Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Rza Səfərsoy: 'Yoldaşımı üç saat maşında girov saxladılar'


Rza Səfərsoy
Rza Səfərsoy

Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti (ALÖV) Partiyasının sədri, qanunsuz silah saxlamaqda suçlanan Rza Səfərsoy deyir ki, evindən tapıldığı iddia edilən silahın ona aidiyyəti yoxdur. Bu barədə öz məhkəməsində danışan R.Səfərsoy bildirib ki, polislər əl-qolunu bağlayaraq, onu bir otaqda saxlayıb yataq otağında döşəyin altına silahı qoyublar: "Mən evdən çıxmaq istəyəndə bir hissəsi maskalı olan polislər evə basqın elədilər. Yoldaşımı zorla evdən çıxarıb, öz maşınlarında üç saat girov saxladılar. Mənim də əl-qolumu bağladılar, evi gəzdilər, dolandılar, silahı yerləşdirdilər. Sonra gəldilər ki, evdə axtarış edirik. Özləri qoyduqları silahı özləri də döşəyin altından götürdülər".

Qarabağ müharibəsinin keçmiş iştirakçısı, ehtiyatda olan zabit R.Səfərsoy ötən ilin noyabrından həbsdədir. Onun işinə hazırda Xəzər rayon Məhkəməsində baxılır. Bu işi araşdırıb qərar vermək hakim Hüseyn Hüseynliyə həvalə edilsə də, R.Səfərsoy və vəkili Nazim Musayev işə bu hakimin baxmasına etirazını bildirir. Dediklərinə görə, həbsdə olduğu beş ay ərzində H.Hüseynli onun haqqında bir çox qanunsuz və ədalətsiz qərarlara imza atıb.

"Bu qədər pozuntu ortada ola-ola…"

"Məhkəmə qərarı olmadan zorla kiminsə evinə daxil olmaq, axtarış aparmaq qanunsuzdur. Noyabrın 23-də qərar olmadan polislər belə bir hərəkət ediblər. Noyabrın 24-də - ertəsi gün hərəkətlərinə qanuni don geyindirmək üçün polis şöbəsində Rza Səfərsoydan ərizə alıblar ki, evimdə axtarışa etiraz eləmirəm. Biz bu əməliyyat-axtarış tədbirinin qanunsuz olması barədə məhkəməyə şikayət vermişdik. Amma hakim bu qədər pozuntu ortada ola-ola qərar verdi ki, yox, qanuni olub", - hakimə etirazını əsaslandıran vəkil məhkəmədə belə deyib.

R.Səfərov vurğulayıb ki, hakim H.Hüseynlinin onun haqqında ədalətli, obyektiv hökm çıxaracağına inanmır. Siyasi fəaliyyətinə, hökuməti tənqid edən çıxışlarına görə sifarişlə cəzalandırıldığını vurğulayan partiya sədrinin fikrincə, hakim H.Hüseynli də onun haqqında qərarları gələn göstərişlərə uyğun verir.

Hakimə verilən etiraza Xəzər rayon Məhkəməsinin sədri baxıb qərar verməlidir.

Xatırlatma

Rza Səfərsoy 2018-ci ildə də Facebook səhifəsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin gülləyə tutulması barədə yazdığı fikirlərinə görə həbs olunmuş və Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə 2 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 ay 2 günə endirdiyindən və bu müddət də çəkildiyindən o, məhkəmə zalından azadlığa buraxmışdı. R.Səfərsoy o zaman da özünü təqsirli bilməmişdi.

Ona bu dəfə CM-in 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib. Bu maddədə üç ilədək həbs cəzası nəzərdə tutulub.

Hökumət təmsilçiləri Azərbaycanda heç kimin siyasi mövqeyinə görə cəzalandırılmadığını, həbs olunanların konkret faktlarla tutulduğunu bildirir.

ALÖV Partiyası dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG