Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Avropa Rusiyanın dondurulmuş pullarından Ukraynaya 1.5 milyard avro veriləcəyini bəyan edib


Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən alınan 1.5 milyard avronun Ukraynaya veriləcəyini bəyan edib.

Onun sözlərinə görə bu vəsait Ukraynanın müdafiəsinə və bərpa olunmasına xərclənəcək.

"Kremlin pullarından Ukraynanı və bütün Avropanı həyat üçün daha təhlükəsiz etməkdən daha yaxşı rəmz və tətbiq ola bilməz”.

Avropa İttifaqının Şurası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən alınmış gəlirlərin Ukraynaya verilməsinə dair qərarı ötən may ayında qəbul etmişdi.

Çexiyanın xarici işlər naziri Yan Lipavski demişdi ki, Ukrayna bu qərar əsasən 2024-cü ildə 3 milyard avroyadək yardım ala biləcək və bu vəsaitin doxsan faizi Kiyevin hərbi cəhətdən dəstəklənməsinə xərclənəcək.

Nazir demişdi ki, "Rusiya öz təcavüzkar müharibəsi ilə vurduğu ziyanı ödəməlidir”.

Bundan əvvəl Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya dəymiş ziyanın təzminatı üçün istifadə olunacağını bildirmişdi.

Lakin vəsait əvvəl planlaşdırıldığı kimi Ukraynanın bərpa edilməsinə deyil, ona silahların alınması kimi daha mühüm ehtiyaclara xərclənəcək.

Bəyənilmiş ideya

Qərar alınmışdı ki, Rusiya aktivlərinin gəlirlərindən alınan vəsaitin 90 faizi Avropa Sülh Fonduna köçürülsün. Fond bu vəsaitdən Ukrayna üçün silah alan Aİ üzvlərinin məsrəflərinin ödənməsi üçün istifadə etməli idi.

Vəsaitin qalan 10 faizinin Aİ büdcəsinə yönəldilməsi və gələcəkdə Ukrayna müdafiə sənayesinə xərclənməsi təklif olunmuşdu. Bu təklifi Aİ üzvlərinin əksəriyyəti bəyənmişdi.

ABŞ, Aİ və başqa ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri Moskvaya qarşı sanksiyalar tətbiq ediblər, habelə Rusiya banklarının və oliqarxlarının aktivlərini dondurublar.

Hazırda Avropa İttifaqı banklarında Rusiyanın 260 milyard avroluq aktivləri dondurulub.

Reuters agentliyinin məlumatına görə Qərbdəki Rusiya aktivlərinin 70 faizi Belçikadakı Euroclear qiymətli kağızlar depozitarisində saxlanır.

Söhbət Rusiya Mərkəzi Bankının 190 milyard avroluq qiymətli kağızlarından və vəsaitlərindən gedir.

XS
SM
MD
LG