Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:28

Mirzə Fətəli Axundov. Aldanmış kəvakib


(Hekayəti-Yusif şah)

Səfəviyyənin əvaili-səltənətində Qəzvin paytaxt idi. Hadisati-mütənəvviənin vüquundan sonra Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-əvvələ təslim etdi. Şah Abbasın cülusundan altı il keçib, yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu.

Baharın əvvəli idi; novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnüş edib ərz elədi ki:

- Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü.

Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki:
- Mirzə Sədrəddini çağır gəlsin!

Münəccimbaşı şahın hüzuruna daxil olub kürnüşdan sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi.

Şah soruşdu ki:

- Mirzə, nə var?

Münəccimbaşı ərz elədi ki:

- Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani-nəhseynin təsiri budur ki, məşriq-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmeyi-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-sənniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti piş-əz-hadisə qibleyi-aləmə məruz edim.

Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sinndə həyat necə şirin və əzizdir. Xüsusən ki, dərəceyi-ülyada və təxti-səltənətin üstündə! Bu səbəbə münəccimbaşının xəbəri şahi-cavanı qayətdə dəhşəti-üzmaya saldı. Haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki:

- Xub, mürəxxəsən, get!

Münəccimbaşı kürnüş edib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə piçidə olub, sonra xacə Mübarəki avaz etdi. Xacə hüzura daxil olduqda buyurdu ki:

- Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstəvfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın!
Xacə çıxıb bir az vaxtdan sonra ehzar olunan əşxas gəldilər və lazimeyi-təzim əmələ gətirib müntəziri-fərmayiş oldular. Şah buyurdu ki:

- Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız.

Əşxas fərmayişi əmələ gətirdilər. Şah münəccimbaşının xəbərini ilqa etdikdən sonra buyurdu ki:

- Aya, sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm?

Həzərat cümləsi heyran qaldılar. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa:

- Bu bəndeyi-kəminənin ixlası dövləti-əliyyəyə nisbət bədihiyyatdandır. Əlbəttə, qibleyi-aləmin xatirindədir ki, pedəri-büzurgüvarlarının əyyami-səltənətində bir para naqisül-əql kimsənələrin vəzarətə mübaşirəti olmaq səbəbilə xəzineyi-amirə nə mərtəbədə nüquddan xali olmuşdu. Bu keyfiyyətə hali olduqda mən tədbirinə iqdam etdim və qərar qoydum ki çakəranidərgahdan hər kimsə ki, bir şüğlə və ya bir vilayətin hökumətinə mənsub olsa, fəraxuri-halına görə bir məbləğ berəsmi-peşkəş xəzinəyə təslim etsin və əlavə hər zaman ki, qibleyi-aləm bir əmirin kaşanəsini təşrifiqüdumu ilə mübarək etsə, sahibi-kaşanə əqmişeyi-nəfisə payəndaz və bir miqdar pul peşkəş eləsin. Bu növ tədbirin vasitəsilə indi ki, qibleyi-aləmin cülusunun yeddinci ilidir, xəzineyi-amirə əlhəmdü-lillahi-vəlminnə, niqudi-vafirədən malamaldır. Ümuri-vəzarətin pişrəftində bəndeyi-kəminə tərəfindən bitəcrübəlik qeyri-mütəssəvvirdir, amma kəvakibin müqabilində tədbir göstərməyə əlhəq acizəm.

Bundan sonra sərdar Zaman xan şüru elədi:

- Bu çakəri-xalis, saqqalımın tükünü dövləti-əliyyənin xədəmatında ixlas və hünər ilə ağartmışam. Məsələn, on il bundan əqdəm ki, taifeyi-Osmaniyyə Bəkir paşa Dəmirçioğlunun sərakəskərliyi ilə yetmiş min nəfərə qərib xaki-İranə hücum gətirməyə müsəmməm olmuşdular: qibleyi-aləmin pedəri-büzurgüvarı İran qoşununun sərdarlığını mənə vagüzar etdi. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyyənin qoşunun güruhi-zallənin müqabilində tələfə verdirdim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər, körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xərab olunmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmuyub, ancaq atlı və piyadəsilə ənvai-zəhmətdə Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib zəxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı.
Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyi-biganənin hücum gətirmək ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərinin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı.

Belə işlər xüsusunda asitaneyi-əliyyənin qoca iti tədbir göstərməkdən aciz deyil! Amma kəvakib ilə müxalifət etməkdə əqlim hər bir əlacdan qasir görünür...

Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. Sonra müstəvfi Mirzə Yəhya təkəllümə gəldi:

- Bu bəndeyi-həqir vəzirin əqrəbi və dəst-pərvərdəsi olduğum səbəbə və onun vücudu vasitəsilə bu mənsəbə yetişdiyimə görə, ixlas və sədaqət göstərməkdə bilkülliyyə onun niyyati-həsənəsinə və qaydasına peyrəvilik etmişəm. Müşəxxəsdir ki, qoşunun və vasiti-sahibi-mənsəbanın məvacibi qibleyi-aləmin fərmanı mucibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalət olunur. Çünki xəzineyi-amirədə nüquddan nöqsan görsənmişdi, necə ki, vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. Əgərçi mən fəramini-məvacibi imza edib vilayətlərə həvalə etmişəm ki, məvaciblərin qəti ilə dövləti-əliyyə xalqın nəzərində bietibar görünməsin; amma məxfi hər bir vilayət hakiminə piş-əz-vəqt məktub göndərmişəm ki, mənim tərəfimdən cüdaganə nəviştə olmamış, məhz fərman mucibilə məvacib icra etməkdən etiraz etsinlər. Həmin tədbir səbəbilə xəzineyi-amirənin mədaxili çox təzayüd behəm edibdir və qoşun xalqı və sahibmənsəblər əgərçi bivüsuli-məvacib qalıblar, amma sülh və asayiş zamanı olmaq səbəbilə və İranın kəmaliucuzluğuna görə, məvacibə ziyadə möhtac olmayıblar.
Belə işlər xüsusunda mənim zehni-dəqiqim yədibeyza göstərir; lakin kəvakibin təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə əqlim çatmır...

Növbət yetişdi mollabaşıya, təqrir elədi:

- Cənab əqdəsi-ilahi qibleyi-aləmin vücudi-mübarəkini əimmeyi-əthar hörmətinə cəmin-afati-səmavidən və ərzidən məhfuz etsin! Bu daiyi dəvami-dövləti-qahirənin ixlas və sədaqəti, silsileyi-cəlileyi-Səfəviyyəyə nisbət tövsifdən xaricdir!

Qibleyi-aləmin pedəri-büzürgüvarları zamanınla mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və saniyən, təxvifati-kəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbbisna əşəriyyəyə hidayət etmişəm.

İndi allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babalarının məzhəblərindən əl çəkib hidayətə rağib oldular.

Hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş kimsənələr məsləhət görmədilər ki, lüzumu yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir.

Əlavə, müşəxxəsdir ki, əimeyi-ətharın əhadisi-sərihəsi mucibincə islam mülkündə təxtə və taca malik olan kimsənə zati-şərif və vacibbüttaət məhsub olunmaz. Zira ki, bu dərəceyi-aliyə imama və ya onun naibi müctəhidi-ələmə mütəəlləqdir. Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elam etsinlər ki, haman əhadisin silsileyi-Səfəviyyəyə şümulu yoxdur. Zira ki, xanədani-nübüvvətdən və dudimani-imamətdən zühur ediblər və vazehdir ki, əimmə haman əhadisi qeyrilərinin haqqında buyurmuşlar, nə öz övladlarının.

Bu övqat ki, qibleyi-aləmin vücudu təsiri-kəvakibdən məhəlli-xətərdədir, mənim ürəyim qüssədən, tabadakı balıq kimi büryan olur və qasir əqlimə belə yetişir ki, o məlun münəccimbaşının özü bu işin çərasini bizdən artıq bilir. O qibleyi-aləmə xəyanət edibdir ki, kəvakibin təsirini bildirib, dəfinin əlacını izhar etməyibdir, əlbəttə, bir xəbis fikrə görə; necə ola bilər ki, zəhri göstərə, padzəhri göstərməkdən özünü kənar çəkə?
Peyğəmbər sələvatüllahi-əleyh buyurubdur ki: “küllü münəccimin kəzzab!” Bu hədisi mən onların öz əhvalına isnad edirəm, nə elmlərinə. Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar!

Qibleyi-aləm onun özünü çağırsın, bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər üz gətirsə, boynunu vurdursun.

Mollabaşının münəccimbaşı ilə ədavəti-sabiqəsi var idi. Bu keyfiyyət onun üçün çox yaxşı vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pedərini yandırsın.
Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox əhməq imiş. Nə lazım olmuşdu ki, belə vəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özün dəxi həlakətə sala?
Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi ki:

- Mən qorxdum ki, əgər bu xəbəri şaha əqdəm yetirməsəm, özgə münəccimlər onu yetirərlər; mən şahın nəzərində xəri-nadan qələminə gedərəm, mənsəbdən məzul ollam.
Behər surət, şahın münəccimbaşıdan haman namübarək xəbərə görə zəhləsi getmişdi. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, xacə Mübarəki qaim sövt ilə səda etdi. Xacə hazır olduqda, buyurdu ki:

- Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin!

Xacə qayıdıb, bir saatdan sonra münəccimbaşı hazır oldu. Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb xitab etdi:

- Pedərsüxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən?! Cəllad!

Türfətül-eyndə cəlladi-mühib belində xəncər, əlində tənab içəri girdi. Biçarə münəccimbaşının ərvahı uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu ki:
- Apar bu səgin bu saatda boynunu vur!

Sərdar Zaman xan əgərçi əhli-şəmşir idi, amma çox rəqiqülqəlb adam idi, münəccimbaşının halına tərəhhüm edib ayağa durdu, ərz elədi ki:

- Təsəddüqün olum, bu səgin boynu vurulandan sonra hadisənin dəfi üçün kimdən əlac soruşacağıq? Bu bəndeyi-zəlil, istida edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun qətlindən güzəşt edib, hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər müvafiqi-xahiş cavab verməsə, o vaxt müqəssir və müstövcibülqətldir.
Şah cəllada buyurdu ki:

- Onu qoy get!

Sonra münəccimbaşıya rücu edib dedi ki:

- Məlun, bu saatda hadisənin dəfinə əlac göstər!

Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin dəfinə heç bir əlac bilməyirdi. Amma ölüm qorxusundan izharına iqdam edə bilmədi; ərz elədi ki:

- Təsəddüqün olum. Hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin, gedim “Zici-Uluğ bəyə” mülahizə edim, qayıdım ərz eləyim.

“Zici-Uluğ bəy” də hərgiz bu növ hadisələrin dəfi üçün bir şey mərqum deyil, amma münəccimbaşı istədi ki, bu bəhanə ilə özünü ustadı mövlana Cəmaləddinin yanına salsın və ondan məşvərət soruşsun; çünki onu nücum elmində özündən artıq təcrübəli bilirdi.
Şah rüsxət verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib ərz elədi ki:

- Mövlana Cəmaləddin hüzuru-mübarəkə müşərrəf olmaq istəyir.
Şah buyurdu:

- Çağır gəlsin!

Münəccimbaşı dedi ki:

- Bir az hüzurda qal!

Mövlana otağa daxil olub şaha lazimeyi-sitayiş əmələ gətirdi. Şahın işarəsilə oturub ərz elədi ki:

- Qibleyi-aləm sağ olsun, əgərçi bu bəndə pirlik səbəbilə dərxanədən kənar olub guşəgirlik ixtiyar etmişəm, lakin bu övqat, yəni novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiran etmələrindən qibleyi-aləmin zati-mübarəkinə ehtimali sədəmeyi-üzma olduğu üçün vacibatdan bildim ki, hüzuri-pürnura şərəfyab olub, piş əz vəqt hadisəni elam edib, dəfinə tədbir göstərim. Bu xatirə ki, məbada bu keyfiyyət cavan münəccimlərin bəsirətindən məxfi qala!

Şah nəhayətdə xoşhal olub buyurdu ki:

- Mövlana, biz elə o xüsusda göftgu edirdik. Hadisə məlumdur. Tədbirini izhar edin.
Mövlana ərz elədi ki:

- Qibleyi-aləm bu əyyami-nühusətdə, yəni novruzdan on beş gün keçənədək özünü səltənətdən xəl edə və təxtü tacı təslim eyliyə bir mücrim və vacibülqətl kimsənəyə və özü xəlqin nəzərindən napədid ola. O surətdə kəvakibin təsiri haman mücrimin başında çatlayacaq; çünki o vaxt İran padşahı odur.

Elə ki, hadisə vaqe olur və o mücrim ki, sahibi-təxtü tacdır, həlakətə yetişir, o zaman qibleyi-aləm ixtifadan çıxıb genə təxtü taca malik olur və kəmali-iqbal və afiyətdə səltənət edər.

Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilmiyə və zənn etmiyə ki, qibleyi-aləm ariyətən təxtü tacdan əl çəkir; ta ki, haman mücrimi ki, təxtə çıxacaqdır, müstəqillən padişah bilələr və gərək hərəmxanə xatunlarının da təlaqı verilib kəbin kağızları yırtıla. Sonra olara təklif oluna ki, Abbas Məhəmməd oğluna ki, dəxi padişah deyil və bir fərddir, əfradi-nasdən dübarə mənkuhə olub fəqr və qənaətə razı olurlarmı? Hər birisi ki, razı olsa, ona dübarə Abbas Məhəmməd oğluna nigah oxuna və kəbin kağızı yazıla və hər biri ki, razı olmasa, haman saat buraxıla...

Münəccimbaşı məhləkədən qurtardı. Şahın bəşərəsindən bilkülliyyə qorxu əsəri rəf oldu. Rəngi ağarmış ikən qırmızılığa təbdil tapdı.

Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqdə bülənd oldu. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi ki:

- Əhkami-şərə mütabiq bir qayətdə mücrim və vacib-ülqətl kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək?

Mollabaşı cavab verdi ki:

- Pərvərdigari-aləm qibleyi-aləmə ömri-təbii kəramət etsin. Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi ruyi-zəmində ondan mücrimtər və qətlə müstəhəq bir kimsənə tapılmaz; adına Yusif sərrac deyirlər. Məlum deyil ki, harada tərbiyət tapıbdır. Ancaq bu övqat şəhri-Qəzvində sakin olduğu üçün əcamir və övbaşdan özünə mürid cəm edib, həmişə üləmayi-giramın və xüddami-şəriəti-ğərranın zərbinə və zəmminə zəbangüşadır.

Bu məlun həmişə öz müridlərinə sərahətən zikr edir ki, guya üləmayi-giram əvamə firib verirlər. Məsələn, onun əqidəsilə guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən əvama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. Və bundan əlavə, dövləti-əliyyəyə dəxi bəhslər varid edir, deyir ki, kətxudadan tutmuş padşaha dək küll ərbabi-mənasib əhli-zələmə və qüttpüttəriqdirlər, mülk və millətə hərgiz bunlardan bir mənfəət aid deyil, həmişə öz həvai-nəfsləri ilə biçarə xalqı cərimə və müaxizə və müaqəb edirlər, öz rəftarlarında heç bir qanun və qaydaya mütəmməsik deyillər, bu günə rəftar ancaq əhli-zülmün və qüttaüttəriqlərin əməlidir. Və dəxi zikr edirlər ki, məzhəbi-tənasüxə qaildir.

Bu daiyi-dəvami-dövləti-qahirə belə səlah görürəm ki, qibleyi-aləm səltənəti və təxtü tacı bu məluna təslim etsin ki, kəvakibin təsirindən öz cəzasına yetişib dərəki-əfsələ vasil olsun.

Əfradi-məclis küllən bu rəyi təsdiq edib qaim sövt ilə dedilər ki:

- Yusif sərrac pedərsüxtə bilkülliyə qətlə səzavar və bəlayi-asimaniyə müstəhəqdir.
Şah xoşhal olub buyurdu ki:

- Razıyam onun həlakına! Sabah bu tədbir tamam və kamal mücra olunacaqdır.
Əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı.

Olur ki, xanəndələr bu güzarişin vüquunda şübhə edib onu kizbə həml edələr; bu surətdə mən olardan təvəqqe edirəm ki, “Tarixi-Aləm-Ara”da Şah Abbasın cülusunun yeddinci ilində sadir olan vəqaiəyə mülahizə etsinlər.

İndi bizə lazımdır ki, Yusif sərracı tanıdaq ki, kimdir?

Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbalayi Səlim adlı bir dehqanın oğlu idi. Çünki Kərbalayi Səlim bir mömin və mütəqqi adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu. Bir neçə ildən sonra Yusif sərrac ki, həddi-büluğa yetişib, asari-rüşd özündə mülahizə elədi, təhsili-elm üçün İsfəhana getdi. Oradan dəxi bir neçə ildən sonra Kərbəlaya rəvanə olub, böyük alimlərin məclisində təkmili-ülumə-şüru etdi. Müddəti, mədid, orada məks edib tamam ülumi-islamiyyəyə vaqif oldu. Çünki üləmanın əksəri-ümurda təqəllübünü müşahidə edirdi, ona binaən bu sinfə nifrət bəhəm edib, istəmədi ki, özünü oların zümrəsinə daxil etsin.

Kərbəladan qayıdıb varid oldu Həmədana; orda usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. Zira ki, bu şəhər paytaxt olduğu üçün onun sənətinin rəvacı burada artıq görünürdü.

Qəzvinə varid olandan sonra təəhhül ixtiyar edib dükan açdı, öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu.

Çünki bir mərdi-səlimünnəfs və nikunar idi, həmişə üləmanın və ərbabi-mənasibin hərəkati-naşayistəsi onun xatirinə toxunub, oların zəmmindən və zərbindən dilini saxlamağa qadir ola bilmirdi. Əgərçi bu növ cangüdazlıq ona sadiq və xezrəndiş dostlar bəhəm etdi, nəhayət, axırda bədbəxtliyinə bais oldu.

Sabahı gün şahın buyruğu ilə günortaya iki saat qalmış tamam əyan və əşrəf və ərkani-dövlət və üləma və sadat və cümlə ərbabi-mənasib, kətxudadan tutmuş vüzarayadək dərbari-şahidə hazır olub, hər kəs öz yerində durub kəmali-sükut və biistehzarlıq ilə şahın hüzuruna müntəzir idilər. Bu halda şah başında tac və əlində cəvahir nişan toppuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və şəmşiri-mürəssə zahir olub dərbar otağında ki, bir arşın yerdən rüfətli və xalqa baxan tərəfi bilmərrə açıq və bihaildi, təxtə çıxıb oturdu və üzün hüzzari-dərbada tutub xitab elədi:

- Cəmaət, imdi yeddinci sənədir ki, mən cənabi-əqdəsi-ilahinin məşiyyəti ilə sizə padişaham və bəqədri-imkan sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm və sizdən dəxi çox razı və xoşnudam; çünki Səfəviyyə ocağına olan iradət səbəbilə həmişə mənə ixlas və sədaqət göstəribsiniz.

İndi bir para səbəblərə körə ki, kəşfini mən sizə lazım görmürəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə baguzar edim ki, bu rütbəyə məndən əlhəq və şayistədir. Haman şəxsi mollabaşı və sərdar Zaman xan və vəzir və müstövfi və mövlana Cəmaləddin və münəccimbaşı sizə göstərəcəklər. Gərək küllən gedib kəmali-şükuh və təntənə ilə onu gətirib, bu təxtin üstündə oturdub, müstəqillən özünüzə padişah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayişimdən təxəllüf edib, o şəxsin itaətində qüsur göstərə!

Şah bu sözləri tamam edib, tacı başından götürüb təxtin üstünə qoydu və tamam libasi-faxirini soyunub, şəmşir və kəmərini açıb, bir mündəris libas əyninə geydi və xalqa mütəvvəcceh olub dedi ki:

- İndi mən əfradi-nasdan bir mərdi-fəqirəm: Abbas Məhəmməd oğlu. Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz deyib, təxtdən düşüb hərəmxanaya rəvanə oldu.

Hüzzari-məclis heyran qaldılar. Bilmədilər ki, bu keyfiyyəti nəyə həml etsinlər...
Hərəmxanədə cümlə hərəmlər şahın fərmayişi ilə bir otağa hazır olub qüdumuna müntəzir idilər. Şah mündəris libasda haman otağa daxil oldu. Xubani-hərəm onu bu heyətdə görəndə az qaldılar qəhqəhə etsinlər, amma şahın mühib baxışı və qaş-qabağı olara bu hərəkətdən mane oldu. Şah haman saat xacə Mübarəkə buyurdu ki:
- Molla Rəsulu özünün iki yoldaşı ilə hüzura gətir!

Mollalar dişqarıda pişəzvəqt hazır olmuşdular. Hüzura daxil olduqda şah oturmağa işarə etdi. Sonra üzün hərəmlərə tutub xitab elədi:

- Mənim əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə məcburam ki, bir yaman xəbər sizə elam edəm. Sizə məlum olsun ki, indi mən dəxi İranın padişahı deyiləm, dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və zivərdə və alişan otaqlarda saxlıyam. Mən əfradi-nasdan bir fəqir və biçiz kimsənəyəm. Ona binaən labuddəm ki, sizin təlaqınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz.
Sonra üzün Molla Rəsula tutub buyurdu ki:

- Buların siğeyi-təlaqlarını cari eylə!

Molla Rəsul hamısının təlaqını yanındakı ədleyi hüzurunda oxudu.

Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xövfə və iztiraba düşdülər. Heç keyfiyyətdən hali olmadıqları üçün bilmədilər ki, bu necə qəziyyədir, cümləsi heyran qaldı...

Təlaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək yırtdı. Şah dübarə xubani-hərəkə mütəvəcceh olub dedi ki:

- Əgər sizdən hər biriniz fəqrə və qənaətə razı olub, məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nigah oxutdurram.
Hərəmlərin küllisi təzədən razı oldular ki, şaha mənkuhə olsunlar, çünki şah çox cavan və göyçək oğlan idi və bir də hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər və hərgiz əğillərinə çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. Amma oların cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafi-rizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər ki:

- Biz padişaha mənkuhə olmuşduq və öz bəxtimizdən və dərəcəmizdən çox xoşnud idik; indi ki, bu bəxtəvərlik məhrum olduq Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik.

Həman saat bu iki nəfər mürəxxəs olundu. Oların birisi gürcü qızı idi ki, Gürcüstan valisi şaha peşkəş göndərmişdi; haman günün sabahısı öz əmisi oğlu ilə tamam cəvahiratın və məlbusatın götürüb, ziyadə pul ilə vətəninə müraciət etdi.

Gürcüstanda onun nəqlinə bavər etməyib belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri qaytarsınlar. Amma bilmirəm ki, nə əmr vaqe oldu ki, onu unutdular və bu qız bir cavan gürcüyə ərə gedib axır ömrünədək Gürcüstanda qaldı.
O birisi dilbər Qəzvin əhlindən bir tacirin qızı və bir cavan və xoşru oğlana namzəd idi. Xubru olmaq üçün qəflətən şahın dəllallarının çuğulçuluğu ilə atasından mütalibə olunub şahın hərəmxanəsinə daxil olmuşdu; zikr olunan keyfiyyəti öz arzusuna yetişməyə vəsilə bilib atası evinə qayıtdı və namzədinə vasil oldu.

Sair hərəmlərin nigahı mücəddədən Abbas Məhəmməd oğluna oxunub xacə Mübarəkə əmr olundu ku, cümləsini haman saat Qəzvinin altıncı küçəsini başında müəyyən olunan bir evə piyadə götürüb yetirsin, özü dərbari-şahiyyə qayıtsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanədən çıxıb uzaqlaşdı, napədid oldu.

Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq səmtində vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sərrac fərizeyi-zöhrü əda edib, oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. Yanında dostlarından iki nəfər dəxi var idi ki, onun söhbətinə qulaq asırdılar. Yusif Sərrac bahalıqdan şikayət edirdi ki, biçarə fəqir kəslər haman il çox iztirara düşmüşdülər; çünki keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qilləti cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. Bu keyfiyyət bahalığa bais olmuşdu. Yusif Sərrac deyirdi:
- Təəccüb edirəm bu dövlətdən ki, Qəzvinə su çıxarmaq üçün həzar günə istitaət və qüdrəti var, amma belə qəflətdədir ki, əsla bu əmrə mültəfit olmayıb öz rəyasının halına və paytəxtinin rövnəqinə təvəccöh etmir.

Bu halda meydanın məğrib səmtindən bulut kimi toz qalxdı Yusif Sərrac iynəsi əlində başın yuxarı qovzadı, gördü ki, bir əsas peyda oldu və əsla xəyalından keçirmədi ki, bu əsas və tədarük onun üçündür.

Qabaqda on iki şatır qıvrıq geyinmiş, çəharguşə börk başlarında, onların dalısınca on iki ələmdar əlvan, ələmlər əllərində, sonra dəstəyi-pişxidmətan ki, birisinin başında bir məcməi var idi. Dəsteyi-fərraş, əllərində ağac, onların əqəbində miraxur, yedəyində bir türkmən atı: cəvahir nişan yəhər və əsbab üstündə, mürəssə rəxt başında, mirvarid sinəbənd döşündə, zümrüd qotaz boynunda.

Bunlardan sonra mollabaşı və sərdar Zaman xan, vəzir və möstövfi və mövlana Cəmaləddin və münəccimbaşı, üləmayi-giram və sadati-üzam və sair əyan və əşraf və ərbabi-mənasib və bir dəstə piyada və bir dəstə atlı kəmali-şükuh və aram ilə gəlirdilər.
Elə ki, Yusif Sərracın dükanına bərabər oldular, hamısı dayandı, mollabaşı və sərdar irəli durub, Yusif Sərraca kürnuş etdilər. Yusif Sərrac ayağa durub təvazö elədi, amma qayət təəccübdə. Sonra mollabaşı təkəllümə gəlib dedi:

- Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət təxti bu halda Şah Abbasın vücudundan xalidir. Bizləri sərəfraz və xoşbəxt eləyin, dərbari-şahiyyə təşriffərma olun ki, cülusi-hümayun vaqe olsun.

Yusif Sərrac kəmali-təhəyyürə düşüb heç bilmədi ki, bu nə vaqiədir. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. Bu sözləri ona mollabaşı deyirdi ki, İranda bir mətin kimsənə hesab olunurdu. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. Aqibət məqami-cəvaba gəlib dedi:

- Mənim məxdumum mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm, bilmirəm ki, aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir sərrac babayam. Mən hara, təxtü tac hara?

Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə həml edəm... Mat və heyran qalmışam. Təvəqqei-çakəranə edirəm ki, mənə sataşmayasınız!

Sərdar Zaman xan sözə şüru elədi:

- Usta Yusif, sən bu saatda qibleyi-aləmsən və biz cümləsiz sənin qulun və səgi-asitanən varıq! Sənə çakəranə bizdən təvəqqə etmək münasib deyil, sən xüsrovanə fərmayiş etməyə şayistəsən! Biz nə dəli olmuşuq və nə bəng atmışıq, cümləmiz əqli-səlim və şüuru-kamildə varıq, amma həzrəti-barinin təqdirinə tədbil yoxdur. Bu gün külli-İran mülkündə sənin səltənətin müsəlləmdir.

Mollabaşının qovluna görə dərbari-şəhiyə təşrif-fərma olun ki, cülusi-hümayun vaqe olsun.

Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki:

- Xələti-şahanəni gətirin, qibleyi-aləmi geyindirin!

Pişxidmətlər əllərində məcməi ilə ki, içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar, məcməini yerə qoyub şüru etdilər. Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geydirməyə.

Müxalifət bir yana çatmazdı. Yusif Sərrac məqami-təslimdə durdu ki, üqəla öz xahişlərini əmələ gətirsinlər. Elə ki, libas geyinmək tamam oldu, miraxur mürəssə təxtli atı qabağa çəkdi. Yusif Sərracı mindirdilər ata, əsas qərarı-sabiq üzrə dərbari-şahiyyə rəvanə oldu. Fərraşdarın küçələrdə “berəvid! Berəvid!” səsi hər dəqiqədə ərşə dayandı. Tamam əhli-Qəzvin zükurən və ünasən, səğirən və kəbirən pəncərələrə və damlar üstünə çıxıb nəzzarəyə məşğul oldular və keyfiyyətdən müxbir olmadıqları üçün cümləsi heyrətdə qaldı.

Dərbari-şahinin qapısında fərraşlar Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb kəmali-təzim ilə imarətin otağına daxil etdilər və səltənət təxtinin üstündə oturdular. Ərkani-dövlət, üləma və sadat, əyan və əşraf və ərbabi-mənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. Mollabaşı dua oxuyub taci-səltənəti qoydu Yusif Sərracın başına, şəmşir və kəməri-mürəssəini bağladı belinə, cəvahir bazubəndləri asdı qollarından, mükəlləl toppuzu verdi əlinə, genə bir dua oxuyub, üzün xəlqə tutub dedi:

- Mübarəkbad edin!

Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. Kərrənayi-şadiyanə başlandı çalınmağa. Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. Bu əlamətə görə şəhərdən xaric qələ toplarından yüz on tir şənlik topu atdılar.

Əgərçi Sədi və Hafizdən sonra İranda şer qayətdə tənəzzülə düşüb şüəranın əşarı küllən biməzmun və məhz pul ləffazlıq olmuşdu. Amma genə əlhəmdülillah o halda bir neçə nəfər sahibi-cövhər şair peyda oldu ki, bədahətən cülusi-hümayun üçün qəsaidi-ğərra inşa edib, Yusif şahın təxtə çıxmağını tərif və özünü hikmətdə - Süleymana, səxavətdə - Hatəmə, şücaətdə - Rüstəmə, qüdrətdə - qəza və qədərə təşbih eləyib nəzərdən keçirdilər və tarixi-cülusunu nüktəsən-cani-Qəzvin belə tapdılar:

“Şahi-xuban nəbud Yusifi-ma,

Leyk u şahi-mülki-İran şod”.

Elə ki, bu əmal tamam oldu, mollabaşı xalqa elan etdi ki:

- Mürəxxəssiniz!

Hamı dərbari-şahidən çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə və Əzim bəy pişxidmətbaşı və bir neçə pişxidmət və otaqdan dişrə fərraşlar.

Yusif şah təhəyyür aləmində fikrə piçidə oldu. Bir neçə dəqiqədən sonra xacə Mübarəkə üzün tutub soruşdu:

- Siz kimsiniz?

Xacə Mübarək cavab verdi ki:

- Biz sizin çakərani-müxlisiniz: xacəgani-hərəmik, mən buların böyüyü və bular da mənim zirdəstlərimdirlər.

Sonra pişxidmətlərə üzün çevirib soruşdu ki:

- Siz kimsiniz?

Əzim bəy pişxidmətbaşı cavab verdi ki:

- Biz sizin kəminə nökərləriniz: pişxidmətlərik, mən buların rəisiyəm, bular da mənə tabedirlər.

Yusif şah soruşdu ki:

- Bəs o dişqarıda görükənlər kimdir?

Əzim bəy cavab verdi ki:

- Olar da firqeyi-fərraşdır ki, həmişə xidmət üçün kəmərbəstədirlər.

Yusif şah buyurdu ki:

- Siz dəxi çölə çıxın. Xacə Mübarək, sənin zirdəstlərin də çölə çıxsınlar, sən qal!
Elə ki, hamısı qayib oldu, Yusif şah xacə Mübarəki yanına çağırıb dedi ki:

- Sənin bəşərəndən mən görürəm ki, sən gərək yaxşı adam olasan. Sən allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın.
Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. Fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək cayiz deyil. Çünki həmişə Şah Abbas oturan otağın qapısının dalında dururdu ki, çağırılan saat xidmət üçün hazır olsun, ona binaən, keçən gündə vaqe olan güzarişi və ərkani-məşvərətin göftgusunu tamam eşitmişdi, əhvalatdan xəbərdar idi. Qəziyyəni ibtidadan intihayədən Yusif şaha nəql etdi.

Yusif şah soruşdu ki:

- Bəs Şah Abbas haradadır?

Xacə Mübarək cavab verdi ki:

- Bir gəda libası ilə müləbbəs olub napədid oldu. Məlum deyil ki, haradadır.
Yusif şah aqil adam idi. Kəvakibdən onun hərgiz qorxusu yox idi. Ancaq bu növ qeyri-mütəarəf təriq ilə tərəqqi etmək onun ürəyinə bir vəhşət və qorxu salırdı. Nəhayət, bir belə cəmaətin vücudu ilə səltənətdən özünü kənar tutmağa əsla çarə görmədi. Naçar ümuri-səltənətin icrasına iqdam etdi. İbtida fərraşbaşı Əsəd bəyi ehzar elədi; buyurdu ki:

- Bu saatda on iki fərraş özünlə götürərsən, gedərsən mollabaşı Axund Səmədi və sərdar Zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və münəccimbaşı Sədrəddini və mövlana Cəmaləddini tutarsan, apararsan salarsan Ərkdə olan zindana, qayıdarsan gələrsən, əncami-fərmayişi mənə ərz elərsən!

Əsəd bəy baş vurub rəvanə oldu. Sonra Yusif şah pişxidmətbaşı Əzim bəyi ehzar edib buyurdu ki:

- Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm.
Pişxidmətbaşı ərz elədi ki:
- Tapşırmışam, aşpazlar şam üçün təam hazır etməyə məşğuldurlar.
Şah buyurdu ki:
- Bəs sən və xacə Mübarək gəlin otaqları və hərəmxanəni mənə bir-bir göstərin və məlum edin ki, mənim istirahət otağım hansıdır.
Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər.

Əvvəlinci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə divarı və səqfi münəqqəş olmuşdu.
İkinci otaqda habelə fərşlər döşənmişdi və divarlarında Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi.
Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu.

Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhlivanlarının və Mazəndəran divlərinin surəti yazılmışdı ki, bir-birlərilə cəng edirdilər. Divlər buynuzlu və quyruqlu çəkilmişdi.
Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu.

