Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:21

Kamil Əfsəroğlu. Xəzri (4)


Əvvəli


- Mirzəliyev kimdi, qədeş? - Şıxəli başını qaldırdı.

- Mənəm də, familyam yadınnan çıxıb bəgəm?..

- Hərii? İnciməginən, təkcə sənin yox e, hərdən öz familyamı da unuduram. Yaxçı ki, sənin yadıva salan var, o pojarnikə "sağ ol" de.

- Paqonnuların adətidi, adamnan rəsmi danışırlar...

- Həri.... - qonşum pivəyə ağızdolusu qurtum vurdu.

Mirtağı köşkdən çıxıb aralıdan köpəyə acıqlandı. Yalnız bundan sonra itin hirsi yatdı, mırıldadı, zingildədi, kiridi. Mancanağın yanındakı torpaq topasının üstünə sərələndi.

Pivəsatan çağırılmamış qonağı köşgün qabağında qarşıladı. Mirtağının üzünün ifadəsi dəyişmişdi, özünü elə göstərirdi, guya qonağın yolunu çoxdan gözləyir, gəlişinə şaddır.

- Nəçənnik, xoş gəlmisən, həmişə sən gələsən, - irişdi. Müfəttiş soyuq baxışlarını, qızıl dişlərini göstərib, irişən satıcıya dikdi.

- Mirzəliyev, keçən dəfə soruşmaq istiyirdim - bu iti sən saxlayırsan? - maraqlandı.

- Yoxx! Atam qəbri, mənnik döyül, nəçənnik, - Mirtağının dili topuq vurdu. - Besprizornudu, buralıqda sülənir özüçün. Başı batsın, məni dost-tanış yanında xəcalətli eliyir.

- Amma bizə hürmədi a, Miri, - Şıxəli söhbətə qarışıb dostuna göz basdı. Onun eyhamlı sözləri müfəttişinin qulağından yayınmadı. Qıyğacı nəzərlə Şıxəlini süzdü, dinmədi. Qoltuğundakı meşin qovluğu əlindən qoymayıb, köşkün ora-burasına zənd elədi, elektrik naqillərini nəzərdən keçirdi. Nəsə gizli bir işin üstü açılacağından qorxurmuş kimi satıcı xoflu-xoflu onun dalınca fırlanırdı, arabir çiynindən sallanan dəsmalla üzünün tərini qurudurdu.

Müfəttiş qovluğu açıb kağız çıxartdı, nəsə yazıb kağızı ortadan çırıb yarısını Mirtağıya uzatdı. Dedi ki, bu dəfəlik onu cərimələyir, sonrasından Allah saxlasın. Köhnə naqilləri dəyişdirməyi, sayğaca yeni, saz qoruyucular quraşdırmağı tapşırdı. Satıcı günah işlətmiş uşaq kimi başını aşağı sallayıb kirimişcə dinləyirdi. Qeyri-ixtiyari çiynindən asdığı dəsmalın ucunu didişdirirdi. Gizlətməyə çalışsa da, onun ürəyindən keçənləri duyurdum elə bil: "Bu yetim qəmişini çəksəydi, canım əlinnən qurtarardı..."

- Mirzəliyev, dediklərimi unutma, cəriməni də gecikdirmə, yoxsa müəssisəni bağlayaram, - müfəttiş bir daha xəbərdarlıq elədi.

Mirtağının belinə cərimə yox, elə bil dağ yıxmışdılar. Qaməti əyilmiş, büzüşüb yumağa dönmüşdü.

- Nəçənnik, müəssisə deyəndə, balaca butkədi də, - yazıq-yazıq zarıdı. - Benzinkolonka döyül ki, pivnoydu... Pivə də ki, ömürbillah "oqneopasnı" sayılmıyıb, od vursan da, yanmaz. - Bu sözləri deyib gözucu Şıxəliyə baxdı. Şıxəli baş barmağını dikəldib işarə vurdu, yəni ki, əla dedin. Bununla kifayətlənməyib, söhbətə qarışıdı, dostuna havadarlıq eləmək istədi.

- Kişi söbətidi, mən ölüm, - dedi, - Pivə yanmır a, yanğını söndürür. O qədər yolu nöş gəlmişik? Gəlmişik cigərimizin odunu-alovunu söndürməyə...

Dostunun sözlərindən ürəklənən Mirtağı nəsə demək istədi, amma müfəttiş ona aman vermədi.

- Mirzəliyev, bil ki, ən böyük benzinkolonka üstündə durduğumuz bu torpağın altıdı. Özü də elə benzinkolonkadı ki, bütün Sovet İttifaqı burdan "zapravka" eliyir...

Mirtağı dönüb yenə mənalı-mənalı dostuna baxdı, yəni bu nə danışır?

Şıxəli pivə içməyinə ara verdi, nəzərini buruqlara sarı dolandırdı. Dedi, Stalin davanı Bakı neftiynən udub. Biliyini göstərməyə yaxşı fürsət tapmışdı. Qıyqacı məni süzüb gülümsədi, yəni necədi, student? Mən başımı yüngülcə tərpətdim. Qonşum ruhlanıb daha nəsə əlavə eləmək istədi, ancaq söz tapmadığındanmı, yoxsa fikri dolaşdığındanmı danışmadı.

Müfəttiş onun dediklərilə razılaşdı.

- Doğrudur, - dilini sürüdü.

- Kliyent vseqda prav, - qonşum burnunu dikəltdi. Pivədən bir qurtum içib, əyilib qulağıma pıçıldadı: - Alə, bu pojarnik elə bilir biz balqabağıq, dünyadan xəbərimiz yoxdu...

"Klient vseqda prav" Şıxəlinin öz fikri deyildi, dükan-bazarda asılmış elandan əzbərləmişdi. Bu elana müştərilər nə qədər diqqətli olsalar da, satıcılar bir o qədər nifrət edirdi. Odur ki, eşitdiyi Mirtağını da açmadı, qəribə baxışla dostunu süzdü. Onun bu baxışı satdığı pivə təki soyuq idi.

Müfəttiş vəzifə borcunu axıracan yerinə yetirmək istəyirdi.

- Mirzəliyev, - dedi, - mənim işim xəbərdarlıq eləmək, ölçü götürməkdi. Xırda bir ehtiyatsızlıqdan mədəni odduyarsan, sənnən qabaq məni basallar Bayıl türməsinə.

Mirtağı onun tutarlı söz-söhbəti qabağında nə cavab verəcəyini bilmirdi, gözünü döyə-döyə baxdı, sonra ağlına nə gəldisə təşərləndi:

- Nəçənnik, sən Mirtağını yaxçı tanımırsan. Pojar olsa, kişi döyüləm, bu boçkaları açıb, pivəni rasxoda buraxmasam. Za to, bilərəm ki, Vətən yolunda zərərə düşmüşəm. Kinoda göstərillər də, "krupnı" pojarları elə pivəylə söndürüllər, köpüklənir, necə lazımdı.

Mirtağının sözlərini qulaq ardına vuran olmadı: mən Şıxəliyə baxdım, Şıxəli də çönüb təəccüblə müfəttişi süzdü.

Müfəttişin dodaqları qaçdı.

- Mirtağı, bildiyin şeyi danış, - qınadı, - sən deyən pivə deyil, kimyəvi tərkibli xüsusi mayedir.

- Həri? - satıcı soruşdu. - Alə, mən də fikirləşirəm, pojarniklər bu qədər malı nöş zay eliyillər? - Səsinə həlimlik gətirib təklif elədi: - Nəçənnik, pivə buz kimidi, bəlkə bir krujka...

- Sağ ol, vəzifə başındayam - müfəttiş susuzluqdan qurumuş dodaqlarını yaladı, pivə çəlləyinə sarı heç baxmadı da. Qovluğunu qoltuğuna vurdu, ayrılanda bir də xəbərdarlıq elədi:

- Dediklərimi unutma, naqilləri dəyişdir.

- Çəşm, - satıcı əlini gözünə apardı.

Yanğınsöndürmə idarəsi müfəttişinin getməyilə elə bil Mirtağının beli, qəddi-qaməti düzəldi, sanki çiynindən dağ aşırdılar.

-Eşitdin də, qədeş, yetimin dediklərini? - üzünü dostuna tutdu. Şıxəli ona ürək-dirək verdi:

- Qorxmaginən, sənə paçka basır.

- Qədeş, özün yaxçı bilirsən, vaxt vardı pojarnikləri adam saymazdıq. Bu şpankə özünü elə dartır, elə bil uçastkovıdan böyük adamdı. Bircə buna haqq vermirəm. Vermirəm deyəndə, təklif eliyirəm, götürmür. Götürsə, arxayınçılıq olardı, yoxsa qalırsan nigaran...

- Nastoyaşi kommunistdi ki... - qonşum dilləndi. - Miri, bəlkə az olduğu üçün götürmür, taksasını qaldırginən, - məsləhətindən qalmadı.

- Necə lazımdı, onun qulluğunda hazıram, Miri canı. O yetimin xasiyyəti belənçikdi, çörək qazanan döyül. Tərsin biridi, eşitdiyimə görə idarədə buna "Zakon Zeynal" deyirlər.

- Hərii?

- Həri. Amma nolsun? O almasa da, pul alan çoxdu, bilmirəm hansını yola salım.

Qonşum pivədən iri bir qurtum içib, ağsaqqal təbiriylə satıcıya məsləhət verdi:

- Miri, uşaq deyilsən ki, bu dünya dövri-qədimnən belənçik gəlib, belənçik də gedəcək. Yeyirsənsə, gərək yedirdəsən də... Naşükür olma, nə qazanırsan, "min bərəkət" deginən.

Pivəsatan isə gileyindən qalmırdı, deyəsən, nəzər qaytarmaq istəyirdi.

- Bu bapbalaca budkaya Cənnət deyirlər, - səsi lap cılızlaşdı. - Əsl Cəhənnəmdi, mən ölüm, iti bağlasan, durmaz. Bir parça çörəyin xatirinə dözürəm, əlacım nədi? Bura pivə içənə yaxçıdı. Mən də ki, seyid nəvəsiyəm, içki-miçki bilmərəm...

- Əlbəttə, qədeş, içməginən, - Şıxəli satıcının sözlərinə dəstək verdi. Əyilib qulağıma pıçıldadı: - İnanma, bizə paçka basır... Alə, get özüvə, məndəki tuzdu. Seyid nəslinə bax, Şanxayın bir nömrəli nəşəxorudu, mən ölüm. Yaxçı tanıyıram, məniynən bir sinifdə oxuyub. Məktəbdə hamı bunu Miri çağırırdı, cılız uşaq idi. İndi kefi kökdü, "tüklənib". Kalan pulu var, amma haçan dindirirsən, ağlayır. Soruşan gərək, qədeş, nöş ağlayırsan, malını-pulunu əlinnən alan var? Şanxayda ilk "QAZ-21" Mirtağıda olub. İndinin özündə qarajda iki maşını var. Hökumət hara baxır, bilmirəm. Nöş soruşan yoxdu, qədeş, buları hansı pula almısan? Amma yetim Şıxəli daş atıb birinin pənəcərəsini sındırsa, qulağınnan tutub salacaqlar qazamata ki, bəs sovet vətəndaşına maddi ziyan vurmusan. Alə, Mirtağı gözgörəti camaata pivədən çox, köpük içirdir, ona gözün üstə qaşın var deyən yoxdu. Bu nədi bəgəm, vətəndaşa maddi ziyan vurmaq deyil?..

Qonşum daha nələrsə deyirdi, amma mən onun dediklərini eşitmirdim. Acqarına içdiyim pivənin nəşəsi məni götürmüşdü, ayaqüstü xumarlanırdım.

- Miri, adama bir dənə buterbrod təşkil elə, - Şıxəli sifariş verdi. Onun sifarişi ürəyimdən oldu, tezdəndən dilimə loxma dəyməmişdi. Üzünü mənə tutdu.

- Qonşu, buterbrodla aran necədi? - soruşdu.

- Əla, - dedim, - tezdən heç nə yeməmişəm, acam.

- Qədeş, bura sənə restorandı - "Novaya Yevropa"dı bəgəm? - məni qınadı. - Mən deyən alayı buterbroddu: pivənin üstünnən yüz araq vuracağıq, sonra yenə pivə gillədəcəyik, olacaq buterbrod. Qarışdıranda buna "Severnoe siyanie" də deyirlər. Öyrən, student, gərəyin olar. Soruşsalar, deyərsən məllimim Şanxaylı Şıxəlidi.

Qonşumun təriflədiyi buterbroddan sonra kefim lap duruldu. O, papirosuna dərin qullab vurub susdu. Daha danışmırdı, gözləri yol çəkirdi, özü demiş, "çorta" getmişdi. Satıcı da başını piştaxtaya qoyub mürgüləyirdi.

Şıxəli boşqabdakı köpüb şişmiş noxudllara duz səpdi, bir-ikisini götürüb ağzına atdı. Gözləri axırdı. Nəsə xatırlayıb dilləndi:

- Bizim məhlədən baxanda sahildə gəmilər görsənir ey, ora hərbi flotiliyadı, bəri tərəfdəki hündür hasarlı boz bina isə məşhur Bayıl türməsidi... Uşaqlığım o türmənin həndəvərində keçib. Dənizə yaxındı, gedib orda balıq tuturdum...

- Tarix kitabında var, 1820-ci ilin tikilisidi, - dedim. - Stalin də Çar zamanında Bayıl türməsində yatıb.

- Həri? Bilmirdim. Deyirlər onun yatdığı kameranı muzey kimi saxlayırlarmış. O yetim də az aşın duzu olmuyub a, bank yarırmış, oğurluq eliyirmiş. Mədənləri yandırırmış... Student, Stalin nöş belənçik eliyirmiş?

Mən tələsmədən oxuyub bildiklərimi qonşumla bölüşürdüm. Əslində, bundan həm də zövq alırdım. Məni sıxan bir şey idi - cınqırını çıxartmadan maraqla "mühazirə" dinləyən "tələbə" "müəllimdən", yəni məndən xeyli yaşlıydı. Ancaq qonşum buna bir o qədər də əhəmiyyət vermirdi. İzah eləyib dedim, bolşeviklər mədənləri yandırırdılar ki, camaat bezib cana yığılsın, çara qarşı çıxsın. Stalin də bankı özü üçün yarmırdı, o pula qəzet buraxır, partiyanın işini aparırdılar. Diqqətlə qulaq assa da, deyəsən, eşitdikləri qonşumun ağlına batmırdı.

- Həri? - ağzını sürüdü. - Qədeş, səniynən razıyam, - dedi, - amma nə qədər olmasa, elənçik işlərin adı oğurluqdu, banditlikdi. Partiyanı dolandırmağın alayı bir "çestni" yolu yoxmuş bəgəm?

Mən çiyinlərimi dartdım. Şıxəlinin bu sualı qəliz idi. Dinmədiyimi görüb, öz sualını özü cavablandırdı:

- Deyirəm, dünyanın işinə bax, mən ölüm, bandit olasan, axırda da gəlib o boyda nəhəng ölkəyə xozeyinlik eliyəsən. Qədeş, oxumuş adamsan, sən yaxçı bilərsən, deyir, o yetim milyonlarnan insanın qanını axıdıb. Türmə görmüş adam idi, ölkəni də qazamata döndərmişdi, türmə qanunlarıyla idarə eliyirdi... Sözü alayı söhbətə gətirirdim, Stalin araya düşdü...

- Deyirdin, dənizdən balıq tuturdun.

- Hə, gənc naturalist idim. Dərsdən qayıdan kimi, tilovu götürüb gedirdim balığa. Bir kərəm türmənin yanından keçəndə, gördüm kağıza bükülü daş düşdü yola. Götürüb açdım, məktub idi. Hasarın o üzündən bir dustaq atmışdı. İndiki kimi yadımdadı, yazmışdı: "Gənc naturalistə atəşin salam! Səni əlində tilov görəndə uşaqlıq illərim yadıma düşür. Bir vaxt mən də pioner qalstuku bağlayardım. "Timur və onun komandası"nı oxumaqdan gözlərimin kökü saralmışdı. Kameradakılarla mərcə getmişəm ki, sən də Timur kimi cəsursan, qorxmazsan. İnanıram ki, haqsız və ədalətsiz tutulub dəmir barmaqlıqlar arxasına atılmış sovet vətəndaşına pioner yardımını əsirgəməzsən..." Adres də yazmışdı ki, gedib Mərdəkanda yaşayan qərdeşinə məktub çatdırım.

Mən cınqırımı çıxartmadan qonşumun söhbətinə qulaq asırdım. Şıxəlinin maraqlı söhbəti mənim, elə onun özünün də başını qatmışdı, bizə hər şeyi unutdurmuşdu.

- Nə isə, qədeş, məktubu oxuyanda gözlərim doldu, - Şıxəli söhbətinə davam elədi. - Üzünü görmədiyim o haqsız tutulmuş adamın halına ağlamağım gəldi. Bilirsən də, uşaq qəlbi kövrək olur. Nə başıvı ağrıdım, səhəri gün dərsdən çıxıb əkildim Sabunçu vağzalına. Elektriçkaya minib, getdim düz Mərdəkana. Güc-bəla ilə adresi tapdım. Qədeş, kaş oleydin yanımda, qərdeşivi necə qarşıladıqlarını gözünlə göreydin - kosmonavtı qarşılıyıllar a, bax elənçiginə... Alayı aləm idi, fısqırıq. Qohum-əqraba yığıldı başıma, məni qucaqlıyıb öpür, cibimə pul basırdılar. Mən də sıxılırdım, deyirdim nə böyük iş görmüşəm, pioner borcumu yerinə yetirmişəm, məktəbdə bizi belənçiyinə öyrədiblər... Nə isə, lələşivi necə lazımdı yola saldılar. Türmədəki o dustağın qərdeşi kiçik bir bağlama verdi, dedi, Şıxəli, bu soyuqdəymə dərmanıdı, balığa gedəndə atarsan barının o üzünə, amma elə elə ki, görən olmasın... Alə, mən də kak "çestnıy" pioner, nə demişdilər, elədim, bağlamanı atdım o taya. Uşaqdım də, ağlım kəsmirdi. Bir kərəm də o üzdən mənə pul atdılar, yazmışdılar ki, aptekdən spirt alarsan, rezin qrelkaya töküb tulluyarsan bizə, boğazı ağrıyan var. Pulun da artığını xərclərsən özünçün. Bir neçə kərəm belənçik haqq-hesablar oldu. Aradan çox keçmişdi. Bir kərəm dərsdən təzə gəlmişdim, Nəzifə nənə də evdə yox idi. Gördüm qapı döyüldü. Açdım. Bir kişiydi, yanağında çapıq. Soruşdu, Şıxəli, tanımadın? Başımı buladım. Dedi, türmədən sənə pul atan mən idim, gəldim sənə "sağ ol" deyim. Kişi kişinin yaxşılığını itirməz... Mənə əntiqə hədiyyə də bağışladı: təsbeh, bir də knopkalı bıçaq idi, türmədə özü düzəltmişdi. Dedi pioner qalstukuvu bağla, çıxaq şəhərə. Nə isə, mindik taksiyə, getdik. Alə, baxıram şəhərin gəzməli yerləri qalıb, bu yetim Naxalstroy, Zibillidərə gəzir. Fikirləşdim, bu xarabalıqdan nə ləzzət alır axı, gəzməyə yer qəhətdi? Nə başıvı ağrıdım, gəldik Papanin küçəsinə. Dəmir darvazalı bir həyətə girdi, mən də taksidə gözlüyürəm. Çıxanda əlində kiçik bir bükülü vardı. Dedi, pioner, bunu qoy cibivə, arxayınçılıq olsun. Bir-iki adresə də getdik. Fikirləşdim, türmədən təzə çıxıb, qohum-əqrabalarını görmək istiyir. Sonra taksini sürdürdü paroma. Orda başı araçqınlı bir özbəklə nəsə xosunlaşdı, alış-veriş elədi. Domsovetin yanında taksini buraxdı. Meydandan dənizkanarı bulvara tərəf keçəndə, baxdım ki, kişinin rəngi qaçdı, oldu kağız təki. Milisləri görmüşdü. Alə, mən nə bilim, bu yekəlikdə kişi paqonnulardan qorxar. Milislər yaxınlaşanda, bu yetim mənə qeyidəsən, Şıxəli, oğlum, bu gördüyün heykəl dünya proletariatının rəhbəri Lenin babanın heykəlidi, Leninin işi uğrunda mübarizəyə hazır ol!.. Nəyi bilməsəm də, belənçik şeyləri yaxçı bilirdim, məktəbdə öyrətmişdilər. Əlimi alnıma aparıb pioner salamı verdim, "həmişə hazıram!" - dedim. Milislər heç nə soruşmadılar, razılıqla başlarını tərpədib uzaqlaşdılar. Yetim yarım saata güclə özünə gəldi. Nədən qorxurdu, bilmədim. Sonradan başa düşdüm, daha doğrusu, dostum Balaəmidən öyrəndim. Baləmi dedi, sən bilməmisən, o kişi nəşə satırmış, səni straxovka üçün götürürmüş. Kimin ağlına gələr ki, pionerin cibində elənçik şey-şüy ola bilər. Kişi iki-üç kərəm də gəldi. Sonra yoxa çıxdı, elə bil heç belə adam olmuyub. Əlbət, təzədən ilişmişdi. Amma yaxçı yazmışdı - "Haqsız və ədalətsiz tutulmuş vətəndaş..." Nə bilim, yaxşısını Allah bilir...

Başını atıb yatmış Mirtağını süzüb, Şıxəli mənalı-mənalı gülümsədi. Elə bildim silkələyib onu oyadacaq, zarafata salıb deyəcək ayıl, stansiyaya çatmışıq. Ancaq satıcını oyatmağa əli gəlmədi, özü kranı açdı, boş krujkanı pivə şırnağının altına tutub doldurdu. Bu dəfə birnəfəsə yox, arxayınca, aramla içdi. Söhbətindən də qalmadı:

- Bu Mirtağıynan məktəbdə dramkrujoka getmişik. Aktyor olmaq istiyirdik. Məllim deyirdi, Mirini bilmirəm, amma, Şıxəli, sənnən artist çıxar, özü də necə lazımdı. Dərsdən çıxanda hərdən qaçırdım muzkomediyaya, deyirdim miyanə bir uşaq rolu verəllər, oynuyaram özümçün. Sonra da bala-bala məşhurlaşaram. Amma məni yaxına qoymurdular, deyirdilər, alə, qaranoy, get dərsivi oxuginən... Mənə elə söz demək olardı? Salırdım tərsliyimə, qapıdan qovurdular, pəncərədən girirdim. Beş-on gün dekorasiya quranların yanında hərləndim. Baxdım, artistlər yavaş-yavaş mənə isinişir. Bir kərəm rəhmətlik Lütfəli Abdullayev dedi, bu uşaqda ki, belə həvəs var, ürəyini qırmaq insafdan deyil, yaman "nastırnıdı"... Yadımda deyil nə komediyasıydı: rejissor dedi, Şıxəli, əsərdə uşaq rolu yoxdu, amma səninçün bir şey fikirləşmişik. Mən işarə verəndə, ağlıya-ağlıya səhnənin bu başınnan girib, o biri başınnan çıxarsan, vəssalam. Ayın axırında gəlib kassadan qanorarını - üç manatını alarsan. O saat beynimdə hesabladım, otuz marojna eliyirdi. Min bərəkət. Nəsə, komediya başladı. Anşlaq idi, boş yer yox idi. Student, sən səhnədən, pərdənin arxasından zala baxmamısan?

- Yox, - dedim.

- Alayı söbətdi, adam elə hisslər keçirir, sözlə demək çətindi, gərək özün görəsən. Gözümü rejissordan çəkmirdim, işarəsini gözlüyürdüm. O da hərdən him-cim eliyirdi ki, tələsmə. Nəsə, bir də gördüm məni itələdilər ki, haydı, çıx səhnəyə. Özümü itirdim, bilmədim neyniyim, key kimi baxırdım. Yadıma sala bilmirdim, səhnədən ağlaya-ağlaya keçməliyəm, yoxsa gülə-gülə. Fikirləşdim ki, ağlamaq bəgəm yetim Şıxəlinin boyuna biçilib? Həyatda da ağla, səhnədə də. Tem bolee, bura muzkomediyadı. Paradda necə gedirlər, elə keçdim - gülə-gülə, tamaşaçılara əl yelliyə-yelliyə. Bir də onu gördüm, aləm qarışdı, pərdəni saldılar. Bildim ki, başımnan böyük qələt eləmişəm, asta qaçan namərddi, aradan çıxdım... İlk rolum "udaçnı" alınmasa da, amma sənə deyim, artistlik xəyalı başımnan çıxmırdı. Sözüm böyük çıxmasın, sənə deyim, artistlik həvəsi qərdeşində indi də var. Elə bilirəm nə vaxtsa öz böyük rolumu oynuyacam... Həə, belə-belə işlər, qırılsın keşişlər...

* * *

"Cənnət" deyilən pivəxanadan nə vaxt çıxdığımızı yadıma sala bilmirdim. Bir onu bilirdim ki, günəş bir boy qalxıb, hava isinib. Gəldiyimiz yolla qayıdırdıq, bu dəfə bələdçilik mənim boynuma düşmüşdü, irəlidə gedirdim. Mənim ardımca Şıxəli ayaqlarını sürüyürdü, onun dalınca isə əfəl, qara it gəlirdi. Köpəyin bu etibarından duyğulandım, gözlərim doldu. İt olmasa belə, gözlərim yenə dolacaqdı. Niyə? Bilmirdim. Bir onu bilirdim ki, ağlayıb ürəyimi boşaltmaq istəyirdim. Ancaq ağlamağa səbəb yox idi. Dalımızca düşmüş itdə də o təpər yox idi ki, hürsün, üstümə cumsun, mən də deyim, qorxudan ağlayıram... Yerimiz-yurdumuz yadıma düşmüşdü: Ağoğlan dağı, Hasanlı meşəsi, Məmmədbəy kəhrizi gözlərimindən çəkilmirdi. "Şəl üzümünün yaxşı vaxtıdı, qoz da çırpılar, yəqin" - fikirləşirdim. Qəhər məni boğurdu, elə bil o doğma yerlərdən ayrıldığım cəmi bircə ay yox, düz bir ildir...

İtin qəfil hafıltısı məni fikirdən ayırsa da, ayağımı saxlamadım. Dəmir buruqların arasında it səsi də qəribə çıxırdı, soyuq, cingiltili. Səs dəmir meşəlikdə dəyişir, parçalanıb qırıq-qırıq olurdu. Sanki bu, it hürməyi deyildi, nəsə naməlum bir heyvanın səsiydi, adamı üşüdürdü.

Yerişimə haram qatdım, üzücü mənzərəni görmək istəmirdim. İstəyirdim bu üfunətli, qırlı-mazutlu məkandan - cansız, ölgün dəmirlər səltənətindən tezcənə yaxa qurtarım. Getdiyi yolu geri qayıtmaq adamdan ötrü lap müşkülmüş: yol həmin yol deyildi, - elə bil, dartılıb uzanmışdı. Əslində, burada yol da yox idi, saysız-hesabsız cığırlar vardı, özü də narın torpaqdakı soxulcan izləri təki qarmaqarışıq idi. Ancaq bu cığırlar dinozavrlar boyda nəhəng soxulcanların iziydi elə bil, bütün mədəni sarımışdı. Torpağı cırmaq-cırmaq eləmiş traktor tırtıllarının rəddi də gözə dəyirdi. Cığırların, izlərin baş-ayağı görünmürdü, cin düyünüydü. Mazut gölməçələri də artıb çoxalmış, böyümüşdü sanki, adamın gözləri alacalanırdı. Nə yaxşı, dəniz vardı - ağ köpüklü, mavi sulu Dəniz. Özü də lap yaxındaydı. Dəniz səssiz-ünsüz və lal idi. O qədər səssiz-ünsüz idi ki, onun da dəli-dolu çağları olduğuna, hərdən tərs damarı tutduğuna inana bilmirsən. Elə bilirsən Dənizin özü boyda da təmkini, dəniz boyda səbr kasası var.

Yolu qarasına gedirdim. Dənizin mavi gözlərini, lal baxışlarını kürəyimdə hiss edirdim. Dönüb dala baxmırdım, baxmırdım ki, birdən dənizi də qapqara - qırla, mazutla dolu görərəm. Ürəyimdə dəniz boyda məhəbbət, dəniz boyda həsrət, mən Dənizdən qaçırdım...

Köpəyin hafıltısına fikirdən ayıldım. Bu hafıltı bambaşqaydı. Ayaq saxlayıb geri döndüm. Şıxəli xeyli dalda qalmışdı. Əlini havada yelləyib məni səsləyirdi. Ona sarı getdim. Mən gəldiyim yolu qayıdırdım, ayaqlarımın hərəsi bir pud ağırlığındaydı.

Qonşum qatran çalasının ortasında müqəvva təki hərəkətsiz qalmışdı. Müvazinətini saxlasın deyə əlindəki ağaca dayaqlanmışdı.

- Tələbə, belə qonşuluq olmaz ki, - gileyləndi, - bayaqdan fit çalıram, məni vecivə də almırsan, baş alıb gedirsən. Demirsən, qonşum harda ilişib qalıb? Bu yetim köpək məni tanıyıb-eləmir, amma gördü zibilə düşmüşəm, şöngüyüb oturdu yanımda. Sənsə... Mən səni alayı cayıl bilirdim, mən ölüm.

Mən günahkarcasına mızıldandım, dilim ağzımda güclə dönürdü.

- Şıxəli, fikirliydim, - deyib susdum. Başqa nə deməliydim ki?..

- Köpey hürməseydi, çıxıb gedeceydin dərsə. "Vışka" qəzetində Akademiyanın nekroloqunu oxuyanda yadıva düşəcəkdim. Tələbə dostlarıva deyəcəkdin ki, rəhmətliklə tezdən pivə içmişəm, indi o dünyadadı... Yaxçı, vaxt ötür, o məftili uzat mənə. Hər şey qurban olduğum Allahın əlindədi: məsləhətsə, dartıb məni çıxardaceysən, məsləhət deyilsə...

Qəhər onu boğduğundan, sözünün dalını gətirə bilmədi. Mən qıra bulaşmış məftili Şıxəliyə uzatdım. Bu adi məftil parçası, neft mədənlərində, əlbət, çoxlarının dadına çatıb, çoxlarını ölümdən qurtarıb. İki dəqiqə sonra məlum oldu ki, məftil işə yarayan deyil. Şıxəlini elə bil ayaqlarından qatran layına mıxlamışdılar, qaldırıcı kran da gəlsə, onu yerindən qopara bilməzdi. Belə yerdə güc özü gücsüzdü, ona görə də baş işlətmək gərək idi. Ola bilməz ki, bunun elmi həlli, yolu olmasın. Elm elə bir açardır, düşmədiyi, açmadığı qapı yoxdur. Ancaq orta məktəbdə həvəslə oxuyub öyrəndiyim humanitar fənlər belə yerdə kara gələn deyildi. Durub şeir oxumayacaqdım ki... Məktəbdə dəqiq elmlərə barmaqarası baxdığıma görə, gec də olsa, özümü qınadım. Yaddaşımın büküyündə ilişib qalan bilgiləri yadıma salmağa çalışdım. Sərxoş beynim xəsislik edir, oxuduqlarımı güc-bəlayla özümə qaytarırdı. Əlbəttə, Paskal qanununun Şıxəlinin düşdüyü bu vəziyyətə aidiyyatı ola bilməzdi, çünki bu fiziki qanun təzyiqin bütün istiqamətlərdə bərabər paylanmasını bildirir. Bəlkə, Arximed qanunu uyğun olardı: mayeyə batmış cismin həcmi onun sıxışdırıb çıxardığı mayenin həcminə bərabərdir. Evrika! Özüdür ki, var: əgər Şıxəlini cism qəbul eləsək, tam batandan sonra onun sıxışdırıb çıxaracağı qırın həcmi cismin həcminə bərabər olacaq... Sevincim çox sürmədi. Durduğum yerdəcə məni soyuq tər bürüdü. Arximedin bu fiziki qanunu cismi mayeyə batırır, çıxartmır. Ayaqlarım heydən düşmüşdü, az qala dizlərim büküləcəkdi. Xəstəsindən əlini üzmüş həkim kimi ümidsiz-ümidsiz köks ötürdüm. Köpək üzümə baxdı. İt hissiyyatlı heyvandır, elə bil vəziyyətin çıxılmaz olduğunu məndən də yaxşı bilirdi. Yazıq-yazıq zingildədi, guya qıra batan Şıxəli yox, o, özü idi. Bir yerdə ki, şüurlu, ağlı başında insan gücsüzdür, Allahın heyvanı orada nə edə bilərdi? Heç nə...

Gözlərim dolmuşdu, qəhər məni boğurdu. Qonşum bunu görməsin deyə, üzümü döndərdim. Ancaq, deyəsən, onun özü də işin zarafatdan adladığını, xilas yolu qalmadığını dərk eləmişdi. Cibindən siqaret çıxartdı, ancaq nə fikirləşdisə, alışdırmadı, ovcunda ovxalayıb tulladı. Bircə qığılcımdan çala od tutub alovlanardı. Bir var yavaş-yavaş batıb gedəsən, bir də var diri-diri alovda yanasan. Mənə elə gəlir, ağlı başında olan ikinci yolu seçməzdi. Nə qədər sərxoş olsa da, Şıxəli doğru yol tutmuşdu.

- Student, deyirəm, dünyanın işinə bax, - Şıxəli fikirli halda dilləndi. - Yaxşı deyiblər, kimin əvvəli, kimin axırı. Əlbət, mənim də alnıma yazılan buymuş...

Özünü tutmağa çalışsa da, danışanda səsi titrəyirdi. Onun dedikləri məni dəhşətə gətirdi, ümidimi hər yerdən qırdı. Vücudumdan soyuq bir gizilti keçdi, titrədim. Elə bil buz mağarasındaydım, titrətmə canımı almışdı.

- Kəlməşəadətimi də bilmirəm ki, oxuyum, - dedi. - Hardan bilim, evdə bişmiyib, damnan düşmüyüb...

Mən ağzıma su alıbmış kimi səsimi udub qonşuma baxırdım. Hərdən onu görmürdüm, gözlərimin qabağından yoxa çıxırdı, bir müddət sonra yenidən peyda olurdu, sanki mənimlə gizlənpaç oynayırdı. Əslində isə, qonşum heç yerə qeyb olmurdu, içkinin təsirindən mənim gözlərim axırdı və huşa getdiyimdən onu nəzərdən itirirdim.

- Elə bilmə, Şıxəli ağciyərdi, ölümnən qorxur, - təşərlənməkdən qalmadı. - Yox, Ətağa cəddi. Onsuz da bir gün yaranan, bir gün gedəcək bu dünyadan, alayı yolu yoxdu. Qorxduğum bilirsən nədi? Deyəcəklər, Şanxaylı Şıxəli qırda batıb. Özümə görə, vesim, hörmət-izzətim var. Dənizdə batsaydım, vecimə da almazdım. Əlbət, mənim də qismətim buymuş... Hökumət adamlarının ağzına çullu dovşan sığışmır, neftə, qıra-mazuta "qara qızıl" deyirlər. Sən elə bilirsən, sabah qəzetlər yazacaq Akademiyanın işçisi Şıxəli qara qızılda batıb? Söbəti yoxdu. Yazacaqlar, içib piyan olub, şestoy mədəndə qır "otxoduynan" dolu çuxurda gəbərib, gedib işinin dalısıyca... Soruşasan, qədeş, sizə gələndə, qır-mazut qara qızıl olur, Şıxəliyə gələndə, "otxod"?.. Mən ölüm, belənçiyinə haqsız dünyada yaşamaqdansa, elə ölmək yaxçıdı. Yaxçı ki, pivnoyda bir dənə “Kazbek” doldurub çəkdim.

- O nədi ki, Şıxəli?

- Sən elənçik şeyləri bilməzsən. Bilməsən yaxçıdı, yoxsa qurşanarsan “Kazbek”ə, beynin dumanlanar, oxumaq-yazmaq yaddan çıxar. Bu saat mənnən ötrü çöl də bayır kimidi, Ətağa. Fikir vermirsən, bəgəm? Elə bil o dünyaya yox, Passaj bazarına Hövsan soğanı almağa gedirəm. Dünya vecimə deyil. Buruqların arasınnan nemes tankı çıxsın, kişi deyiləm, özümü altına atıb onu partlatmasam. Aleksandr Matrosovdan əskik oğlanam, bəgəm?

-Yox! - dedim.

- Məni qınama, deyirəm, yəqin, o da Kazbek çəkib nəşələnibmiş, yoxsa, ürək eləyib özünü nemes pulemyotunun ağzına atmazdı, can şirindi. Bir qullab vurannan sonra olursan əcdaha... Bilirsən Kazbekə nə doldururlar?

- Tənbəki, - cavab verdim.

- Elənçik bilməyin yaxçıdı, - Şıxəli dedi. Sonra əlavə elədi: - Qədeş, tənbəkini tabaçnı fabrikdə doldururlar. Şanxayda isə onu boşaldıb içinə alayı şey yığırlar. Sən deyən, elənçik bazı deyiləm, hərdən, düşəndə dilxoşluq üçün bir-iki qullab vururam özümçün. Alə, bu həyat ayağısürüşkən arvad kimiymiş, ona etibar yoxdu, mən ölüm. Bir adama pisliyin keçməsin, mərdimazarlıq eləmiyəsən, axırın da belənçik olsun. Allaha qurban olum, özü bilən məsləhətdi.

Hönkürüb ağlamaqdan özümü güclə saxlayırdım. Başımıza nə iş gəldiyini dumanlı da olsa dərk eləyirdim. Hərdən isə heç nə dərk eləmirdim, beynim tormozlanır, işləmək istəmirdi. Orta məktəbdəki anatomiya kabinetində insan beyninin gipsdən düzəldilmiş fiquru vardı. Bir-birinə bitişik iki yarımkürədən ibarət idi, üstünü qırış basmışdı. Nədənsə o fiquru görəndə qəribə hisslər keçirirdim. Mənə elə gəlirdi, insan yorulanda, bərkə düşəndə beyninin qırışları daha da çoxalır. Şıxəlini deyə bilmərəm, bu halda mənim beynimin qırışları bəlkə olduğundan on dəfə çox artmışdı. Bu, yaxşıydı, ya pis, bilmirdim, onu bilirdim ki, başım öz başım deyildi.

- Şıxəli, it qalsın yanında, mən gedim, köməyə adam çağırım, - birtəhər sərxoş beynimi işə saldım. Ancaq təklifim qonşumun ağlına batmadı.

- Faydası yoxdu, - dilini sürüdü, - olan olub, keçən keçib. O qədər yolu gedəsi, adam tapası-tapmayası, çox çəkər. Qeyidib göreceysən Şıxəlinin izi-tozu da yoxdu. Bir də, qədeş, sən buralara nabələdsən, uzağa gedə bilməzsən, çuxura düşüb batarsan. Heç olmasa birimiz sağ qalaq... Yanımda ol, sənə deyiləsi sözüm var, qoy ürəyimdə qalmasın. Deyirsən, gedim, köməyə adam çağırım. Səhər-səhər bu mədənlərdə kimin nə iti azıb? Neftçilərin qrafikini bilirəm, iki saatdan sonra burdan alabaş avtobus keçəcək. Tak çto, ip ucu olseydi, sənə məsləhət verərdim. Can mənimdi, qırda batan mənəm, düz deyil, qədeş?

- Hə, - dedim. Amma yox, qonşumun bu halı məni onun özündən az yandırmırdı. "Axı o niyə qırda batmalıdı?" sualını ürəyimdə təkrarlayırdım. Bu sözləri dilimə gətirmirdim. Gətirsəm, nə olasıdı, kim eşidəcəkdi? Eşitsə, yalnız Şıxəli eşidərdi. Onun eşitməyindən nə fayda, biçarənin özü bu suala cavab axtarırdı.

Şıxəlinin dediyinə görə, neft mədənləri çox qurban udub. Şanxayda bir cuhud yaşıyırmış, iti hardasa buralarda qıra düşübmüş. Yiyəsi gedib köməyə adam çağırsın, qayıdanda görüb it də gedib, ip də. "İt batan yerdə insan onnan da tez batar" - fikri məni lap üşəndirdi. Məndən fərqli olaraq, qonşumun davranışında qəribə bir soyuqqanlıq vardı, elə bil düşdüyü vəziyyəti hələ də dərk eləmirdi.

- Qədeş, rus demiş, ya ne pervıy i ne posledniy... Qırda-mazutda keçmişdə də batan olub, indi də var, sabah da olacaq. Alə, bu çuxurlar da bu dünyanın qır qazanlarıdı də, günahı olanları qurban olduğum Allah hərləyib-fırlayıb cəzasını verir. Məni də belə cəzalandırır. Yəqin, nəsə günah işlətmişəm, xəbərim yoxdu. İnsan belə vücuddu - özünün pis əməlini görmür... Beş-altı ilin söbətidi. Burdakı mazut çuxurlarından birində kişi meyiti tapmışdılar, yetim yetmiş il bundan əvvəl batıbmış. Cibinnən Nikolay yüzlükləri çıxmışdı, maaş alıbmış. Zalım balası qırın içində elə qalmışdı, deyirdin indi durub yeriyəcək. Əlbət, o da günah sahibiymiş...

Şıxəli yetmiş il əvvəl qırda batan fəhləylə özü arasında hardasa tale oxşarlığı görürdü. Ancaq dediyinə görə, o fəhlə milliyətcə rus olub, ekspertiza göstərib ki, içkiliymiş.

- İçki məsələsində ruslara çatan olmaz. Bizim adımız çıxıb. Götür məni - hamı elə bilir Şıxəli Allahın verən günü araq-çaxır vurur. Yəqin, sən də elə fikirləşirsən?

Mən susdum, nə deyib, nə danışacağımı bilmirdim.

- Dedin, ya demədin, bilirəm ki, sən də o fikirdəsən. Belə baxırsan ki, Şıxəli hər gün dəmdi. Student, istiyirsən inan, istiyirsən yox, elə olub həftələrlə dilimə içki dəymiyib. Nə gizlədim, əlim aşağı olub. Mən də neyləyim, özümü vururam kefliliyə, guya dəməm. İstəmirəm məhlə cayılları desinnər ki, Şıxəlinin cibində siçanlar oynaşır. Xəcaləti bəsdi mənə. Hərənin bir cür xasiyyəti var. Mən içmiyəndə, sıxılıram, dilim bağlanır. Soruşan gərək, yekə kişisən, nöş utanırsan, kimin yanında gözü kölgəlisən?.. Sən məhlədə təzəsən, gəldiyin nə qədər olar?

- Bu gün düz bir aydı.

- Bu bir ayda görmüsən ki, Şıxəli həyətə girəndə oxumasın?

- Yox.

- Görə də bilməzsən. Baxan deyir dünya-aləm Şıxəlinin vecinə deyil. Alə, bəgəm mən yetimin dərdi-azarı yoxdu, yoxsa insan deyiləm? O var ki, mən içimdə çəkirəm. Bu dünyada gərək özüvü arsızlığa vurasan. Mən də ki, bacarmıram, özümü artistliyə vururam. Arsızlıqdansa artistlik yaxçıdı.

Qonşumun dediyindən belə çıxırdı: hamı kimi, onun da içdiyi günlər də olur, içmədiyi günlər də. Fərqi ondadır ki, içməyəndə də kefli görünmək istəyir, artistlik eləyir. Deyir, Şıxəlinin dərd-sərinin kimə nə dəxli var? Hər kəs öz hayındadı... Sadə, sadə olduğu qədər də maraqlı-müəmmalı olan bu adam elə bir dövranda yaşamaq istəyirdi ki, orada hamı olduğu, göründüyü kimidir və Şıxəli kimisinin də özünü artistliyə vurmağına gərək yoxdur. O, həyatı, özü demiş, alayı cür görmək, alayı cür yaşamaq istəyirdi.

Heyrətdən az qaldı dilim tutulsun - bu batabatda qonşum öz sevimli mahnısını oxuyurdu: "Tapançanı almışam ki, atmağa..." Ancaq mahnını yarımçıq saxladı, yenə ardını gətirmədi. Məni maraq boğurdu: görəsən, o nə sözdü ki, bu nanıq, şüyüm adam onu dilinə gətirmir? Əgər səbəbini indi öyrənməsəm, bu məndən ötrü ömürlük sirr olaraq qalacaq. Ürəyimdən keçənləri oxuyurmuş kimi, qonşum dilləndi:

- Qədeş, bilginən, mən böyük-kiçik yerini gözləyən cayılam. Biz, şəhər camaatı, cəddi-babadan belənçik olmuşuq. Bağışla ki, mahnını axıra kimi oxumuram. Amma sənə deyim, nə hikmət var, elə axırdadı. İkicə kəlmədi, di gəl ki, bir poemacan mənası var. İşdi-şayətdi maraqlansan, bir kərəm yoluvu Kömürçü bazarına salarsan. Baləmini soruşarsan - Sedmoy paralelniynən Poluxinin tinində morojna satır. Deyərsən, rəhmətlik Şıxəlinin dostuyam, o, mahnını oxuyar səninçün.

Vaxtın daraldığını hiss etdiyindən qonşum söhbətinə ara vermirdi: birini tamamlamadan o birinə keçirdi. Mənsə heç nəyin fərqində deyildim, sakitcə onu dinləyirdim. Artıq heç bir çıxış yolu qalmadığını bilirdim, o üzdən də qonşumun dediyini təkcə maraq naminə yox, bir vəsiyyət kimi qəbul edir, ürəyimdən keçirirdim ki, bacardığım qədər onun vəsiyyətlərini yerinə yetirim.

İt zingildədi, şöngüdüyü yerdən qalxdı, pərə qulaqlarını dikəldib şəkləndi, nəsə hənir almışdı. Uzaqdan motor səsi gəlirdi. Boylandım, heç nə görünmürdü. Yaxındakı buruğa qalxdım ki, bəlkə bir şey seçə bildim. Paslu-puslu dəmir pillələri qalxmaq ağaca dırmaşmaqdan çətin gəlirdi mənə. Yuxarı çıxdıqca gözlərim qarşısındakı mənzərə dəyişirdi. Dəniz lal baxışıyla mənə, mən də dənizə baxırdım. Sahil boyu batmış gəmilərin dor ağacları, tüstü boruları dikəlirdi. Bəzilərinin paslı gövdəsi də sudan bayırdaydı. Ora gəmi qəbiristanlığıydı. Dikələn tüstü boruları, dor ağacları isə sulardan boylanan başdaşlarıydı sanki...

Hardasa lap uzaqlarda qazma baltasının səsi gəlirdi. Bir traktor tozanaq qaldıra-qaldıra arxasına bağlanmış dəmir boruları dartıb aparırdı.

Əlimi ağzıma tutub var gücümlə hayladım: "Mərdan hey! Mərdan!!" Səsim uzağa getmədi, elə bil şüşə təki qırılıb buruğun dibinə səpələndi. Bir də çağırmaq istədim, amma bu dəfə səsim o qədər zəif və cırıltılı çıxdı ki, özüm güclə eşitdim. Gümanım vardı ki, kənddəki qonşumuz Mərdan buruq qazanların arasındadır. Neçə vaxtdı şəhərə gəlib, neft mədənlərində işləyir. Çoxları kimi Mərdanı da bu yerlərə dartıb gətirən neftçi həyatının romantikasıydı. O vədə nələr danışmırdı? Deyirdi, tezliklə qəzetlərdə şəklimi görəcəksiniz - qabaqçıl qazmaçı Mərdan Mustafayev. Əzəl başdan öyünüb onu da deyirdi ki, radioda "Neftçi Mərdan" mahnısı eşitsəniz, təəccüblənməyin... Mərdanın şəhərə gəldiyi vaxtdan illər keçmişdi, ancaq onun şəninə hələ ki mahnı qoşmamışdılar və radioda tez-tez səslənən yenə də məşhur "Neftçi Qurban" mahnısı idi...

Buruqdan enəndə it qabağıma qaçdı, quyruğunu bulayıb zingildədi. Üzümdəki ümidsiz ifadəni duyduğundanmı, yoxsa nədənsə tez də səsini uddu, büzüşdü.

- Tələbə, buruğa nöş dırmaşırsan? - Şıxəli başını qaldırdı. - Bu, sənə alça, gilas ağacıdı bəgəm? Yıxılıb eliyərsən, bu da bir dərd olar.

- Buruğa çıxdım ki, bəlkə bir adam görərəm, köməyə gələr. Kəndçimiz Mərdan da hardasa buralarda işləyir.

