Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Rusiya yenə də supermarketi vurdu, azı 14 ölən var


Konstantinovkadakı supermarket zərbədən sonra
Konstantinovkadakı supermarket zərbədən sonra

Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərini atəşə tutan Rusiya hərbçiləri supermarketi vurublar.

14 nəfərin həlak olduğu, daha 35 nəfərin yaralandığı xəbər verilir.

Ukrayna daxili işlər naziri İqor Klimenko deyib ki, ticarət mərkəzində 1000 kvadratmetr sahəni əhatə edən yanğın söndürülüb.

Prezident Volodimir Zelenski hadisə barəsində X platformasında yazıb:

“Rusiya terrorçuları adi supermarketi və poçt idarəsini vurublar. Dağıntılar altında qalanlar var. Xilasetmə əməliyyatı davam edir. Adamları xilas etmək üçün nə lazımdırsa ediləcək”.

Bundan başqa Rusiya hərbçilərinin atəşi nəticəsində yaşayış evlərinə, mağazalara, onlarca avtomobilə ziyan dəyib.

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak teleqram kanalında yazıb ki, “Konstantinovkadakı supermarketə zərbə rusiyalıların növbəti terror aktıdır, mülkilərlə müharibə onların bacardığı yeganə işdir”.

Donetskin hərbi administrasiyasının başçısı Vadim Filashkin bildirir ki, zərbə X-38 tipli raketlə endirilib:

"Bu, adamların sıx olduğu yerə rusiyalıların daha bir məqsədli zərbəsi, daha bir terror aktıdır”.

Hadisə yerində çəkilən foto və videolarda supermarketin dağıntıları üzərindən qara tüstünün qalxdığı görünür.

Rusiya hərbçiləri ötən ilin iyun ayında Kramatorsk şəhərinə iki Iskander raketi atmışdılar. Raketlərdən biri ticarət mərkəzinə düşmüş, azı 10 mülki həlak olmuşdu.

Daha öncə isə Kremençukda ticarət mərkəzinə raket hücumunda 20 nəfər öldürülmüşdü.

Rusiya silahlı qüvvələri Donetsk vilayətinin geniş ərazilərinə nəzarət edir. Vilayətin Ukraynanın nəzarətində olan hissəsi top və aviasiya zərbələrinə məruz qalır.

Bu arada Ukrayna rəsmiləri bildirirlər ki, avqustun 9-da dörd regionda rusiyalıların atəşi nəticəsində 6 nəfər həlak olub.

XS
SM
MD
LG