Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Mirzə Ələkbər Sabir. Neçin məktəbə rəğbətim olmayır?















Neçin məktəbə rəğbətim olmayır?--
Cibim dolmayır, dolmayır, dolmayır!

Mənə hər qəzetçi bərəldir gözün,
Yazır hey qəzetlərdə məktəb sözün,
Sözün qoy deyim bir kərə lap düzün:
Bu işdən mənə bir qazanc olmayır!
Cibim dolmayır, dolmayır, dolmayır!

Oxur, bundan hər kəs qanar həqqini,
Qanan mütləq ali sanar həqqini,
Axund isə xəlqin danar həqqini,
Bununçun mənim rəğbətim olmayır!
Cibim dolmayır, dolmayır, dolmayır!

Mənə xeyirsiz olduğuyçun bu kar,--
Ona bağlaram küfr adın zinhar,
Cəmaət də duymuş bunu aşikar;
Bu işdən mənə bir qazanc olmayır!
Cibim dolmayır, dolmayır, dolmayır!

Və bir də bu məktəblilər bilümum
Oxurlar kamalınca ali ülum,
Edirlər bizə sonra yeksər hücum,
Bununçun ona rəğbətim olmayır!
Cibim dolmayır, dolmayır, dolmayır!
Əgər məktəb əmrində bilintixab
Mənə tapşırılsa ümumən hesab,--
Mən ol vəqt, haşa, edəm ictinab!?
Fəqət indilik bir qazanc olmayır!
Cibim dolmayır, dolmayır, dolmayır!

Ax! ... ax!.... Ay keçən günlərim! Vay mənə!
Hər evdən gəlirdi neçə pay mənə --
Plov, halva, bal, yağ, şəkər, çay mənə.
Nə çarə ki, indi bular olmayır!
Qarın dolmayır, dolmayır, dolmayır!

Çətindir bizimçin bütün məsələ,
Bir ildə üç ehsan da keçmir ələ,
Belə qalsa iş razı olluq hələ,
Bu da olmayır, olmayır, olmayır!
Qarın dolmayır, dolmayır, dolmayır!

Yığıncaqlar indi söz ilə ötür,
Beş-üç kəlmə söz söylənir, iş bitir,
Fəqət şənimiz günbəgündən itir,
Bizə ehtiram olmayır, olmayır!
Qarın dolmayır, dolmayır, dolmayır!
XS
SM
MD
LG