Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Viktor Orban elan etmədən Kiyevə gəlib və Zelenski ilə görüşüb


Ukrayna prezidenti Volodimir Zelenski iyulun 2-də Kiyevdə Macarıstanın baş naziri Viktor Orbanla görüşüb
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 2-də Kiyevdə Macarıstanın baş naziri Viktor Orbanla görüşüb

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə, əvvəlcədən elan edilməmiş səfərə gəlib.

Budapeştdən verilən rəsmi məlumata görə bu danışıqların əsas mövzusu “sülh əldə edilməsidir”.

Bu, Orbanın Kiyevə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan bəri ilk səfəridir.

O bundan əvvəl Kiyevin dəvətinə baxmayaraq Ukraynaya səfərdən imtina etmişdi.

2022-ci il fevralın 24-dən sonra Avropa İttifaqı ölkələrinin bütün liderləri Kiyevə səfər ediblər. Macarıstan Ukraynaya nazirlər kabinetinin nümayəndələrini göndərib.

Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına rotasiyalı sədrliyə başlayıb.

Financial Times yazır ki, Macarıstan baş nazirinin Ukraynaya səfəri barəsində qərar Orbanın Zelenski ilə Aİ-nin Brüsseldə keçirilən sammiti əsnasında görüşündən bir neçə gün sonra qəbul edilib.

Qəzet yazır ki, həmin görüş zamanı Zelenski və Orban Ukraynanın Zakarpatye vilayətində yaşayan macar diasporasının məsələlərini müzakirə ediblər.

"Məxfi danışıqlardan" sonra açıq bəyanatlar

İyulun 2-də Orban və Zelenski görüşdən sonra bəyan ediblər ki, Kiyev və Budapeşt – Ukrayna və Aİ, habelə ABŞ arasında bağlanmış müqavilələrə bənzər qlobal razılaşma üzərində işləyəcəklər:

"Bizim bugünkü məsələlər barəsində dialoqumuz dövlətlərimiz arasında gələcək ikitərəfli sənədin əsası ola bilər. Bu sənəd bizim münasibətlərimizi tənzimləyəcək və ölkələr arasında simmetriyaya əsaslanan yanaşmanı bərqərar edəcək”.

Zelenski bunu da deyib ki, Macarıstanda ukraynalı qaçqın uşaqlar üçün ilk məktəb açıla bilər.

Orban vurğulayıb ki, Macarıstan Ukrayna iqtisadiyyatının modernləşdirilməsinə dəstək verməyə hazırdır.

Ukraynada müharibədən söz açan Orban deyib ki, Zelenskiyə hazırkı cəbhə xətti boyunca dərhal atəşin dayandırılmasını təklif edib:

"Mən cənab prezidentə izah etdim ki, onun təşəbbüslərinə beynəlxalq diplomatiyanın qaydalarına görə çox vaxt lazım gələ bilər. Buna görə də mən cənab prezidentə məsələyə bir az başqa cür yanaşmağı, əvvəlcə atəşi dayandırmağı, sonra isə Rusiya ilə danışıqlara başlamağı təklif etdim”.

Bununla yanaşı o əlavə edib ki, öz təşəbbüsü üzərində israr etmir və bu məsələyə dair Zelenskinin arqumentlərini nəzərə alır.

Orban Ukraynaya səfərinin ərəfəsində Macarıstanın Index saytına demişdi ki, o Kiyevdə “sülhə doğru ilk addımı” atacaq.

Telex saytı isə yazırdı ki, Orban və Zelenski arasında danışıqlar məxfi rejimdə aparılacaq, amma danışıqların nəticəsi olaraq heç bir sənəd imzalanmayacaq.

Macarıstanın bütün Qərbdən fərqli mövqeyi

Macarıstanın Ukraynadakı müharibəyə münasibəti əksər Aİ və NATO ölkələrinin münasibətindən fərqlənir.

Məsələn Budapeşt sülh danışıqlarına heç bir ön şərt qoyulmadan başlanmasına tərəfdardır. Belə mövqe rəsmi Kiyevi qane etmir.

Bundan başqa Orban Ukraynaya hərbi yardım edilməsinin ən qızğın əleydarıdır. O habelə Ukraynanın Aİ üzvlüyünə dair danışıqlarının başlanmasına da dərhal razılıq verməmişdi.

Orbanın fikrincə, bu danışıqlar “sırf siyasi motivli prosesdir”.

O deyirdi ki, əvvəlcə müharibədə olan Ukraynanın üzvlüyü məsələsinin mümkün nəticələrini götür-qoy etmək lazımdır.

Macarıstan hökuməti Moskvaya qarşı sanksiyaların tətbiqini mümkün qədər ləngitmək siyasəti yürüdür. Belə mövqe Aİ-nin başqa üzvlərini qane etmir. Aİ rəsmiləri bildiriblər ki, onlar artıq Budapeşti cəzalandırmağın və onun Avropa Komissiyasına təsirini azaltmağın yollarını tapıblar.

XS
SM
MD
LG