Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:39

Ermənistanda iqtidar deputatları Paşinyanın istefasına dair debatları blokladılar


17 iyun sessiyasında yalnız müxalifət depuatatları iştirak ediblər
17 iyun sessiyasında yalnız müxalifət depuatatları iştirak ediblər

Ermənistan parlamentindəki iqtidaryönlü deputatlar baş nazir Nikol Paşinyanın istefası ilə bağlı müxalifətin tələbi ilə keçirilməli olan debatların qarşısını alıblar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, belə bir iclasın keçirilməsi üçün müxalif Hayastan və “Şərəfim var” deputatlarının kifayət qədər imzası toplandıqdan sonra Milli Məclisin rəhbərliyi fövqəladə sessiyanın vaxtını müəyyən etməli idi.

Müxalifətin təqdim etdiyi qərar qətnaməsi layihəsində deyilirdi ki, Paşinyan hökuməti Ermənistanın “müdafiə və ərazi bütövlüyünü iflasa uğratdığına görə istefaya getməlidir”.

Qətnamə layihəsinə görə “ictimaiyyətin etimad göstərdiyi peşəkarlardan” ibarət yeni hökumət qurulmalı idi.

“Süni ofsayd” vəziyyəti

Müxalifət hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki mütləq çoxluğunu nəzərə alaraq hökumətin etimad səsverməsinə qoyulmasına cəhd etməmişdi.

Azatutyun yazır ki, “Vətəndaş müqaviləsi” partiyasının 71 deputatından heç biri arxiyepiskop Baqrat Qalstanyanın küçə etirazlarının təzyiqi altında müxalifətin tərəfinə keçməyib.

İqtidar deputatları ümumiyyətlə parlamentin sözü gedən iclasına gəlməyiblər və beləliklə, bir növ “süni ofsayd” vəziyyəti yaranıb. .

Fövqəladə sessiyada yalnız müxalifətin 34 deputatı iştirak edirdi. Bu isə o demək idi ki, iclasın keçirilməsi üçün yetərsay yoxdur.

Parlamentin spikeri Alen Simonyan hakimiyyətin boykot addımını müdafiə edərək demişdi ki, parlament çoxluğu “müxalifətin gündəliyinə xidmət etməyəcək”, çünki Paşinyanın hökuməti legitim olaraq qalır.

Qalstanyan deyir ki, “bu hələ birinci taym idi”

İyunun 17-də keşiş Qalstanyanın minlərlə tərəfdarı yenə də parlament binasının qarşısında mitinq keçirib.

Qalstanyan boykotdan təəccüblənmədiyini bildirib. O deyib ki, Paşinyanın hakimiyyətdən getməsi üçün mübarizəni davam etdirəcək.

Arxiyepiskop bir daha müxalif qüvvələri etirazlarda daha fəal olmağa və küçə nümayişlərinə qoşulmağa çağırıb.

Qalstanyan futbol terminindən istifadə edərək deyib ki, bu hələ mübarizənin “birinci taymı” idi.

Azatutyun yazır ki, bununla belə arxiyepiskop növbəti addımlarının nədən ibarət olacağına aydınlıq gətirməyib.

Müxalifət deputatları mandatlarından imtina edəcəklərmi?

Müxalifətin Milli Məclisdə daha bir uğursuzluğa düçar olması, müxalifət deputatlarının mandatlarından imtina etməsinə dair söhbətləri yenidən gündəmə gətirib.

Bu plana görə keçmiş prezident Robert Koçaryanın Hayastan və daha bir keçmiş prezident Serj Sarkisyanın “Şərəfim var” fraksiyalarına daxil 35 deputatın hamısı mandatlarından imtina etməli və bununla da Paşinyanın nəzarətində olan qanunvericilik sistemini iflic vəziyyətinə salmalı idi.

Qalstanyan iyunun 17-də bəyan edib ki, müxalifətin belə bir radikal addımı atması üçün vaxt hələ gəlməyib.

Paşinyan və müttəfiqləri etirazların “xarici agentlər” tərəfindən qızışdırıldığını bəyan edirlər.

Onlar Qalstanyanı “Rusiyanın casusu” adlandırıblar. Qalstanyan bu iddialrı rədd edib.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər.

Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdular.

Qalstanyan mayın əvvəllərində bir neçə yüz tərəfdarı ilə Tavuşdan Yerevana yürüş etdiyini bəyan etmişdi. Lakin hərəkata demarkasiyaya qarşı etirazla başlayan Tavuş arxiyepiskopu Yerevanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi.

Hazırda keşiş Qalstanyanın çağırışı ilə küçə etirazları davam edir. İqtidar Paşinyan və hökumətinin istefasına dair tələbləri rədd edir və antihökumət etirazlarının getdikcə zəiflədiyini deyir.

Erməni Kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG