Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:31

Arusyak Culhakyan: 'Bakı sülh müqaviləsini imzalamamaq üçün bəhanələr uydurur'


Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi komandasından Arusyak Culhakyan
Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi komandasından Arusyak Culhakyan

Bakı Yerevanın keçid sülh razılaşmasına dair təklifini rədd edəndən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi komandasından Arusyak Culhakyan sentyabrən 3-də Azərbaycanı münaqişənin tənzimlənməsinə maneə yaratmaqda ittiham edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Culhakyan bəyan edib ki, Azərbaycan rəhbərliyi növbəti dəfə sülh prosesini əngəlləyib:

“Bu aydındır ki, Bakı sülh müqaviləsini imzalamamaq üçün bəhanələr uydurur. Ermənistan hər dəfə konstruktiv bir təklif irəli sürəndə Azərbaycan ya icrası mümkün olmayan şərtlər qoyur, ya da belə bəyanatlar verir. Məndə belə bir təsəvvür yaranıb ki, Azərbaycan bütün bunları prosesi ləngitmək və sülh müqaviləsini imzalamamaq üçün edir”.

Paşinyan ötən şənbə günü sülh müqaviləsi layihəsində 17 maddədən tam razılaşdırılmış 13 maddəni ehtiva edən keçid sənədi imzalamağı təklif etmişdi. O bildirmişdi ki, bu maddələr Azərbaycan və Ermənistan arasında sülhün bütün əsas prinsiplərini əks etdirir.

Bakının yeni tələbi?

Lakin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu təklifi sentyabrın 2-də rədd etmiş və bildirmişdi ki, Yerevanın təklif etdiyi çərçivə sənədində “mühüm müddəalar” yer almayıb.

Bayramov və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bir daha bəyan etmişdilər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamazdan əvvəl konstitusiyasına dəyişiklik etməlidir.

Üstəlik Hacıyev Ermənistan silahlı qüvvələrinin sayının azaldılması şərtini irəli sürmüşdü.

Azatutyun yazır ki, Ermənistan hökuməti Bakının bu son bəyanatlarına hələlik münasibət bildirməyib.

Ermənistan müxalifəti də Paşinyanın təklif etdiyi yarımçıq sülh müqaviləsi çərçivəsini tənqid edib. Onlar iddia edirlər ki, Paşinyan hətta belə bir natamam sənədin də imzalanmasına razıdır.

Paşinyanın tənqidçiləri onun ümumiyyətlə Azərbaycana münasibətdə siyasətindən narazıdırlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG