Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Seymur Həziyev döyülüb


Jurnalist döyülməsindən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00
Direct-ə keçid

Azadlıq qəzetinin əməkdaşı Seymur Həziyev martın 25-dən 26-na keçən gecə naməlum şəxslər tərəfindən döyüldüyünü deyir. Abbas Atilay və Sevinc Hüseynzadənin videoreportajı

«Bu hadisənin axarına baxanda görünür ki, hakimiyyət şüurlu şəkildə azğınlığa doğru gedir. Bu isterika deyil, bu şüurlu susdurma planıdır. Fikirləşirəm ki, niyə məhz mən? Fikirləşirəm ki, həm cəbhə funksioneriyəm, eyni zamanda gənclərlə müəyyən əlaqələrim var, həm qəzetdə yazıram. Bu iki təbəqəni birdən susdurmaq üçün belə həll edirlər. Mənə gülməli gəlir belə şeylər. Ən ləyaqətsiz təhqirlərə məruz qalsaydım belə, bu yolu dayandıran deyildim. Mənim üçün bu hakimiyyətin elədiyi hər təhqir şərəfdir.
Seymur Həziyev
Bu qədər zir-zibil içində olan adamlardan təhqir yeməkdən şərəfli heç nə yoxdur».

Bu sözləri Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda keçirilən mətbuat konfransında naməlum şəxslərin döydüyü bildirilən «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev deyib.

O, AzadlıqRadiosuna bildirib ki, gecə 00.30-da yaşadığı Ceyranbatan qəsəbəsinə çatanda, qəsəbənin girəcəyində qapısı açıq mikroavtobus onu gözləyirmiş:

«6 nəfər maskalı məni döyə-döyə mindirdilər mikroavtobusa. İçəridə vurdular, başıma maska keçirdilər. Təxminən 20-25 dəqiqə yol gəldik, bir evə gətirdilər, ev təzə tikilmiş evə oxşayırdı. Orda maskamı götürdülər. Rusdilli, idman cüssəli idi hamısı. Orda məni palçıqda sürüdülər, videoya çəkdilər, yəqin kiməsə göstərəcəkdilər. Sonra gətirib bir yerdə küçədə tulladılar, başımda maska, əlim bir qat «skoçla» bağlı. Ayıldım gördüm bir bina var, yaxınlaşdım. Oğlandan soruşdum ki, bura haradır, dedi bura Binəqədidir».

S. Həziyev hesab edir ki, döyülməsi yazıları ilə bağlıdır:

«Azərbaycanda mətbuat oxuyan bilir ki, ancaq İlham Əliyevdən yazıram, hətta nazirlərdən də yazmıram. Əsas fəaliyyətim «Azadlıq» qəzetinin şərhçisi kimi ölkə başçısının fəaliyyətini təhlil
etməkdir. BU, MƏNİMLƏ BAĞLI 3-CÜ HADİSƏDİR. 2005-ci ildə oğurlanmışam, 2 saat bir zirzəmidə ayağımdan asılı saxlanmışam. 2010-cu ilin mayında saxlanmışam, təcridxanada məni saat yarım döyüblər, yumşaq desək, İlham Əliyevdən yazmamağı tövsiyə ediblər».

«Azadlıq» qəzetinin şərhçisi S. Həziyev döyülməsi ilə əlaqədar tibbi müayinədən keçəcəyini və Media Hüquqları İnstitutunun onun hüquqi müdafiəsini təmin edəcəyini bildirib.

İnstitutun direktoru Rəşid Hacılı AzadlıqRadiosuna Azərbaycanda jurnalistlərin döyülməsinin davamlı olaraq baş verdiyini və son hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəklərini deyib:

«İctimai, siyasi fəallıq bir qədər artanda, jurnalistlərə də basqılar güclənir. Bu, çox təhlükəli başlanğıcdır. Yeni bir siklin başlanğıcıdır. Bu qorxudan, təhlükədən qorunmaq, jurnalist, cəmiyyət həmrəyliyi yaratmaq üçün müxtəlif addımlar atmalıyıq».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, bu barədə mətbuat xidmətində heç bir məlumat yoxdur:

«Belə hal baş veribsə, həmin şəxs dərhal aidiyyəti üzrə polis orqanına ya da 102 xidmətinə müraciət etməlidir. Müraciət daxil olandan sonra araşdırma başlanacaq».
XS
SM
MD
LG