Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:16

Paşinyandan separatçılara sərt xəbərdarlıq: Ermənistanda yalnız bir hökumət ola bilər


Nikol Paşinyan və Samvel Şahramanyan
Nikol Paşinyan və Samvel Şahramanyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 28-də, əslində Qarabağ separatçılarının son “prezidenti” Samvel Şahramanyana işarə edərək deyib:

"Mən hamıya çox aydın şəkildə bəyan etmək istəyirəm ki, Ermənistanda hökumət var və o bu binada oturur. Yoxsa kimsə gedib hardasa mənzil kirayələyir və qapısından da lövhə asır ki, bəs bu, filan-filan hökumətdir”.

Azatutyun yazır ki, Şahramanyan bugünlərdə Fransanın Figaro qəzetinə müsahibə verib.

O həmin müsahibədə müxbirin “artıq Artsaxın (Qarabağ – red) rəsmi olaraq ərazisi yoxdur” replikasına cavab verərkən deyib:

"Bəli, amma mənim sizi Yerevanda qəbul etdiyim bu binada Artsaxın (Qarabağ-red) prezident ofisi, ədliyyə və qanunvericilik strukturları yerləşir. Burada millət vəkilləri səsvermələr üçün yığışa bilərlər. Mənim oktyabrda imzaladığım fərmana görə bütün hökumət nazirləri ictimai əsalarla postlarında qalırlar”.

"Əgər Ermənistanda kimsə özünü hökumət kimi qələmə verirsə...”

Baş nazir Nikol Paşinyan martın 28-də keçirdiyi hökumət müşavirəsində konkret Şahramanyanın adını çəkməsə də deyib ki, “Qarabağdan məcburi köçkün düşmüş bəzi dairələr mühacirət hökumətindən danışır və Ermənistanın milli təhlükəsizliyinə hədə yaradırlar”.

Baş nazir bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi göstəriş verib:

"Əgər Ermənistanda kimsə özünü hökumət kimi qələmə verirsə, bu artıq Ermənistanın milli təhlükəsizliyi problemidir. Mən ümid edirəm ki, belə bir problemin olması bizim orqanlarımızın işləyə bilməməsinin nəticəsi deyil. Mən hamı üçün açıq bir mesaj verirəm. Bu elə-belə mikrofona deyilən sözlər deyil. Bu sərəncamdır və sərəncam real həyatda əksini tapmalıdır. İstərdim ki, bu hamı üçün aydın olsun”.

Xarici qüvvələr kimdir?

Paşinyan bunu da deyib ki, əgər xarici qüvvələr müəyyən çərçivələrdən istifadə etməklə Ermənsitanın təhlükəsziliyinə hədə yaradırlarsa, buna qarşı tədbirlərin görülməsinə ehtiyac var:

"Əgər zəruridirsə, müvafiq addımlar atılmalıdır ki, xarici qüvvələr Ermənistana təhlükə yaratmaq üçün müəyyən dairələrdən istifadə etməsinlər”.

Azatutyun yazır ki, ictimai fəaliyyəti görünməyən Samvel Şahramanyan bu yaxınlarda Rusiyanın Ukrayna müharibəsi ilə bağlı “Şahid” və “Avromaydan” filmlərinin premyerasında iştirak edib.

Rusiya səfiri Sergey Kopırkin demişdi ki, premyerada iştirak edənlər Rusiyanın dostlarıdır.

Paşinyan hökumət müşavirəsində yenə də Şahramanyanın adını çəkmədən istehza ilə deyib ki, “bugün mühacirət hökumətindən dəm vuranların məsuliyyətli hərəkət etmək üçün imkanları var idi, amma biz onların bu imkandan necə istifadə etdiklərini gördük...”

Şahramanyan Fransanı Əliyevə təzyiq göstərməyə çağırıb

Samvel Şahramanyan sözü gedən müsahibədə separatçı rejimin buraxılmasına dair imzaladığı fərman barədə məsələni də izah etməyə çalışıb. O deyib ki, bu addımı Qarabağ sakinlərinin bölgəni salamat tərk edə bilmələri üçün atıb:

"Mən bilirdim ki, bu sənəd qanunsuz və konstitusiyaya zidd idi, Artsax (Qarabağ-red) respublikasının hüquqi strukturları tərəfindən ratifikasiya olunmalı idi. Amma mən bu addımı həmvətənlərimi xilas etmək üçün atdım”.

Şahramanyan Figaro müxbirinə bunu da deyib ki, hazırda separatçı rejimi təmsil edən bir sıra liderlər Bakı həbsxanalarında saxlanır.

O qeyd edib ki, həmin şəxslərlə telefon əlaqəsi var.

Şahramanyan separatçı liderlərin azad olunması məqsədilə Fransanı prezident İlham Əliyevə təzyiq göstərməyə çağırıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG