Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Üzeyir bəy Hacıbəyli. Biz nə haydayıq?


Keyfimiz kökdür. Şәhәrimizdә hәr axşam "axır çәrşәnbә"lәr vaqe olmaqdadır. Görünür ki, bu axır çәrşәnbә"lәr camaatımızın çox xoşuna gәlir. Zira güllәlәr açılan kimi xalq "sevindiyidәn" bilmir nә qayırsın; biri ora qaçır, biri bura qaçır, adam adama dәyir, arvad uşağa qarışır, uşaq ayaq altında qalır. Faytonçular da şәhәrimizin dar vә çirkin küçәlәrindә "iskaçka" qururlar. Bir mәrәkә olur ki gәl tamaşa elә. Qәrәz, yaxşı dolanırıq, şikayәtә ehtiyacımız yoxdur. Lakin bircә o pisdir ki, hәr "axır çәrşәnbә"lәrin sәhәrisi baxıb görürsәn ki, küçәdә tüllab cümlәsindәn birisinin "h a z a ә m a vә dәllah vә rәsuluhu" sәsi eşidilib, ürәyi naziklәrin qәlbini dәrd vә әlәmlә doldurur. Bu bir az yaxşı deyil, yaxşı deyil o sәbәbә ki, çox cavanlarımıza ağır tәsir edib, binәvaları bәdbinlәr cәrgәsinә salır. Bәdbin cavanlarımız da bir guşәdә oturub, kamali-yas vә kәdәrlә millәtdәn şikayәt edir vә deyirlәr:

"Dәrdimi dağa desәm, dağ әriyәr,

Şam yanar, şölə çәkәr, piltә yanar, yağ әriyәr"

Görürsәn, allah, xalq nә haydadır, biz nә haydayıq? hansı bir işimizә baxsan, görәrsәn ki, sairlәrinkinә bәrәksdir. Xalq deyir ki, bu halda hәr millәtin içindә ittifaq vә ittihad etmәk, bir yerdә iş görmәk lazımdır. Odur ki, biz millәt ittifaq vә ittihadla iş görürük.

Amma biz deyirik: Xeyr, bu halda nifaq, tәzad, xüsumәt vә düşmәnçilik lazımdır. Odur ki, biz millәt bir-birimizi öldürüb, düşmәnçilik davamına səy edirik....

Xalqın ruhanilәri millәtlә bir yerdә çalışıb qәzetlәr nәşr edir vә deyirlәr: "Dur, ey yatmış, sübhdür!"

Amma bizim ruhanilәrimiz qәzetçilәrә lәnәt oxuyub, millәtimizә deyir: "Yatın, ey durmuşlar, hәlә günortaya çox qalıbdır!!.."

Xalqın әyan vә әşrafı, xan vә bәyi millәtin qeydinә qalıb deyir: "Qorxma, ey millәt! Bir-birimizә arxa olub, özümüzü zillәtdәn sәadәtә çıxardarıq. Sizdәn dә himmәt, bizdәn dә himmәt, çalışalım!".

Amma bizim әyan vә әşrafımız, xan vә bәylәrimiz hәlakәt dibinә atılmış millәtin içindә nicat üçün bir qәdәr səy vә tәlaş görüb deyirlәr: heç nә, evimiz yıxıldı! İş belә getsә, daha burada bizim "şәltәmiz işlәmәz!" Ona görә, ey millәt, sizdәn baş yuxarı qalxızmaq, bizdәn başınızdan aşağı basmaq, vuruşalım!"

Xalqın Dövlәt dumasına gedәn vәkili millәt ilә әlvida edib deyir: "Ey millәt, sizә hürriyyәt qazanmaq üçün can qurban edәcәyik! Özüm müzәffәr gәlmәsәm, mәğlub nәşimi vәtәnә göndәrәrlәr. Bir ciddi şey mәni qәmgin edirki, sizdәn ayrılıram!".

Bizim Dövlәt dumasına gedәn vәkil gecә әhli-әyalını başına yığıb deyir ki, necә görürsünüz mәni?! Gedib Peterburqda vәzir-vüzәra ilә hәmsöhbәt olacağam. Adımı qәzetlәrdә yazıb, mәni hәr yerdә tәrif edәcәklәr; onda görün Peterburqdan sizә nә qәşәng şeylәr alıb gәtirәcәyәm. Bir o mәni sevindirir ki, bu vәhşi, qanmaz, rus demişkәn "diki, nekulturnı" adamların üzündәn qurtarıb Peterburq kimi obrazovannı, yerә gedirәm!

Xalqın kişilәri bir-birinә mәdәd yetirib dövlәtli kasıba, qüvvәtli zәifә, elmli elmsizә arxa olub deyir: "belә olmasa, işimiz düz gәtirmәz, yox olarıq!".

Bizim kişilәrimiz bir-birinin ayağından çәkib, dövlәtli kasıbın, qüvvәtli zәifin, elmli elmsizin üstünә minib deyir: mәnә belә xoşdur, altda qalanın canı çıxsın!".

Xalqın arvadları әrlәrini, oğullarını ürәklәndirib deyirlәr: "Gedin mәni düşmәndәn müdafiә edib, candan başdan keçin!"

Amma bizim arvadlar әrlәrinә, oğullarına әyilib deyirlәr: "Qoy xalq bir-birini qırsın, alәm tәlәf olsun, tәki sizә bir şey olmasın!" Vә i. a....

* * * * *

Lakin bәdbin cavanlarımız şikayәtlәrlә ürәyimizi xarab etmәsinlәr. İstәsәk bizim dә ittifaqımız olar, istәsәk bizim dә işlәrimiz düzәlәr. İstәsәk biz dә sairlәr kimi sәadәtә meyl edәrik, istәsәk biz dә axırda mәsul olarıq. İstәsәk biz dә bunların hamısını istәrik. İstәsәk.... Vә bir dә mәxfi qalmasın ki, istәmәyә qalsa, nә var?! Bu bir çox çәtin şey deyil; istә, vәssalam!.
XS
SM
MD
LG