Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:29

Mirzə Ələkbər Sabir. Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə?















Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,
Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölübə!

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
Bədənində donuşub, laxtalanıb qan, ölübə!

Cumuxub canına bitlər, birələr, hiss edəmir,
Çalsa əqrəb də hənuz eyləməz amman, ölübə!

Hansı bir doktora ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

Nə masaj ilə, nə məsnui-tənəffüslə bunun
Və nə dağ ilə olur dərdinə dərman, ölübə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağı
Нər vilayətdə deyirlər: pa atonnan, ölübə!

Məzəli lap bu ki, bir parə urus damaları
Qoşulub bunlara derlər ki: müsəlman ölübə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də de ordan: ölübə!
XS
SM
MD
LG