Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:40

Mirzə Ələkbər Sabir. Dur qaçaq, oğlum, baş-ayaq qandı bu















Vah! ... bu imiş dərsi-üsuli-cədid?!
Yo ... x! Yo ... x! oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Gör necə alt-üst eləyib şeyləri:
Döndərib "a-ba"-ya "əlif-bey"-ləri,
Bidətə bax "ya" oxudur "ey"-- ləri,
Sanki hürufat ilə düşmandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Diqqət edib baxsan əgər dərsinə --
Hər sözü təlim eləyir tərsinə;
Dəyməz о bir paslı dəmir ərsinə --
Min də desə dürci-zərəfşandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Verdiyi dərsi uşağa yazdırır,
Hüccə demir, hər əməlin azdırır,
Gah oxudur, gah çıxarıb gəzdirir,
Bir demir övladi-müsəlmandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Bir də görürsən ki, olub heyvərə --
Əlli uşaq banladı birdən-birə,
Dərs demə, gülməli bir məsxərə!
Molla demə, məsxərəcünbandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Düz yeri bir yupyumuru şey qanır,
Həm də deyir sutkada bir fırlanır,
Ay dolanır, göy dayanır, gün yanır,
Kafirə bax, gör nə bədimandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Bundan əzəl boylə deyildi səyaq,
Dərs oxudan mollada vardı ləyaq,
Molla qoyardı başına şiş papaq;
Oylə ki, bir fazili-dövrandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

İndi bütün iş dolanıb lağlağa,
Dərs oxudur hər başı fəsli çağa,
Etdiyi tədrisi ilan-qurbağa,
Dərs deyil, hərzəvü hədyandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Mən dəyişib şiveyi-əcdadımı
Boylə oda salmaram övladımı,
Eyləmərəm dinsiz öz əhfadımı!
At çölə getsin, nə dəbistandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Elm adına bir qura böhtandı bu!

Nifrətə şayandı bu!
Hərzəvü hədyandı bu!
Müslimi kafır qılan
Xaneyi-küfrandı bu!
XS
SM
MD
LG