Hərəmxanə otaqlarının cümləsinin divarlarında qız, oğlan şəkli yazılmışdı ki, oğlanlar qızlara gül dəstəsi təarüf edirdilər və qızlar oğlanlara piyalə verirdilər və hər otaqda rəxti-xab hazır idi.
Yusif şah hərəmxanə otaqlarının birisini özünün istirahəti üçün müqərrər edib xacə Mübarəkdən soruşdu ki:
- Hərəmlərin ziynət otağı hansıdır?
Xacə Mübarək ərz elədi ki:

- O başdakı otaqdır. Amma ağzı qıfıllıdır. Açarı sandıqdar Ağa Həsəndədir.
Şahın buyruğu ilə pişxidmətbaşı haman saat sandıqları hazır etdi. Ziynət otağının qapısını açdılar, şaha göstərdilər: bir böyük otaq idi; içində hər tərəfdən sandıqlar düzülmüş. Sandıqların qapağını götürdülər, qəribə-qəribə ziynət və zivərləri şaha göstərdilər; o cümlədən giranbaha kişmir şalları, lətif ünas libasları, pakizə ipək parçaları, cəvahiratdan qayrılmış güllər və guşvarələr və üzüklər və mümtaz mirvariddən boyunbağılar idi.
Yusif şahın üç qızı var idi. Böyüyü on dörd yaşında, ortancısı on iki yaşında, kiçiyi səkkiz yaşında və iki oğlu var idi: altı yaşında və dörd yaşında.
Qızlarının hər birinə bir gül və bir cüt guşvarə və bir üzük və bir boyunbağı və bir dəst libas və bir rizayi şal və övrətinə bir dəst libas və bir rizayi şal ayırdı; xacə Mübarəkə təslim etdi, buyurdu ki:

- Bunları apararsan Qəzvinin ikinci küçəsində mənim qədimi evimdə övrətimə yetirərsən. Deyərsən ki: mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarımı hüzura göndərsin.

Xacə Mübarək şeyləri iki nəfər fərraşa götürüb getdi.
Bu vaxt gün qürub etdi. Pişxidmətbaşının təklifi ilə şah qayıtdı əvvəlinci otağa. Qızıl şamdanlar yanmışdı. Süfrə döşənmişdi. Şah əvvəl vüzu edib şam və xüftən namazını əda etdi. Sonra süfrə üstündə oturdu. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. Şah yedi, doydu, süfrə yığıldı. Aftaba-ləgən gəldi, şah əlin yudu. Qəhvə gətirdilər, içdi. Qəlyan verdilər, çəkdi.

Bu halda fərraşbaşı Əsəd bəy daxil olub fərmayişi bitirdiyini ərz etdi. Şah buyurdu ki:
- Çox yaxşı, mürəxxəssən!
Sonra xacə Mübarək qayıdıb şeyləri yetirməyini ərz elədi və dedi ki:
- Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. Nəinki onun cəhətindən əndişə etmirlər, bəlkə bu qəziyeyi-mütərəqqibadən çox sevinirlər və şadlıqdan tullanıb-düşürlər.

Şah övrət-uşağı tərəfindən xatircəm oldu.
Xacə Mübarəkdən və pişxidmətbaşıdan bir para əhvalat soruşdu. Gecədən dörd saat keçdi. Ayağa durub xabgahına gəldi; rəxti-xabanı saldılar.

Pişxidmətbaşıya buyurdu ki:
- Qaravul müvəkkillərinə tapşır: qərari-sabiq üzrə hər yerdə qaravul qoysunlar.
Sonra rəxti-xabına girib yatdı. Pişxidmətbaşı və xacə Mübarək çıxdılar, hər birisi öz məqamına getdi.

Sabagı gün Yusif şah salam otağına təşrif gətirib Molla Rəməzanı və Qurban bəyi və Mirzə Cəlili və Mirzə Zəkini ki, onun dostlarından idilər və şahın olara hər xüsusda vüsuqu var idi, ehzar elədi, mənsəbi-mollabaşlığı verdi Molla Rəməzana, sərdarlığı həvalə elədi Qurban bəyə, xanlıq ləqəbilə vəzarəti tapşırdı Mirzə Cəlilə, müstövfiliyi Mirzə Zəkiyə, münəccimbaşılıq mənsəbini bilmərrə mətruk etdi ki, dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət hakimlərinə elamnamə və hökmimüəkkəd göndərilsin ki, bu gündən sonra hərgiz cürət etməsinlər ki, biduni-təcvizi-şəri-şərif bir müsəlmanı mövridi-müaxizəyə gətirsinlər və bacarmasınlar ki, məhz həvayi-nəfsləri ilə bir kəsi cərimə edələr və ya qətlə gətirələr və ya burun-qulağın kəsələr, gözün çıxardalar və hökmdən əlavə hər vilayətə mötəmid baxıcılar təyin oldu ki, gedib vilayətlərin əhvalatından və xalqın həvancindən xəbərdar olub, gəlib ərz etsinlər.
Yusif şah bu baxıcıları hüzura istəyib dedi ki:

- Hakimi-vilayətlərə mənim tərəfimdən elam edərsiniz ki, allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar; yəqin bilsinlər ki, bu növ hərəkət axırda oların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur.

Olar mükərrər müşahidə ediblər ki, bu növ rəftar ilə dövlət cəm edən kəslər axırda baş veriblər və ya kəmali-bədbəxtliyə və zillətə və məskənətə düşüblər. İranda bu növ ilə cəm olunan dövlətin hərgiz heç bir xanədanda davamı olmayıbdır. Hanı damqanlı Cəfər xanın kürurları? Hanı Səlim xan Qaragözlünün dövləti? Hanı şirazlı Mirzə Nağının əmlakı? Padişahani-İran həmişə vəqta ki, bir sahibi-mənsəbi mülahizə edirlər ki, pul cəm edib, sərvətə çatıbdır, haman saat bir bəhanə ilə onu məqami-müaxizəyə gətirirlər, hər nə varıdır əlindən alırlar, özün həlak edirlər və ya zillətə və məskənətə salırlar.
Bu əmrdə hakimi-vilayətlər şəbihdirlər zəlilərə ki, qan sorub şişdikdə, sahibi oları sıxar, tamam sorduqları qanı qusarlar. Kimisi bu cəhətdən ölür və kimisi zəif və lağər olur. Fəəmma əgər hakimlər niknəfəs olub və öz həlal qizqlərinə qane olalar, həmişə öz dərəcələrində baqi və xalq nəzərində müəzzəz və səlatin niyyətində mükərrəm olacaqlar və günbəgün rütbələri izdiyad behəm edəcək.

Bu sözləri təlqin edəndən sonra şah baxıcıları buraxdı. Sonra buyurdu xirac məbləqi mötədil miqdarədək təxfif tapsın və əmr etdi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanələr qayrılsın və mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın, dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin və vilayətlərdə hər bisərüpa özbaşına özünü üləma silkinə daxil etməsin, bu xüsusda mollabaşıdan icazət istəsinlər və sinfi-üləma hər yerdə xalqın ehtiyacına kifayət edən miqdardan ziyadə olmasın və külli-üləmaya güzəran kifafınca xəzineyi-amirədən vəzifə qərardad etdi ki, səltənətə möhtac olub ərbabi-mənasibi xidməti-şahidə əhli-zələmə xitab etməsinlər və əmri-mürafiəni ki, səltənətin ümdə ləvazimatındadır, üləmanın əlindən alıb ərbabi-mənasibin süləhasına bagüzar elədi ki, millət mürafiə cəhətindən özlərini üləmaya möhtac görüb ancaq oları mərcə bilməsinlər və səltənətdən uzaq düşməsinlər və buyurdu ki: vücuhi-bərr hər yerdə süləhadan dörd nəfərə müntəqil olub vilayatın füqərasına dəfqər üzü ilə sərf olunsun və hesabı divana göstərilsin; ta ki, füqəranın bəzi vücuhi-bərrdən bəhrəyab olub, bəzisi məhrum qalmasın və əmr etdi ki, xüms və imam malı verilməsin ta övladi-rəsul-əleyhüssəlam zilləti-sualdan azad olub sair xalq kimi öz kəsbləri ilə vəchi-məişət təhsil etsinlər.

