Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:39

Fazil Mustafaya qarşı sui-qəsd işi: 'Dedilər, boynuna almasan, arvadını bura gətirəcəyik'


Fazil Mustafa
Fazil Mustafa

Xeyli vaxtdır Milli Məclisin üzvü Fazil Mustafaya silahlı hücumla bağlı məhkəmə araşdırmaları gedir.

Deputat bu işdə zərərçəkmiş qismində tanınsa da, 4 aya yaxındır sürən məhkəmə iclaslarının heç birinə gəlmir.

Təqsirləndirilən şəxslərsə onun məhkəməyə gəlməsini tələb edirlər. Martın 29-da məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri Fazil Mustafa haqqında məcburi gətirilmə qərarı çıxarılması üçün vəsatət qaldırıblar.

“Təqsirləndirilən şəxslərin ona sualları var. Həmin suallara nümayəndəsi cavab verə bilməz, özü cavablandırmalıdır. O, məhkəməyə gəlməlidir”, - vəkillər vəsatəti belə əsaslandırıblar.

Deputata qarşı sui-qəsdlə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu məhkəmə prosesində 5 nəfər - Azər Səricanov, Elşad Əsgərov, Rəşad Əhmədov, Səbuhi ŞirinovEmin Əliyarov mühakimə edilir.

“Bizə fərziyyələrlə ittiham verilib”

Fazil Mustafaya atəş açmaqda ttiham olunan Səbuhi Şirinov da deputatın məhkəməyə gəlməsini istəyib:

“Bizə fərziyyələrlə ittiham verilib. Yazıblar ki, guya deputat fəaliyyətinə görə onu öldürmək istəmişik. Halbuki, onun deputatlığının məsələyə dəxli yoxdur. Dinimizi, hisslərimizi təhqir eləyirdi bu adam. “Şiələr ulaşır” ifadəsi təhqir deyil?! Gəlsin, ona suallarımız var”.

Amma hakimlər deputat haqqında məcburi gətirilmə qərarı çıxarmaqdan imtina ediblər. Vəkillərin bu barədə vəsatəti təmin olunmayıb.

Hakim deyir ki, hər məhkəmə iclasından öncə F.Mustafaya bildiriş göndərilir, iclasın vaxtı barədə məlumat verilir və yenə eyni addımı atacaqlar.

F.Mustafanın nümayəndəsi məhkəməyə deputatın ərizəsini təqdim edib. O, ərizəsində bildirir ki, istintaqda verdiyi ifadəni təsdiqləyir.

Vəkil Elçin Sadıqov ərizənin notarial qaydada təsdiqlənmədiyini, oradakı imzanın ona məxsusluğu məsələsinin aydınlaşmadığını deyib. O, məhkəmədən belə vəziyyətdə ərizənin qəbul olunmamasını istəyib.

Amma hakimlər ərizəni qəbul etmək qərarı veriblər.

Məhkəmə iclasında şahidlər dindirilib. Onlardan Xəyyam Musayev özü də hazırda məhkumluq həyatı yaşayır. O, qanunsuz silah saxlama ittihamıyla 4 il azadlıqdan məhrum edilib və indi 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

X.Musayev deyir ki, həbsinə səbəb olan tapançanı ona təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov vermişdi:

“Mən də o silahı Elşən adlı adama satdım. Min 600 manata satmaq istəyirdim. Amma axırda 800 manat verdi. Sonradan Elşəni də o silaha görə həbs elədilər”.

“İşgəncə verənlər bu polislər deyildi”

Dindirilən şahidlər arasında Daxili İşlər Nazirliyinin (DİN-in) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı - R.Əhmədovu tutan Əli KazımovƏmrə Şıxıyev də vardı. .

Hər iki polis əməkdaşının ifadəsi bir-birinə bənzəyirdi. Onlar bildiriblər ki, işlədikləri idarəyə R.Əhmədovun narkotik dövriyyəsilə məşğul olması barədə məlumat daxil olub. Onun Qaradağ rayonu, Ələt qəsəbəsində olduğunu müəyyənləşdirib, gedib orada saxlayıblar. Polislərin iddiasına görə, onu idarəyə dəvət ediblər. Orada cibindən iki büküm narkotik çıxıb.

R.Əhmədov narkotikin ona heç bir aidiyyəti olmadığını, onu idarədə polislərin cibinə atdığını deyir:

“Məni dəvət eləmədilər, zorakılıqla maşına basıb apardılar. Məni saxlayan kimi, telefonumu aldılar. Məndə narkotik olmayıb. Mənə idarədə fiziki güc tətbiq elədilər. Amma işgəncə verənlər bu polislər deyildi, başqaları idi. Mənə dedilər ki, “əgər deyilən ifadəni imzalamasan, arvadını bura gətirəcəyik”. Ona görə məcbur qalıb imzaladım”.

Polislər deyirlər ki, R.Əhmədovun saxlanması üçün yaradılan əməliyyat qrupunun rəhbəri Rüstəm Rüstəmov olub. Növbəti məhkəmə iclasında o da dindiriləcək.

Daha bir şahid – F.Mustafagilin qonşuluğunda yaşayan Tünzalə Kərimova istintaqa ifadə versə də, məhkəmədə dindirilməsi gərəksiz sayılıb. Onun istintaqdakı ifadəsi açıqlanıb. O, ifadəsində deyib ki, ötən il martın 28-də, saat 21:50 radələrində güllə səsləri eşidib. Hamamın pəncərəsindən baxanda hündürboylu, qara geyimli bir kişinin qaçdığını görüb. Hava qaranlıq olduğundan, həmin şəxsin sifətini görməyib.

Aprelin 5-də keçiriləcək növbəti məhkəmə iclasında polis əməkdaşı R.Rüstəmovun dindirilməsiylə deputata qarşı sui-qəsd işi üzrə şahidlərin ifadələri yekunlaşacaq.

Xatırlatma

Milli Məclisin deputatı Fazil Mustafa 2023-cü il martın 28-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı evin qarşısında gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar irəli sürülüb. Onlara

ittiham verilən maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG