Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Narışkinin səfəri: 'Qərb bizi özündən görmür'... 'Hakimiyyətlərini qorumaq üçün əməkdaşlıq edirlər'


SVR direktoru Sergey Narışkin
SVR direktoru Sergey Narışkin

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olarkən müzakirə edilən məsələlərlə bağlı açıqlama Azərbaycanda hələ də müzakirə edilməkdədir.

SVR-in yaydığı məlumata görə, (Azərbaycanın rəsmi qurumları səfərdə müzakirə edilən məsələlərlə bağlı hər hansı açıqlama yaymayıb), S.Narışkinin Azərbaycan rəsmiləri ilə görüşündə xaricdə anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı aksiyaları vaxtında aşkarlayaraq önləməkdən bəhs edilib. "Xarici xüsusi xidmətlərin Rusiya ilə Azərbaycan ərazilərində ictimai-siyasi sabitsizlik yaratmaq məqsədilə sistemdənkənar müxalifətdən və beynəlxalq terrorçu təşkilatlardan istifadəsinə qarşı birgə səyləri gücləndirməyin vacibliyi qeyd edilib", – qurumun məlumatında vurğulanırdı.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Qərb bizi də, Rusiyanı da özündən görmür"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Hikmət Babaoğlu "Turan"a bildirib ki, prezident İlham Əliyev hələ VII çağırış parlamentinin açılışında ölkəyə qarşı hibrid müharibənin aparıldığını demişdi: "Bu, doğrudan da belədir. Hibrid müharibənin çoxlu müxtəlif komponentləri var: terror, informasiya terroru, ictimai rəyin zəiflədilməsi, demokratiya, insan haqları kimi dəyərlərdən öz məqsədlərində istifadə və digərləri. Bu hibrid müharibəni həyata keçirmək üçün çoxlu sayda universal alətlər var".

Deputatın sözlərinə görə, qloballaşan dünyada dövlətlər təkbaşına öz təhlükəsizliyini təmin edə bilmirlər: "Ona görə də diqqət yetirsək, görəcəyik ki, regional təhlükəsizlik kontekstində regiona təhdid olan aqressiyalara və informasiya müharibəsinə qarşı aparılan birgə mübarizə daha effektiv olur".

H.Babaoğlu Azərbaycanın hibrid müharibələrə qarşı seçdiyi metodlardan da söz açıb: "İlk növbədə burada Türk Dövlətləri Təşkilatları formatında ortaq mübarizə müəyyənləşdirilib. Bir daha qlobal kontekstdə yanaşanda Müstəqil Dövlətlər Birliyi məkanında da bu sahədə görüşlər keçirilir. Ona görə də Narışkinin fikirlərini bu kontekstdə qiymətləndirsək, daha doğru nəticələrə gələ bilərik".

Onun fikrincə, burada Azərbaycanın və ya digər ölkənin daxili işlərinə qarışmaqdan daha çox ortaq təhlükəsizliyin təmin edilməsi məsələlərinin önə çıxdığı görünür: "Nəticə etibarilə Qərb bizi də, Rusiyanı da özündən görmür. Biz Qərb üçün özgəyiksə, onda həm də Qərbin hibrid müharibələrinin obyektiyik".

Seymur Həzi
Seymur Həzi

"Rusiyanın hegemonluğunu göstərən bəyanatdır"

Bu il keçirilən parlament seçkilərini boykot edən Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi isə AzadlıqRadiosuna deyib ki, bu açıqlamaya rəsmi Bakının hər hansı bir təkzibinin olmaması Azərbaycan dövlət suverenliyi üçün ciddi bir təhdidin olduğunu göstərir: "Bu, Azərbaycanın siyasi coğrafiyası üzərində Rusiyanın hegemonluğunu göstərən bəyanatdır. Siyasət hər bir dövlətin daxili işidir və siyasi təşkilatlanma ölkənin daxili qanunvericiliyi ilə olur. Azərbaycan daxilində qeyri-qanuni elan olunmuş hər hansı bir təşkilat yoxdur. Bu baxımından Narışkinin bu açıqlaması provokativ açıqlama idi".

Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın suverenliyi üçün bir təhdid xarakteri daşıyır: ""Sistemdaxili" və "sistemdənkənar" müxalifət anlayışları, habelə "burada kimi nəzərdə tutub" sualı üzərində baş sındırmaqdan daha çox biz diqqəti ona ayırmalıyıq ki, Rusiya faktiki Azərbaycan içərisində əməliyyatla məşğuldur. Bu əməliyyat Azərbaycanın siyasi suverenliyinə müdaxilədir".

Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

"Nə Rusiyada, nə də Azərbaycanda..."

Başqa bir müxalif qüvvənin-Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli də bildirib ki, S.Narışkinin bu sözləri Azərbaycanın daxili işlərinə qarışmaq anlamına gəlir: "Bu ilk dəfə deyil ki, Rusiya Azərbaycanın daxili işlərinə müdaxilə edir. İllər əvvəl Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev demişdi ki, necə olur, Azərbaycanda deputatlığa namizədlər hakimiyyəti açıq şəkildə tənqid edirlərsə, onların namizədliyi qeydə alınır?".

M.Hacıbəylinin qənaətincə, Azərbaycanla Rusiyanı birləşdirən bir cəhət var: "Nə Rusiyada, nə də Azərbaycanda hakimiyyət xalqa məxsusdur. Onlar da öz hakimiyyətini qorumaq üçün əməkdaşlıq edirlər. Azərbaycanda isə Rusiyanın çağırışı olmadan da hakimiyyətin razılaşdırmadığı müxalifət daim təzyiq altındadır".

XS
SM
MD
LG