Bu xüsusda mötəbər üləma Yusif şaha kütubi fiqhdən fitvalar çıxardıb göstərdilər. Və vilayətlərə elamnamələr göndərdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayi-dövlətə və çakərani-dərgaha peşkəş versin və payəndaz salsın və heç kəs peşkəş vasitəsilə hökumət tapmağı təmənna etməsin, ancaq öz ixlasını və hüsni-xidmətini, bu mətləbin təhsilinə vəsilə bilsin və maliyyati-divanı hər vilayətdə əmin şəxslərə təslim olunub xəzinə ismilə hər yerdə dursun və məsarifi-səltənət dəftəri üzilə təyin tapıb lazım olan övqatda hər yerin xəzinəsinə həvalə olunsun və rəaya bilkülliyyə həvaləcati-məsarifədən asudəhal qalsınlar. Və dəxi mədaxili-səltənətin izdiyadı üçün qərar qoydu ki, tacirlər və bəyzadələr və xanzadələr və şahzadələr, hətta üləma və sadat və sair sinfi xalq mədaxili əmlakdan şəhərlərdə ondan bir, dehatda iyirmidən bir xəzinəyə versinlər və qoşun xalqının və əhli-xidmətin məvacibi əsla lavüsul qalmasın ki, səltənətin nəqsidir; bəlkə həmişə vilayət xəzinələrindən bilatəxir mücra olunsun. Və bey və şəra olunan əmlakın qiymətindən dəxi xəzinənin nəfi üçün tümənə beş şahı vəz olunsun və qaideyi-beyü şəra tərk olsun ki, tənxah sahibləri bu qaydanın vücudu ilə rəhn alıb borc verməyə mail olmadıqları üçün ərbabi-həvaici müztər edirlər ki, mülk və mallarını ədna qiymətə beyi-şəra etsinlər, bu ümid ilə ki, vədə başında ərbabi-həvanc mülk və mallarının istirdadından aciz olacaqlar.

Çün Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atları yaylağa aparıb bəsləmək bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfalar yetirirdi və oları çapırdı, talayırdı və əmiri-topxanə topçuların cümləsinə xəzinədən məvacib götürüb heç birisinə bir həbbə vermirdi və xəzinədar padşahlıq pulun içinə çox qəli pul qatıb xalqa dağıdırdı və Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alırdı və daruğə dövlətlilərə füqəranın müqabilində üz görürdü, kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar, cümləsini məzul edib, yerlərinə özünə məruf olan şayistə adamlar təyin buyurdu.

Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini həmçeşmi Molla Rəməzana veriblər, qüssəsindən ficətən həlak oldu.

Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin və içində hər yerdə zahir olan quyular örtülsün ki, gəlib-gedənlər olara düşməkdən məhfuz olsunlar və xalqın ərzinə qulaq asmağa və dadına yetişməyə qayda və qərar qoydu və buyurdu ki: Qəzvinin füqərasına bahalıq cəhətilə padşahlıq ambarından buğda verilsin və sahibi-vüquf adamlardan və mahir kənkanlardan bir məclisi-məşvərət bərpa olub Qəzvinə su çıxarmaq üçün göftgü olunsun və təbdir və dəsturüləməl təhrir olunub nəzərə yetişsin.
Bu vaxta Qollanda taifəsindən bir parası Fars xəlicinin qürbündə bir məhəldə sükna etmişdilər. Bu günlərdə oradan bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, İran dövləti ilə mabeynlərdə ticarət üçün şürut bağlasınlar. Elçini əmələsi ilə Yusif şahın hüzuruna yetirdilər.

Onun nəvazişatından və əql və fərasətindən və qaideyi-cahandarlığından elçi və əmələsi vəcd etdilər. Bilkülliyyə məramlarına nail olub tühəf və hədaya ilə mürəxxəs oldular və kəmali-rizaməndlikdə müavidət elədilər.

Yusif şahın cülusundan bir həftə keçdi. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. İran üçün əyyami-firuzluq, əyyami-səadət və iqbal üz verdi. Lakin çifayda, bəni-növi-bəşər heç vaxt yaxşı günə dönməz. Bizim babamız Adəmə və anamız Həvvaya cənnətdə nə əskik idi ki, genə allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir!

Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqallarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət olara xeyli qərib göründü. Əvvəl dedilər ki:

“Görünür bu təzə padşah çox rəhmli və helmli adamdır!”

Sonra onun rəhminə və helminə bəhslər varid etdilər. Bunu süst-rəyliyə və zəifülmizaclığa həml qıldılar. Bundan əlavə dəxi Yusif şahda hezar gunə özgə eyblər tapdılar. Müxtəsəri-kəlam bir belə ziyadə rəhimli padşahın təhti-əmrində zindəganlıq etmək nəhayət dərəcədə məlal-əfza göründü.

Ümənayi-məzul xalqın bu növ niyyətini istinbat etdilər və onu qənimət bilməyə fürsəti fövt etmədilər.

Hər birisinin başına şuriş və tuğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi əzim bərpa oldu. Şurişin əvvəlinci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu:

- Sən allah, Mirzə həbib, de görüm xalq bizim təzə padşahımızın haqqında nə danışır?
Mirzə Həbib cavab verdi ki:

- Xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəyi və bikarə bilirlər.
Miraxur:
- Vallah, Mirzə Həbib, xalq bizdən əqillidir. Doğru deyirlər! Sən allah bu necə əhməqlik idi ki, biz elədik? Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. Qulluğumuzun və ixlasımızn əvvəzində mənsəbimizi də əlimizdən aldı. İndi vilayət içində bir itcə abrumuz yoxdur. Vallah, belə rüsvaylıq olmaz ki, biz tutduq...
Xəzinədar:

- Məgər biz onu padşah elədik! Şah Abbas belə buyurdu; çarəmiz nə idi?
Miraxur:

- Xub, Şah Abbas o vaxt padşah idi, hökmü bizə rəvan idi. İndi ki, Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini ki, deyirlər tənasüxi məzhəbdir, təxtdən aşağı salaq, tələf edək, sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə oturdaq ki, bari nəcabətinə görə təxtü taca səzavar olsun?!

Xəzinədar:

- Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyə mən səninlə məvafiqəm. Amma biz iki adamın əlindən nə gələr? Gedək əmiri-topxanənin yanına, onun rəyini dəxi hasil edək. Axı, o da bizim kimi məzullardandır.

