri bu problemlərin həllini Gürcüstanın federallaşmasında görürlər. Əgər söhbət federallaşmadan gedirsə, nəyə görə digər etnik azlıqlar mədəni muxtariyyət elementlərindən məhrum olmalıdırlar?



Problemin sosial tərəfini də unutmaq olmaz. Gürcüstanda azərbaycanlıların ən çox məşğul olduğu sfera məktəblərdir. Azərbaycandilli məktəblərin bağlanması minlərlə müəllimin işsiz qalması deməkdir. Bu isə əlavə sosial problemlərdir. Bu problemləri kim həll edəcək? Belə olan təqdirdə azərbaycanlılar üçün yaxın dövrdə bir məşğulluq sahəsi qalacaq: ancaq kənd təsərrüfatı. Kənd təsərrüfatı sahəsindəki vəziyyət isə hamıya bəllidir.


Aqrar islahatlar elə aparılır ki, azərbaycanlılara çox az torpaq sahəsi düşür.


Gərək problem elə həll olunsun ki, azərbaycanlıların öz ana dillərini öyrənmək və tədris etmək hüququ qorunsun. Bu, millətin ali hüquqdur. Hətta Rusiyada belə azərbaycanlılar və gürcülər Azərbaycan və gürcü məktəbləri açırlar. Belə bir sual da yaranır: problem yeni münaqişə ocağı yarada bilərmi? İndiki halda bu, istisna olunur. Sadəcə yaranmış vəziyyət Gürcüstandakı azərbaycanlıların Azərbaycana miqrasiyasını artıracaq.


XS
SM
MD
LG