Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:21

Üzeyir bəy Hacıbəyli. Üsuli-tərcümə


M ü ә l l i m (şagirdә)--Qulaq as görüm, rusca dәrs deyirәm:

Kniqa--kitab; lecit--uzanıbdır; na--üstündә; stala--stolun.

Nişçi--dilәnçi; brodit--ora-bura dolanır; pod--altında; oknami--pәncәrәlәrin; i--vә; prosit--tәvәqqә elәyir; milostınyu--dilәnçi payı.

Ptiçka--quşcuğaz; sidit--oturubdur; na--üstündә; dereve--ağacın.

Sobaka--it; layet--hürür; na--üstünә; nişçeqo--dilәnçinin.

Ded--baba; yedet--bir şeyә minib gedir; v--içinә; qorod --şәhәrin.

Ha, di oxu görüm.

Ş a g i r d--Kniqa--kitab; lejit ... mirzә, qoy yadıma salım, lejit--durubdur....

M ü ә l l i m-- Yox, әgәr dursaydı, onda gәrәk bu cürә dik duraydı.

Ş a g i r d--Lejit, mirzә, yatıbdır ... yox, yıxılıbdır ... yox, belә zad elәyibdir. Mirzә, yәni kitabı istolun üstünә qoyubdular.

M ü ә l l i m--Yox, bilmәdin. Lejit, yәni uzanıbdır.

Ş a g i r d-- Mirzә, yәni uzunmu olubdur?

M ü ә l l i m--Adә yox, uzanıbdır. Sәn yatanda uzanmırsan? Kitab da o cürә uzanıbdır.

Ş a g i r d-- Mirzә, kitab da uzanarmı?

M ü ә l l i m-- Ta çox füzulluq elәmә! Sәnә deyirlәr uzanıbdır, deyinәn ki, bәli, uzanıbdır. Dalını oxu.

Ş a g i r d-- Nişçi--dilәnçi; brodit--hәrlәnir....

M ü ә l l i m-- Yox, ora-bura dolanır.

Ş a g i r d-- Brodit--ora-bura dolanır. Pod ... pod.... Mirzә, pod ... dibindә.

M ü ə l l i m--Yox, altında!

Ş a g i r d-- Altında, oknami--pәncәrәlәrin. Mirzә, pәncәrәnin altında ora-bura dolanmaq olarmı?

M ü ә l l i m--Rusca olar, oxu!

Ş a g i r d--İ--vә; prosit--dilәnir....

M ü ә l l i m--Yox, tәvәqqә elәyir.

Ş a g i r d--Mirzә, tәvәqqә elәyir nәdir?

M ü ә l l i m--Tәvәqqә elәyir, yәni ... zad elәyir: yalvara-yalvara istәyir.

Ş a g i r d--Prosit--yalvara-yalvara istәyir, milostınyu--dilәnçi payı.

M ü ә l l i m-- Dalını oxu.

Ş a g i r d--Ptiçka--quşcuğaz, sidit.... Qoy deyim, sidit--qonubdur.

M ü ә l l i m--Yox, oturubdur.

Ş a g i r d -- Mirzә....

M ü ә l l i m--Sәsini kәs, hәr nә deyirlәr ona qulaq as. (Şagird ürәyindә: görәsәn, quş diz üstә oturubdur, yoxsa bardaşqurma).

Ş a g i r d -- Sidit--oturubdur, na--üstündә, dereve--ağacın; sobaka--it, layet--hürür, na--üstünә, nişçeqo--dilәnçinin (ürәyindә: görünür ki, dilәnçinin üstü çox cındır imiş). Ded--baba; yedet--yedet ... yedet.... Mirzә, yedet--içinә?

M ü ә l l i m--Yox, bir şeyә minib gedir.

Ş a g i r d--Mirzә, bir şey nәdir?

M ü ә l l i m--Necә bir şey nәdir? Mәsәlәn, araba.

Ş a g i r d--Yedet--bir şey arabasına minib gedir.

M ü ә l l i m--Yox, adә, bir şey araba deyil, at da ola bilәr, eşşәk dә ola bilәr, maşın da ola bilәr.

Ş a g i r d--Yedet--ata, ya eşşәyә, ya maşına.

M ü ә l l i m-- Ya qatıra, ya dәvәyә.

Ş a g i r d--Ya qatıra, ya dәvәyә.

M ü ә l l i m-- Ya öküzә, ya itә vә hәtta adama.

Ş a g i r d--Ya öküzә, ya itә vә hәtta adama. Mirzә, mәsәlәn, uşaq anasının qucağına minib gedir, yәni uşaq yedet.

M ü ә l l i m-- Sәfeh söz danışma!

Ş a g i r d -- Minib gedir. V.... Mirzә, v nәdir?

M ü ә l l i m -- V--içinә.

Ş a g i r d-- V--içinә, qorod--şәhәrin

M ü ә l l i m--Bir dә başdan oxu.

Ş a g i r d -- Mirzә, vallah yoruldum.

* * * * *

Ş a g i r d (evә gedә-gedә yolda hava ilә oxuyur): V--içinә, na--üstünә.
XS
SM
MD
LG