Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Azərbaycanın 200 milyard dollarlıq gəlirləri hansı layihələrə xərclənib?


Neft Fondunun fəaliyyəti dövründə bu fonda 200 milyard dollara yaxın vəsait daxil olub
Neft Fondunun fəaliyyəti dövründə bu fonda 200 milyard dollara yaxın vəsait daxil olub

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 1999-cu il dekabrın 29-da qurulub. Bu fond neft və qazdan götürülən gəlirlərin toplanmasını, səmərəli yönəldilməsini və gələcək nəsillərə saxlanmasını təmin edən qurumdur. ARDNF büdcədənkənar, həm də ayrıca dövlət təsisatıdır, yəni Azərbaycanın enerji gəlirləri bu fondda toplanır. Daha sonra fonddan büdcəyə və ya ayrı-ayrı konkret layihələrə vəsait ayrılır. Neft Fondunun fəaliyyəti dövründə bu fonda 200 milyard dollara yaxın vəsait daxil olub. O da var ki, enerji şirkətlərinin vergi gəlirləri bura daxil deyil. Həmin vəsait sırf enerji resurslarının satışından qazanılan gəlir və mənfəəti əhatə edir. Hazırda Dövlət Neft Fondu aktivlərinin həcmi 57 milyard 373 milyon dollardır. Fond bu vəsaiti daşınmaz əmlak, qiymətli kağız, qızıl və s. formalarda saxlayaraq investisiya edir. Təbii sual: Bəs indiyədək Neft Fonduna daxil olan 200 milyard dollarlıq vəsait hansı istiqamətlərə xərclənib?

Büdcənin yarısı enerji gəlirləri hesabına formalaşır

Dövlət Neft Fondunun yayımladığı hesabatdan aydın olur ki, 2024-cü il aprelin 1-dək Dövlət Neft Fondundan Azərbaycanın dövlət büdcəsinə 146.3 milyard manat transfert olub. Deməli, bu vəsait dövlət büdcəsi xərclərinin qarşılanmasına yönəldilib. Azərbaycanın dövlət büdcəsinin formalaşmasında enerji gəlirləri önəmli rol oynayır. Bu ilin dövlət büdcəsində büdcəyə Neft Fondundan 12.8 milyard manat transfert edilməsi nəzərdə tutulur. Bu da büdcədə nəzərdə tutulan gəlirlərin təxminən 38 faizi deməkdir. Enerji şirkətlərinin dövlət büdcəsinə birbaşa ödədiyi vergilər də nəzərə alınsa, bəlli olur ki, Azərbaycanın dövlət büdcəsinə daxil olan hər iki manatdan biri neft və qaz sektoru hesabına təmin edilir. Dolayısıyla, dövlət büdcəsindən maaş, pensiya, müavinət alan şəxslərin aldığı pulun hər iki manatdan birinin enerji sektorundan gəldiyini deyə bilərik. Əgər Azərbaycanın enerji gəlirləri olmasaydı, mövcud gəlirlər indiki xərclərin yarısını belə maliyyələşdirməyə yetməzdi. İndiyədək fondun manat ekvivalentində xərclədiyi vəsaitin təxminən 90 faizi dövlət büdcəsinə köçürülüb.

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Dövlət Neft Fondu çətin dövrlərdə Mərkəzi Banka da vəsait ayrılıb. Belə ki, 2017-ci ildə - devalvasiyalar üzündən Azərbaycan iqtisadiyyatı ağır günlər keçirərkən, Dövlət Neft Fondu valyuta ehtiyatları tükənmək üzrə olan Mərkəzi Banka 3 milyard 950 milyon manat dəyərində vəsait ayırmışdı. Rəsmi açıqlamada bildirilir ki, həmin vəsait ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Mərkəzi Banka verilib.

