Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:22

AQO qrupunun səfərindən çox şey asılıdır


Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri daha çox 222 nömrəli qətnamə ilə tənzimlənir
Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri daha çox 222 nömrəli qətnamə ilə tənzimlənir

Dünən məşhur AQO qrupunun üzvləri Bakıya gəldilər. Adıçəkilən qrup 2001-ci ildə yaradılıb və məqsəd də Azərbaycanın və Ermənistanın Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərin monitorinqini aparmaq olub. Yaradıldığı müddətdən bu vaxta qədər qrup Azərbaycana bir neçə dəfə səfərlər edib. Bu səfərlər sözsüz ki, hər dəfə maraqla qarşılanır. Məsələ bundadır ki, Azərbaycanın Avropa Şurası ilə təmasları geniş ictimai maraq kəsb edir. Son vaxtlar bu təmasların intensivliyi və effektivliyi azalıb. Əvvəllər Avropa Şurasının iradları və onun ölkəyə missiyaları daha diqqətlə qarşılanırdı, məmurlar, dövlət adamları səslənən iradlara daha həssas olurdular. Bəs indiki vəziyyət haqqında nə demək olar?


Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini şərti olaraq iki qrupa bölmək olar: müxtəlif qanunların və konvensiyaların qəbulu, təsdiq edilməsi və onlara praktikada əməl edilməsi. Birinci məsələdə vəziyyət nisbətən qənaətbəxşdir. Qanunların və konvensiyaların qəbul edilməsində, yəni qanunların inkorporasiya edilməsində–onların Avropa qanunvericiliyinə yaxınlaşdırılmasında problemlər bir o qədər də çox deyil. Lakin burada da həll edilməmiş məsələlər var və bu məsələlər bir qayda olaraq siyasi hüquqları və ya onlara yaxın sahələri əhatə edir. Məsələn, Azərbaycanda hələ «Diffamasiya haqqında» qanun qəbul edilməyib. Hakimiyyət bütün vasitələrlə bu sənədin qəbulunu yubadır. Hazırda yeddi jurnalist məhz bu qanunun qəbul edilməməsi ucbatından həbsdə yatır. Bundan başqa, indi yeni bir praktika başlayır – jurnalistlər məhkəməyə böhtan maddəsi ilə deyil, daha ağır maddələrlə çəkilirlər. Eyni sözləri «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla bağlı da demək mümkündür. Bu qanunun da yeni redaktəsi qəbul edilmir – köhnə qanundan istifadə edərək məmurlar sərbəst toplaşmaq hüququnu bütün vasitələrlə məhdudlaşdırırlar. Siyahını davam etdirərək eyni sözləri yeni Seçki Məcəlləsi barədə də demək mümkündür. Düzdür, Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri daha çox 222 nömrəli qətnamə ilə tənzimlənir.


Bu qətnamədə Azərbaycanın ən çox ləngitdiyi məsələ «Alternativ hərbi xidmət haqqında» qanundur. Bu qanun hələ qəbul edilməyib. Rəsmilər bunu ölkənin müharibə vəziyyətində olması ilə izah edirlər. Amma o da var ki, artıq 13 ildir ki, döyüş bölgələrində hərbi əməliyyatlar dayandırılıb, ölkə atəşkəs rejimində yaşayır. Üstəlik, Azərbaycan elə Avropa Şurasının qarşısında Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək haqqında öhdəlik götürüb. Bütün bunlar göstərir ki, prinsipcə, alternativ xidmətlə bağlı qanun qəbul edilə bilər.


AQO qrupunun səfərindən Azərbaycan ictimaiyyəti təkcə qanunların qəbul edilməsinin monitorinqini yox, həm də praktikada onlara əməl edilməsini gözləyir. Güman edilirdi ki, AŞ PA-nın yaz sessiyasında bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Amma son anda Monitorinq Qrupu müzakirələri təxirə saldı. Bütün məsələlər payız sessiyasına saxlanıldı. Bunlar hansı məsələlərdir?


Bu vaxta qədər Azərbaycanda siyasi məhbus məsələsi həll edilməyib. Onların bir neçə dalğası azad edilsə də, mövcud hakimiyyət və üsul-idarə yeni siyasi məhbus dalğası yaratmaqda davam edir. Avropa Şurasının rəhbərliyi bildirir ki, Şura üzvü olan ölkədə bir nəfər də siyasi məhbus olmamalıdır. Amma Azərbaycan bu standartdan hələ çox uzaqdır.


Söz və mətbuat azadlığı sahəsində vəziyyət ürəkaçan deyil. Jurnalistlərin həbsi, qəzetlərin bağlanması davam edir. Hətta Avropa Şurasının ekspertləri də etiraf edirlər ki, Azərbaycan bütün Avropada jurnalistlərin fəaliyyəti üçün ən təhlükəli regiona çevrilib.


AQO qrupunun səfərindən çox şey asılıdır, o cümlədən də AŞ PA-nın payız sessiyasından. Belə monitorinqlərin nəticələri son anda sessiyalarda müzakirə olunur. Sessiyalar isə yeganə institutlardır ki, Azərbaycan hökumətinə azacıq da olsa təsiri var. Təəssüf ki, digər vasitələr artıq tükənib və ya tükənmək üzrədir, o cümlədən də Avropa Şurasının çoxsaylı missiyaları.


XS
SM
MD
LG