- Hərii? O da "qara qızıl" çıxardır?.. Ada bax - Mərdan... Mustafa Mərdanov eşitmişəm, "Əhməd hardadı" kinosunda Leylanın atasıdı. O artistin adı Mərdan olsaydı, gülməli çıxardı - Mərdan Mustafayev. Düz demirəm, qədeş?

Şıxəli öz dediyinə özü güldü. "Bu nə qəribə adamdı, bir ayağı gordadı, dünya-aləmi vecinə almır" - heyrətləndim. "Qoy gülsün, yüngülləşsin, axır gülüşüdü", - özlüyümdə ona haqq qazandırdım. Bəlkə də Şıxəli elə bunu dərk elədiyindən gülürdü, gülürdü ki, ürəyini boşaltsın. Ya da, sadəcə olaraq, o dünyaya şən, özü demiş, "vesyolı" getmək istəyirdi.

Gülməyinə ara verib, əlinin arxasıyla yaşarmış gözlərini sildi.

- Bespoleznidi, mən ölüm, - donquldandı, - səhər-səhər burda Mərdanın nə iti azıb?

Nəsə xatırlamağa çalışdı, yarımçıq qalmış bayaqkı söhbətinə qayıtdı:

- Qonşu, sənnən nə gizlədim, mənim elə oxuduğuma baxmaginən, tapançanın patronlarını çoxdan satmışam, - vacib bir sirr açırmış kimi səsini qısdı. Əslində bu, gizli qalası sirr idi, qardaş qardaşa açmazdı. - Alayı yolum yox idi, - dedi, - nöş gedib kiməsə əl açmalıydım? Mən heç zaman kasıbçılıqdan utanmamışam. Nöş utanmalıyam? Hamı varlı olmaz ki... Çətin günlərim çox olub. Tapança söbətini bunnan belə gizlətməyin nə adı var? Uçastkovı Muradov dalımca o dünyaya gəlmiyəcək ki... Onun o dünyada nə işi var? Milislərin işi, haqq-hesabı ölülərnən yox, dirilərnəndi; cibişdana üç manat qoy, bu dünyada kimi deyirsən, qulaqlayıb salsınnar Bayıl türməsinə. Sənə dediyim dostum Baləmi var ey, yetimin cibinə nəşə atıb heç nədən ilişdirmişdilər. Kalan pul basıb canını qurtardı... Qədeş, sən şəhərə nabələdsən, nə yatmısan, nə də yuxu görəsən. Belə baxırsan, bu şəhər dediyin, gennən yekə bir qazana oxşuyur. Düzdü, düz deyil?

Şıxəlinin bu dəfəki sualı lap qəliz idi. Ha çalışdım ki, şəhəri xəyalımda iri qazan şəklində canlandırım, ancaq bacarmadım. Şəhərə nə don deyirsən, geydirmək olar, bircə qazandan savayı. Qonşumun bu müəmmalı bənzətməsi marağımı yerindən oynatmışdı. Odur ki, onu fikrindən yayındırmaq istəməyib cavab vermədim, kirimişcə durdum. Deyəsən, Şıxəli məndən heç cavab da gözləmirdi, sözünün dalını gətirdi:

- Amma bu qazanın içinə baxanda, görürsən çömçəsi yuyulmuyub. Qazanı da qarışdıran nədi, qədeş?

- Çömçə! - bu dəfə fikirləşmədən, tez cavab verdim. Cavab verdim deyəndə, qışqırdım. Səsim bütün mədəni başına götürdü. hətta elə bil buruqların, mancanaqların arasıyla yayılıb hardasa uzaqlarda əks-səda verdi: "Çömçə! Çömçəə!.." İmtahandan müvəffəq qiymət almış tələbə kimi sevinirdim. Şıxəli cavabımdın razı qalmışdı. Məni təriflədi:

- Molodes, student! Tem bolee yuyulmamış bulaşıq çömçə, - dedi. - Nə fərqi varmış, bilmirəm? Qazan nə qədər təmiz olur-olsun, çömçə ki, yuyulmadı, heç nə, apar qeytər... Bu qazanın nələr qaynatdığını yaşıyıb özün göreceysən. Onda lələşivi yadıva salıb deyəceysən, Allah sənə rəhmət eləsin, Şıxəli... Bəs necə? Görə-görə gəlmişik, dünənki uşaq deyilik. Uşaq dedim, yadıma düşdü. Yeri gəlmişkən, sənə bir sirrimi də açım, özümlə gora aparmıyacam ki... İndiyəcən heç kim - dostum Baləmi da bilmir ki, mən detdom uşağıyam. Beşinci sinifdə oxuyanda Nəzifə adlı yaşlı arvad məni övladlığa götürdü. O vaxtdan Şanxayda yaşayıram, o balaca mənzil də Nəzifə nənədən qalıb. Allah qəni-qəni rəhmət eləsin, adı kimi də təmiz ürəyi vardı. Hər bayramda gül alıb qəbrini ziyarət eliyirəm... Hə, dünya elələrindən də xali deyil... Məni Şanxay adam elədi, yoxsa kim bilir axırım necə olacaqdı? Detdomda böyüyənlərin fərlisi az olur... Nəslim-nəcabətim hardandı, məni dünyaya kim gətirib xəbərim yoxdu. Bilmirəm Biləcərliyəm, ya Kəlbəcərli?.. Yaxçısını Allah bilir. Mənə deyirlər, Şıxəli, sənin ürəyin təmizdi. Deyirəm, əlbət, qanımda rayonlu qarışığı var, rayonnular çestni olullar axı. Bir şeyi başa düşmürəm - Şıxəli kimi cayılı da detdoma verəllər? Qədeş, heç nə istəmirəm; imkan olaydı, tapaydım ata-anamı, soruşaydım, nöş belənçik eləmisiz, alə?.. Sən bilən, nə cavab verəllər, student?

Mən çiyinlərimi dartdım, nə deyə bilərdim? Şıxəli doluxsunmuşdu. Görürdüm ki, özünü güclə saxlayır. Kaş ki, ağlasaydı... Dar ayaqda insanın içindəki ağırlıq göz yaşıyla çıxır. Mən Şıxəlinin üzünü görmədiyi naməlum valideynlərinin ona nə cavab verəcəyini haradan bilərdim? Ancaq onun könlünü qırmaq da istəmirdim. Özümdən uydurdum:

- Əlbət, deyərlər, bağışla bizi, Şıxəli, - öz uydurmamdan utandım, üzüm pörtdü.

- Doğrudan, student? - dili topuq vura-vura o, soruşdu. - Yəni "bağışla" deyərlər, qədeş?

- Sən necə, onları bağışlardın, Şıxəli? - suala sualla cavab verdim.

Susdu. Nəsə fikrə getdi. Sualıma pəsdən zümzümə elədiyi şərqiylə cavab verdi:

Ax, zaçem ya na svet poyavilsa,

Ax, zaçem menya mat rodila...

Köks ötürdü. Qəhər boğduğundan səsi titrəyirdi.

- Bu mahnını kinoda yetim bir uşaq oxuyur, - dedi, - Rusiyadakı detdomnan çəkiblər. O filmə düz doqquz kərəm baxmışam. Hər baxanda da uşaqlıq illərim yadıma düşür, ağlıyıram. Baləmi soruşur, qədeş, bu kino səni nöş belənçik ağladır? Mən də cavab vermirəm, nə deyim? Baləmi hardan bilsin ki, o kinodakıları mən həyatda yaşamışam. Detdom uşaqlarının güzəranı hər yanda eynidi, fərqi yoxdu - Rusyetdə olsun, ya burda, yetim yetimdi. O həyatı onu yaşıyan yaxçı bilər.

Şıxəlinin dediyi "Şkid Respublikası" filmini görmüşdüm. Ekranlara çıxdığı iki-üç il olardı. Film iki "detdom" uşağının yazdığı eyni adlı əsər əsasında çəkilib. Başlarına gələnləri və gördüklərini yazıblar.

Qonşum danışmırdı, fikri haradasa uzaqlardaydı. Bəlkə də xəyal onu qayğılı keçmişinə - dediyi o uşaqlıq illərinə götürmüşdü. Əlini nəmlənmiş gözlərinə apardı. Elə bil bunu kirpiklərində donmuş yaş gilələrini silməkdən ötrü yox, işıqlı dünyayadakıları görməsin deyə gözlərini qapamaq üçün elədi.

- Həyatdı da! - köks ötürdü. - Uşaqlığım detdomda keçsə də, heç vaxt dolaşıq işlərə baş qoşmamışam, - dedi. - İndinin özündə də mənnən pislik görən olmuyub, Allaha şükür, sən özün şahidsən. Bir aydı qonşuyuq, mənnən artıq hərəkət görmüsən, qədeş?

- Yox!

- Amma nolsun? Mənim qismətimə baxginən... Alə, nöş belə olmalıdı axı?!..

Mən kirimişcə durmuşdum. Dinib danışmasam da, gözlərimi qonşumdan çəkmirdim. Məndən fərqli olaraq o, dil boğaza qoymurdu, danışıb ürəyini boşaltmaq istəyirdi. Ürəyi isə doluydu.

- Qədeş, üstümü unnu görüb, məni dəyirmançı bilməginən a, - dedi. - Balacalığımnan qazanan olmuşam, əlim pulnan oynuyub. Bəs necə? Amma bədxərclik eliyirdim, sağa-sola xərcləyirdim özümçün. Neyniyim, alə, eşitmişdim atalar deyib, pul əl çirkidi. Mənim yerimə özgəsi olseydi, yağın içində bir dənə "Moskviç" - "Ostorojno, babuşka" deyirdilər - alıb, qoymuşdu qapıya. Məktəbdə mənə milyoner-pioner deyirdilər. Tay-tuşum şirniquş üzünə həsrət qalanda, mən üç-dörd marojna alırdım, hərəsinə bir dişdək vurub atırdım zibil yeşiyinə. Deyən yox idi, Şıxəli, bu puldan at zapasa, nöş bədxərclik eliyirsən? Kim deyəcəkdi? Uşağın başının üstündə gərək böyüyü olsun ki, öyüd versin. Detdomda bizə tərbiyə, öyüd-möyüd verirdilər, amma götürən az olurdu. Ata-ana tərbiyəsi alayıdı. Çoxları deyilənlərin tərsini eliyirdi, acıqnan. Həyatdan heyf çıxırdılar...

Qəhər onu boğduğundan söhbətinə ara verdi. Boynunu irəli uzadıb udqundu, dərindən, sinə dolusu nəfəs aldı. Qır, mazut iyi ciyərini qıcıqladığından, əlini ağzına tutub uzun-uzadı öskürdü. Öskürəkdən nəmli gözləri daha da doldu. Alın yazısına bağladığı taleyinin bu cür faciəli sonunu gözləmirdi. Başını qaldırıb havada uçuşan quşların dalınca baxdı, ah çəkdi. İki gilə göz yaşı yanaqlarından üzü aşağı axdı. Mən görməyim deyə əlinin dalıyla tez göz yaşlarını sildi.

- Deyirdin, bayramnan bayrama içirsən, - dünən mənim dilimdən tutduğu sözləri xatırlatdı. - 7 Noyabr bayramına bir şey qalmıyıb. Heyf, o bayramı "otmeçat" eləmək bu il mənə qismət deyilmiş. Tyotya Polinayla yeyib-içəndə məni də yada salarsız. Stakana araq süzüb, ağzına bir fal çörək qoyarsız, yəni rəhmətlik Şıxəlinin yeri məlum. Tyotya Polina bilir, olarda belə adət var... Eh!.. Olseydi, "yüz" vurardım, necə lazımdı...

Onun bu sözlərindən lap qəhərləndim. Dodaqlarımın islandığını hiss elədim, ağzımda duzlu bir dad duydum, göz yaşlarımın tamıydı. Əslində, bu dad-tam mənə uşaqlıqdan, bəlkə də lap körpəlikdən tanış idi. Ancaq indiki göz yaşlarım həm də təlx idi və elə bil mən bir az əvvəl içdiyim o acını-zəqqumu ağlayırdım. İstəyirdim bayaqdan damarlarımda dolaşan, ayağımdan tutmuş beyniməcən vurmuş o zəhər göz yaşlarıyla birlikdə bədənimdən çıxsın.

Şıxəlinin dediyi "yüz qram" söhbəti onun vəsiyyətlərindən bəlkə də ən asanıydı, hətta o qədər asan idi, onu nəinki 7 Noyabrda, Yeni ildən tutmuş ta dünya zəhmətkeşlərininin Həmrəylik günü olan 1 Mayacan bütün bayramlarda gözüyumulu yerinə yetirmək olardı.

- Arxayın ol, Şıxəli, sən deyən kimi eliyərik, - söz verdim. - Sən "yüz" deyirsən, mən lap "yüz əlli" süzərəm. Qonşuluq bir yana dursun, biz həm də dost olmuşuq. Dost dosta nə gündə gərəkdi?

- Dar gündə, - o, əlüstü cavab verdi. - Qədeş, bunnan da dar gün olmaz ki... Mənim də taleyim beləymiş! Öz əlimdədi, bəgəm? Öz əlimdə olseydi, bu qır çuxurunda nə itim azmışdı? Allahın qismətidi, hərliyib-fırlıyıb çıxartdı qənşərimə... Tələbə, üzüvə tərifləmək olmasın, sənnən dünyalar qədər razıyam, əlinnən gələni elədin. Haqqını halal elə...

- Halal eliyirəm! - dedim. Bu sözləri hıçqırtıyla dedim. Ağladığımı gizlətməyin mənası yox idi. Nəyə düçar olduğu qonşuma gün kimi aydın idi və mənim özümü hardasa toxtaq göstərmək cəhdlərim də yersiz görünürdü. Şıxəli demiş, artistlik eləmək əlimdən gəlmirdi. Lap gəlsə də, mənası nədir?

Oturduğum yerdən qalxdım. Şıxəli məni indi görürmüş kimi, təəccüblə ayaqdan başa süzdü. Dedi:

- Qədeş, baxıram, maşallah, boyun birdən-birə uzanıb elə bil...

Qonşumun dediklərində məntiq vardı, ancaq bir şeyi bilmirdi ki, uzanan mənim boy-buxunum deyildi. Yavaş-yavaş qıra batdıqca o özü kiçilir, mənə aşağıdan yuxarı baxırdı. Nəsə xatırlayıb, əlini cibnə saldı. İpə keçirilmiş açar toplusunu mənə tərəf atdı.

- Mənzilimin açarlarıdı, - dedi. - Dediklərimi yadında saxla: məhliyə qayıdanda, səs salmazsan, guya heç nə olmuyub. Bilqeyis arvad soruşsa, Şıxəli hardadı, deyərsən qaldı Cənnətdə... Şifonerin altındakı əskiyə bükülü "TT"-ni götürərsən...

-"TT" nədi, Şıxəli? - marağımı boğmayıb onun sözünü kəsdim.

- Evivəcən səni, alə, sən kinoya-zada baxmırsan bəgəm? Tapançadı. "Nad Tissoy" kinosunu görməmisən?..

- Görmüşəm, sərhədçilərdəndi.

- Həri... Orda şpion Andreyi "TT"-ylə vurur də... Yadında olsun, əskini açmaginən, əlivin izi silahda qalar. İz də ki qaldı, vsyo, göyə çıxsan da, axtarıb tapaceylər. Sonra gəl sübut eləginən, günahsızsan. Ay elədin ha...

Heyrətdən gözlərim alacalanmışdı, qulaqlarıma inanmırdım. Elə bilirdim həyatının son dəqiqələrində ağını itirib, başlayıb sayıqlamağa. Bir yandan onu qınamırdım da. Niyə qınamalıydım, Şıxəlinin yerinə başqası olsaydı, əlbət, çığır-bağırı mədəni başına götürərdi. O çox sakit idi və dediklərini qəribliyə salmağa gərək yox idi.

- Qədeş, nöş mənə belənçiyinə baxırsan? - soruşdu. - İnan, mən tyomnı işlərdən uzağam. O tapançanın istoriyası alayıdı, yoxsa, yaraq Şıxəlinin nəyinə gərəkdi, yetim oğlandı. Tapanca gəzdirən cayılın karlı dayısı olmalıdı ki, dar ayaqda arxasında diyansın. O əhvalat olmaseydi...

- Hansı əhvalat? - maraqlandım.

davamı
XS
SM
MD
LG