Enerji layihələrinin maliyyələşdirilməsi

Qeyd etdiyimiz kimi, Dövlət Neft Fondundan dövlət büdcəsi ilə yanaşı, ayrı-ayrı layihələrin də maliyyələşdirilməsinə vəsait ayrılıb. Bu layihələr arasında özəlliklə enerji infrastrukturu ilə bağlı layihələr önəmli yer tutur. Məsələn, Azərbaycan qazının Avropa bazarına çıxarılması məqsədi ilə çəkilən Cənub Qaz Dəhlizi layihəsi məhz Neft Fondunun vəsaiti hesabına baş tutub. Fond bu layihəyə toplam 1 milyard 530 milyon manat ayırıb. Azərbaycan neftinin xarici bazarlara çıxarılması üçün istifadə edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də maliyyələşdirilməsini Dövlət Neft Fondu aparıb. Fond 2006-cı ildə fəaliyyətə başlayan kəmərə 298 milyon manat ayrılıb.

"Azəri-Çıraq-Günəşli" layihəsində SOCAR-ın iştirak payının maliyyələşdirilməsini də elə Dövlət Neft Fondu gerçəkləşdirib. Fond bu layihəyə 88 milyon manat xərcləyib. Türkiyədə SOCAR-ın gerçəkləşdirdiyi "Star" neft emalı zavodunun tikintisinə də Dövlət Neft Fondu vəsait sərf edib. Azərbaycanın Türkiyədəki ən böyük investisiyası olan həmin zavoda fonddan 1 milyard 663 milyon manat xərclənib. Başqa sözlə, enerji sahəsinə aid konkret layihələrə ayrılan vəsaitlərin Dövlət Neft Fondunun indiyədək xərclədiyi vəsaitlərdəki payı təxminən 2 faizə yaxındır.

Neft və qaz kəmərləri ilə yanaşı, Neft Fondu dəmiryol xəttinin də çəkilişini maliyyələşdirib. Belə ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişinə Neft Fondu 749 milyon manat xərcləyib.

Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Ölkədaxili infrastruktur layihələri və təhsil

Dövlət büdcəsinə və Mərkəzi Banka ayrılan vəsaitlərdən sonra Dövlət Neft Fondunun ən çox vəsait xərclədiyi istiqamət qaçqın və məcburi köçkünlərin yaşayış yerləridir. Belə layihələrə indiyədək 2 milyard 703 milyon manat ayrılıb.

Dövlət Neft Fondunun vəsaitləri hesabına su ilə bağlı layihələr də gerçəkləşdirilib. Bunlardan ilki Oğuz-Qəbələ-Bakı su kəməridir. Maliyyələşdirilməsi 2011-ci ildə başa çatdırılan layihəyə toplam 780 milyon manat ayrılıb. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması isə daha baha başa gəlib – 1 milyard 470 milyon manata. Deməli, Neft Fondu su ilə bağlı layihələrə toplam 2 milyard 250 milyon manat xərcləyib.

Dövlət Neft Fondu azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsilinə aid üç layihəyə də vəsait ayırıb. Bunlardan ilki xaricdə təhsillə bağlı 2007-2015-ci illərdə icra edilən dövlət proqramı idi. Həmin layihə çərçivəsində tələbələrin təhsil və yaşayış xərclərinin qarşılanmasına 213 milyon manat xərclənib. Azərbaycanlı tələbələrin xarici ölkələrdə doktorantura təhsili almasını hədəfləyən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı"na xərclənən vəsaitsə 66 milyon manat olub. 2022-2026-cı illəri əhatə edən və azərbaycanlı gənclərin xaricdə təhsil xərclərinin qarşılanmasını nəzərdə tutan ikinci dövlət proqramını da Neft Fondu maliyyələşdirir. İndiyədək həmin proqrama toplam 53 milyon manat xərclənib. Başqa sözlə, Dövlət Neft Fondu təhsillə bağlı layihələrin maliyyələşdirilməsinə indiyədək 331 milyon manat ayırıb.

XS
SM
MD
LG