Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Keşiş Qalstanyan etirazlara yenidən başlayacağını deyir, amma küçələrdə yox...


Arxiyepiskop Baqrat Qalstanyan (Arxiv fotosu)
Arxiyepiskop Baqrat Qalstanyan (Arxiv fotosu)

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Erməni Kilsəsinin baş nazir Nikol Paşinyanın istefasına nail olmağa çalışan arxiyepiskopu Baqrat Qalstanyan bu ay ölkə regionlarına səfərlərini davam etdirir.

Ötən yazda Azərbaycanla sərhədin demarkasiyasından narazı qalan sakinlərin etirazlarına başçılıq edən Qalstanyan deyib ki, iyunun 12-də Yerevanda keçirilən izdihamlı mitinq hökumət tərəfindən sərtliklə dağıdıldıqdan sonra onun hərəkatı mübarizə üçün yeni format üzərində düşünməlidir.

Arxiyepiksop Nikol Paşinyanı Azərbaycana birtərəfli ərazi güzəştləri etməkdə ittiham edir və onun istefasına çağırır.

Avqustun 4-də Şirak mərzinə səfəri zamanı Azatutyuna müsahibə verən Qalstanyan deyib ki, Paşinyanı istefaya məcbur edəcək kampaniya sentyabrın əvvəllərində başlanacaq.

Azatutyunun yazdığına görə arxiyepiskop heç bir spesifik aksiyadan danışmayıb, lakin deyib ki, kampaniyanın ikinci mərhələsi küçə etirazları ilə deyil, tərəfdarların müzakirələri ilə başlanacaq.

Keşiş Paşinyanı nəzərdə tutaraq deyib ki, “antixrist” hakimiyyətdən “xoşluqla” getməlidir.

Qalstanyan bildirib ki, mübarizə metodları dəyişdiriləcək, çünki onlar hökumətin sərt hərəkətlərindən nəticə çıxarıblar.

Hakimiyyət narahat deyil

Keşiş onun antihökumət hərəkatının zəiflədiyinə dair iddiaları bir daha rədd edib. O iddia edib ki, hərəkata “daxildən və xaricdən” dəstək artıb.

Azatutyun yazır ki, bu yaxınlarda ölkə regionlarına səfər edən baş nazir Nikol Paşinyan, sakinlərdən, o cümlədən sərhədyanı ərazilərin sakinlərindən böyük dəstək alıb. Baş nazir Qalstanyanın dediklərini şərh etməyib.

Paşinyanın siyasi tərəfdarları keşiş Qalstanyanın başçılıq etdiyi hərəkatın zəiflədiyini iddia edirlər.

Baş nazirin “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Arpi Davoyan Azatutyuna deyib ki, Qalstanyanın etirazlar barədə yeni bəyanatları hakimiyyəti narahat etmir:

“Mən uğur qazana bilməyən bir keşişin Ermənistan rayonlarını gəzməsindən, saxta və yalan məlumatlar yaymasından niyə narahat olmalıyam?”

Xatırlatma

Erməni Kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasından narazılığından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan Yerevana yürüş edib.

O Ermənistan paytaxtında keçirdiyi bir neçə mitinqdə demarkasiyadan narazılıq barədə söz salmayıb, baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

İyunun 12-də keçirilən mitinqdə iştirakçılar polislə toqquşmuş, onlardan bəziləri parlamentin və hökumətin binalarına daxil olmağa çalışmışdılar.

Polis etirazçılara qarşı səs qumbaralarından istifadə etməklə izdihamı dağıdıb.

Bundan sonra Qalstanyan fəal etiraz aksiyalarından geri çəkilib və bəzi müxalifət liderlərini ona dəstək verməməkdə ittiham edib.

Hakimiyyət Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının zəiflədiyini bildirir.

XS
SM
MD
LG