Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi dayandıra bilər


Tbilisidə qalmaqallı qanun layihəsinə etiraz edənlərdən biri polislərlə üz-üzə
Tbilisidə qalmaqallı qanun layihəsinə etiraz edənlərdən biri polislərlə üz-üzə

Avropa İttifaqının bir neçə ölkəsi – Estoniya, Çexiya, Niderland və İsveç Gürcüstan iqtidarının “xarici təsirin şəffaflığı” qanununu qəbul edəcəyi təqdirdə Tbilisiyə sanksiyalar qoyulmasına çağırıb.

Financial Times qəzeti Avropadakı diplomatik mənbələrə istinadən yazır ki, söhbət həm də Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejiminin dayandırılmasından gedir.

Gürcüstanda qalmaqallı qanun layihəsinə qarşı etirazlar artıq bir aydan çoxdur davam edir.

Müxalifət və vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, sözü gedən qanun Rusiyanın “xarici agent” qanununun analoqudur.

Qanun layihəsini parlamentə təqdim etmiş hakim “Gürcü arzusu” partiyası isə israr edir ki, bu qanun ifadə azadlığı da daxil azadlıqlara qarşı nəzərdə tutulmayıb və onun qəbulundan məqsəd sadəcə olaraq xarici maliyyələşdirmənin şəffaflığının təmin olunmasıdır.

Lakin tənqidçilər deyirlər ki, Rusiyada “xarici agent” qanununun qəbulundan sonra fərqli düşüncəyə, media azadlığına və müxalifətə qarşı sərt repressiyalara başlanıb.

Həlledici gələn həftə

Buna baxmayaraq iqtidar qanunun qəbul edilməsində israrlı görünür. Qanun üçüncü və sonuncu oxunuşda qəbul edilsə də Gürcüstan prezidenti Salome Zurabişvili ona veto qoyub.

Lakin “Gürcü arzusu” partiyası parlamentdə mütləq çoxluğa malikdir və prezidentin vetosu asanlıqla ləğv oluna bilər. Bunun üçün səsvermənin artıq gələn həftə keçiriləcəyi gözlənilir.

Financial Times yazır ki, Gürcüstana qarşı vizasız rejimin dayandırılmasından başqa, konkret məmurlara qarşı ünvanlı sanksiyalar və maliyyə yardımının dondurulması da daxil müxtəlif tədbirlər həyata keçirilə bilər.

Avropa İttifaqı liderlərinin bu məsələyə gələn həftə baxacaqları gözlənilir.

Financial Times qəzetinin yazdığına görə Gürcüstana qarşı sanksiyalar təşəbbüsü ilə Estoniya, Niderland, Çexiya və İsveç çıxış ediblər.

ABŞ siyasətçilərinin xəbərdarlığı

Məqalədə deyilir ki, bununla yanaşı Avropa paytaxtlarında Gürcüstan hakimiyyətinə təsir edəcək və onu sözü gedən qanunun qəbulundan daşındıra biləcək başqa tədbirlər də müzakirə olunur.

Qəzet yazır ki, Gürcüstan hakimiyyəti bu qanunu hər halda qəbul etsə, bu, ölkənin Avropa İttifaqına üzvlük yolunda ən böyük maneələrdən birinə çevriləcək.

Gürcüstana qarşı mümkün sanksiyalar məsələsi təkcə Aİ-də müzakirə olunmur. Bundan əvvəl bir sıra ABŞ siyasətçiləri bir neçə dəfə Gürcüstan hökumətinə xəbərdarlıq ediblər.

Onlar deyiblər ki, Gürcüstana qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər, o cümlədən maliyyə aktivlərinin dondurulması, sözü gedən qanunla bağlı olan məmurlara və onların ailə üzvlərinə viza qadağanının qoyulması kimi məhdudiyyətlər tətbiq oluna bilər.

Qanun layihəsində nələr var?

Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Venesiya Komissiyasının rəyi

Bugünlərdə Venesiya Komissiyası da qalmaqallı qanun layihəsi ilə bağlı rəyini bildirib.

Komissiyanın rəyində deyilir ki, qanun layihəsində ciddi təməl qüsurları var və bunlar sərbəst toplaşma və təşkilatlanma, ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı kimi prinsiplərə mənfi təsir göstərə bilər.

Venesiya Komissiyası hakim “Gürcü arzusu” partiyasını bu qanun layihəsini geri götürməyə çağırıb.

Amma qeyd olunur ki, Gürcüstan iqtidarı Venesiya Komissiyasının rəyini tənqid edib və onu “siyasiləşdirilmiş” adlandırıb.

Növbədənkənar seçki ola bilərmi?

Zurabişvilinin vetosunun ləğvi üçün səsvermənin nə vaxt keçiriləcəyi məlum deyil. Qanunda bununla bağlı heç bir vaxt məhdudiyyəti nəzərdə tutulmayıb. Hakim partiyanın bu səsverməni artıq gələn həftə keçirə biləcəyi istisna olunmur.

Qanun layihəsinin əleyhdarları bildirirlər ki, etirazlar davam edəcək və artıq hakimiyyətin istefası tələb olunacaq.

Gürcüstan Konstitusiyasına görə növbədənkənar seçkilər növbəti seçkilərə 6 aydan çox vaxt qaldığı müddətdə keçirilə bilər.

Gürcüstanda növbəti parlament seçkiləri oktyabr ayında keçirilməlidir. Bu səbəbdən indiki hökumət istefaya getsə belə, növbəti seçkiyədək texniki funksiyalarını davam etdirəcək.

XS
SM
MD
LG