Hər ikisi getdilər əmiri-topxanənin otağına. Əmiri-topxanə oların gəlməyindən çox xoşhal oldu. Qayyət şövq ilə sözlərinə qulaq asdı. Bilkülliyyə olar ilə şuriş xüsusunda müttəfiq olub dedi ki:

- Bu iş süvarilərin sərkərdəsi Bağır xanın rizası olmamış surət tapmaz.
Əmiri-topxanə:

- Bağır xan mənim ilə çox yeganə dostdur. Mən boynuma çəkirəm ki, onu bu əmrdə özümüzə yoldaş edəm. Ona deyəcəyəm ki, bu bidin Yusif şahın əyyami-səltənətində laməhalə bizim başımıza gələn qəziyyə onun da başına gələcək. Vaxt ikən əlacını eləmək gərək yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-amadə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa məscidə daxil olubdur.

Əgər Bağır xan bu əmrə razı olsa, piyadələrin sərkərdəsi Fərəc xan dəxi razı olacaq. Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. Amma siz durun, gedin Qəzvinin köhnə bəylər-bəyisinin yanına, onu dəxi razı edin, boynuna qoyun ki, məzul daruğə və kəndxudalarla bu xüsusda göftgü etməyi və onların rəyini ələ almağı təəhhüd etsin.

Müfəttinlər bir-birlərindən ayrıldılar. Hər birisi getdi iş görməyə.
Mətləb çox tez hasil oldu.

Üç-dörd günün müddətində hamı müntəxəb olunan kəslər göründü və hamısı şurişə meyl və amadəlik göstərdilər. Müfəttinlər qərar qoydular ki:

- Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həkak eləsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər.
Müqərrər olunan günün sübh çağında ki, hələ padşahlıq sarayının qapıları açılmamışdı, külli süvari və piyadə tamam müsəlləh onun ətrafını bürüdülər...
Yusif şah keyfiyyətdən xəbərdar olub buyurdu ki:

- Sarayın qapılarını açmasınlar. Bu günə namünasib hərəkatı Yusif şah mollabaşiyi-sabiq Axund Səmədin, sərdar Zaman xanın və vəzir Mirzə Möhsünün və müstövfi Mirzə Yəhyanın və münəccimbaşının və mövlana Cəmaləddinin tərəfindən ki, əşxasi-sahib qüdrət aşkara onun bədxahları idilər, mənzur edirdi. Ona binaən culusunun ibtidasında ehtiyat yolundan lazım bilib oları həbsə saldırdı. Amma məhləkə özgə tərəfdən açıldı.
Bu halda Yusif şahın dəxi həvaxahları xəbərdar olub müsəlləh və kəsrət və izdiham ilə sərayi-şahiyə anən-fəanən üz qoymağa başladılar. Müfəttinlər ilə müqabil durub nəsihət və mövizəyə şüru etdilər ki, bu hərəkəti tərk etsinlər; fayda-pəzir olmadı; iş islah və müdaradan keçdi; başladılar bir-biriləri ilə atışmağa və cəng etməyə. Qiyamət bərpa oldu. Hər iki tərəfdən baş və candan keçməyə müzayiqə etmədilər. İş atışmaqdan ötüb şəmşir və xəncər ilə bir-birlərinə həmlə etməyə çatdı. Qan su yerinə axdı.

Üç saat yarım kəmali-şiddətlə cəng tul tapdı. Hər iki tərəfdən altı min nəfərə qərib həlak və zəxmdar oldu. Aqibət asari-zəf və inkisar Yusif şahın həvaxahları tərəfindən müşahidə olundu; çünki həqnaşinas xalq peydərpey şəhərdən çıxıb, müffətinlərin dəstəsinə qoşulub kəsrət və qüvvələrinə bais oldular. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi, canın qurtardı.
Müfəttinlər hücum edib sərayi-şahinin qapıların sındırdılar, içəri daxil olub Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu. Kimi söylədi ki, cəng zamanında öz həvaxahlarının dəstəsinə qoşulub özünün hüzurilə oları cəngə dəlir edirdi, əsnayi-cəngdə məqtul oldu, kimi dedi ki, gizlənib, aralıqdan çıxıb, gözdən itkin düşdü.

Xülasə, məqtulların arasında onun nəşi görünmədi. Fəəmma bir başqa yerdə dəxi bu gündən sonra onu nişan verən olmadı. Müffətinlər sərayi-şahini qarət etdilər. Oradan töküldülər bazara: tamam dükanları və karvansaraları taladılar. Oradan çıxıb cühud və erməni küçələrinə aşdılar: hamısının evini dağıdıb tarac etdilər, ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər.

Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovqa sakit oldu.
Sabahı gün rəsayi-şuriş tezdən Ərkə rəvanə oldular. Sərdar Zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və mövlana Cəmaləddini və münəccimbaşını həbsdən çıxardıb, güzarişi nəql edib soruşdular:
- İndi Səfəviyyə nəslindən hansı şahzadəni təxtütaca səzavar görürlər?
Mövlana Cəmaləddin dedi ki:
- Siz allah, deyin görüm bu gün ayın neçəsidir?

Miraxur cavab verdi ki:
- Bu gün novruzdan on altı gün keçibdir.
Mövlana bəşaşət zahir edib dedi ki:
- Dəxi qəm çəkməyin, şuriş dünən vaqe olubdur. Məlumdur ki, afət keçibdir və Səfəviyyə şahzadələrinin heç birisi səltənətə şayistə deyil: tamam kəməndiş və kordurlar. Bir parasını Şah İsmayıl sani kor edibdir, bir parasın Şah Abbas özü; olar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. Bizim padşahımız genə Şah Abbasdır!
Miraxur dedi ki:

- Biz onun padşahlığına çox şadıq. Onun dövründə bizim hamımıza çox xoş keçirdi. Çifayda, nə eliyək ki, o təxtü tacdan əl çəkib gözdən itibdir. İndi bilmirik ki, haradadır.
Mövlana güldü, dedi ki:
- Onun təxtü tacdan əl çəkməyinin səbəbi var idi. İndi o səbəb rəf olubdur. Biz bilirik ki, o harada gizlənibdir. Gedək gətirək, əmarətinə yetirək!
Hamısı ayağa durub gəldilər Şah Abbas gizlənən evə. Onu oradan çıxardıb yetirdilər sərayi-şahiyə, təxtü tacına əvvəlki kimi malik oldu. Hər iş qərari-sabiq üzrə surət tapdı, guya ki, heç bir hadisə vaqe olmamışdı.

Bu kəvakibin həmaqətinə mən təəccüb edirəm ki, necə bilmədilər iranilər oları aldadırlar? Yusif Sərrac hərgiz İranın şahı deyil idi. İranilər onu hiylə üzündən padşahı-məsnu eləmişdilər. Belə sadəlik olurmu ki, kəvakib özlərini iranilərə aldadıb biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər? Şah Abbası kənar qoyub qırx il sərasər onun səffaklığına və cəbbarlığına bietina nazir oldular?

Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma kəvakibi də qınamaq yoxdur. Şah Abbasın xudi-şəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Olara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər. Bu vaxtda İran səltənətinin təxtində oturmuşdu Yusif Sərrac. Ona binaən kəvakib onu aşağı salıb bədbəxt etdilər. Kəvakibin hərgiz xəyalından xütur etməzdi ki, iranilər oları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu oların sədəməsinin altına salacaqlar...

Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı cəng başlayalar.
XS
SM
MD
LG