Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Mirzə Ələkbər Sabir. Hər nə versən, ver















Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat,
Qoy acından ölsə ölsün binəva kəndli və tat.

Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam,
Hər nə alsan, al, amandır, alma kasıbdan səlam.

Hər nə etsən, et və lakin etmə meydən ictinab,
Hər nə dutsan, dut və lakin dutma bir kari-səvab.

Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən,
Harda yatsan yat, ayılma, durma hərgiz sübhdən.

Hər yerə gəlsən, gəl, amma gəlmə dərsə, məktəbə,
Hər kəsə uysan, uy, amma uyma dinə, məzhəbə.

Hər nə çəksən, cək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.

Baxmasan eytamə, baxma, baxma, bax löbətlərə,
Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lənətlərə.

Olmasan bir xeyrə bais, olma, ol bais şərə,
Etməsən imdad, etmə, et sitəm acizlərə.
XS
SM
MD
LG