Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Mirzə Ələkbər Sabir. Götürüldü















Ey vay ki, heysiyyəti-millət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Yetməzdi bu kim, millətin əhrarı ayıldı,
Arif denilən bəzi füsunkarı ayıldı,
Мəçmuə yazan bir para biarı ayıldı,
Şair ləqəbində neçə idbarı ayıldı,
Yəni ki, bu əsrin bütün əşrarı ayıldı,
Derdim, bəcəhənnəm, elin əfkarı ayıldı,
Torpaq başıma, indi də tüccarı ayıldı!
Hər bir işə əl qatdı, mürüvvət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Var idi bu millətdə qabaq bir gözəl adət:
Bir şəxsi-müsəlman eləyən vaxtda rəhlət,
Meyyit hələ bəstərdə uzansın deyə rahət,
Qüsl etmədən əvvəl olunurdu ona hörmət,
Yüzlərcə edərdik ona sipara tilavət,
Hər cüzvdə bir rublə çatardı bizə ücrət,
Bir hörmət idi bu bizə, həm meyyitə nisbət,
Heyfa ki, əvaxırda bu hörmət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Tacirlərin indi dəyişib tinəti yekca,
Duymuşlar olar bizdəki niyyətləri guya,
Ehsanlar olub tərk, qazanlar sönüb, ey va!....
Nə molla payı var, nə qonaqlıq, nə müsəmma,
Bişmir tarının bir tikə halvası da hətta,
Hər fənn ediriksə işimiz tutmayır əsla,
Ах!.... ах! ... О keçən günlərimiz noldu, xudaya!
Küfran elədik sanki bu nemət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Kim getsə idi Həccə və ya Kərbübəlayə
Zəvvar idi əvvəl о bizə, əhli-duayə,
Mail о, duayə, vəli biz simü tilayə,
Görcək onu ünvan edərək bir neçə ayə,
Derdik ki, gərək pak ola həmyandakı mayə
Bir xeyrli əmr idi bu biz mollanümayə,
Heyfa ki, baxılmır dəxi nəleynə, əsayə,
Birləşdi hamı, sidqü sədaqət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Şadəm gələcək günlərimiz keçsə bu nisbət,
Qorxum bu ki, gündən-günə bədtər ola halət,
Bir gün gələ bidar ola bilcümlə cəmaət,
Təzviri ibadətdən edə fərq bu millət,
Meydana çıxa bizdəki hər dürlü xəyanət,
Nə töhfə gələ bizlərə, nə nəzr, nə rüşvət,
Hörmət yerinə el bizə izhar edə nifrət,
Hətta deyələr: -- Molla, ziyafət götürüldü!
Dolma və tərək, firniyü şərbət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!
XS
SM
MD
LG