Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

Sünnət QİÇS-in qarşısını alır


Sünnət etmək üçün alət və vasitələr, 18-ci əsr
Sünnət etmək üçün alət və vasitələr, 18-ci əsr

Aparılan son tədqiqatlar Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) ötürülməsinin qarşısını alma vasitəsi kimi sünnətin müstəsna səmərəliliyini üzə çıxarıb.


ABŞ-ın baş virusoloqu, Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun rəhbəri, doktor Entoni Fauçi bunu belə şərh edib: «Biz sünnət kimi effektiv vaksin yarada bilsəydik, bütün dünya ondan danışardı».


Bir neçə Afrika ölkəsində aparılan tədqiqatın son nəticələrinə əsasən, sünnət 65 faiz QİÇS-ə yoluxmanın qarşısını alır. Bu isə mütəxəssislərin proqnozundan da çoxdur.


Demək olarmı ki, 25 il QİÇS infeksiyalarına qarşı səmərəsiz vaksin axtarışından sonra onu əvəz edə biləcək prosedura tapılıb? Bu sualla «Azadlıq» radiosu tibb professoru, virusoloq Daniil Qolubevə müraciət edib:


- Sünnət prosedurasının effektivliyi ona dəlalət edir ki, sünnət edilmişlərin QİÇS-ə yoluxma ehtimalı sünnət edilməyənlərlə müqayisədə 50-60 faiz aşağıdır. Bu nəticəni vaksin köməyi ilə alsaydıq, çox yaxşı olardı.


- Sünnət QİÇS-in qarşısını necə alır?


- Əsas səbəb sünnət ətinin – pülüyün kəsilməsidir. Məsələ ondadır ki, əslində, heç bir faydalı funksiyası olmayan sünnət ətinin selikli qişası olduqca infeksiyalara, o cümlədən də QİÇS virusuna həssasdır. Ona görə də, pülüyün kəsilməsi cinsi əlaqə zamanı yoluxma ehtimalını kəskin azaldır. QİÇS-dən asılı olmayaraq sünnət çox faydalı proseduradır, çünki məsələn, fimoz və parafimoz kimi cərrahiyyə müdaxiləsi tələb edən bəzi xəstəliklərin inkişafının qarşısını alır.


- Amerikada bu prosedura olduqca populyardır, niyə?


- Bu təşəbbüs müəyyən dini icmalara – sünnəti tibbi zərurət yox, dini mərasim sayan yəhudi və müsəlmanlara məxsusdur. Və onlar bunu öz dini inanclarına uyğun həyata keçirirlər. Amma Amerikada bu proseduranı heç bir dini təmayül olmadan da etmək olar və valideynlərin xahişi ilə oğlan uşaqlarının doğuşu zamanı geniş istifadə olunur. Və bu prosedura tibb və gələcək xəstəliklərin profilaktikası baxımından əhəmiyyətlidir.


- Başqa sözlə, sünnəti profilaktik vasitə kimi bütün təzə doğulanlara tətbiq etmək lazımdır?


- Düşünürəm ki, bunu etmək lazımdır və sünnət olduqca rahatdır. Rusiya tibbi üçün bu, daha əlçatandır, nəinki Afrika qitəsi üçün.


- Bu proseduranın tətbiqinə nə kimi maneələr ola bilər?


- Bunun üçün müəyyən tibbi mədəniyyət olmalıdır. Sünnəti nəsildən-nəsilə edən icmalarda mərasim mədəniyyətinə riayət olunur, amma hətta orada da tibbi-nəzarət orqanlarının sünnət vaxtı müxtəlif infeksion xəstəliklərin, o cümlədən herpes virusunun qarşısının alınması ilə bağlı iradları var. Bunu ustalıqla bacaran böyük sayda mütəxəssis, ən əsası və çətini isə prosedura zamanı infeksiyaların qabağını almağa imkan verəcək çoxlu steril materialı lazımdır. Axı bu, cərrahiyyə əməliyyatıdır.


- Göründüyü kimi, beynəlxalq ekspertlər QİÇS-in yayılmasının qarşısı alan vacib vasitə kimi sünnətin edilməsi perspektivini görünməmiş nikbinliklə qiymətləndirirlər. Sizcə, bu nikbinlik əsaslıdır?


- Ümumdünya Səhiyyə Təşkilatının növbəti on ildə kütləvi sünnət yolu ilə Afrikada QİÇS-ə yoluxanların sayını 2 milyon, ölənlərin sayını isə 300 min azaltmaq barədə hesablamaları mənə cəsarətli və o qədər də əsası olmayan arqument kimi gəlir. Qarşıda böyük həcmli iş durur. Bu iş yerinə yetirilə biləndir, amma bu nəticəni əldə edə bilmək üçün onu həyata keçirmək lazımdır.


XS
SM
MD
LG