Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:18

'Novruzda əfv sərəncamının olması az gözləniləndir'


Hüquq müdafiəçiləri prezidentə müraciət etdi
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Hüquq müdafiəçiləri prezidentə müraciət etdi

Son onilliklərdə Azərbaycanda bir çox illər hər Novruz bayramı öncəsi Əfv Komissiyası toplaşar, iclaslar keçirər və bayramdan bir, ya iki gün öncə əfv sərəncamları verilərdi.

Bu il isə Novruz bayramına (21 mart) bir aydan da az vaxt qalsa da, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başlamayıb.

Sonuncu əfv sərəncamı ötən ilin mayında imzalanıb. Həmin əfv sərəncamı 801 məhkuma aid edilib. Onların arasında hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və hüquq müdafiəçisi, jurnalist Elçin Məmməd də olub.

Bəzi hüquq müdafiəçilərin fikrincə, ötən ildən indiyə qədər ölkədə siyasi məhbusların sayı artıb və onları azadlığa buraxmaqla bu problemi həll etmək lazımdır. Bir sıra hesablamalara görə, artıq ölkədə siyasi məhbus sayı 200-ü keçib. Amma hüquq müdafiəçiləri arasında bununla bağlı vahid siyahı yoxdur.

Ə.Nuriyev
Ə.Nuriyev

"Prezidentin müəyyənləşdirdiyi vaxtda iclaslar keçiriləcək"

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Turan"a bildirib ki, Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi daim işləyirlər: "Onlar prezidentin adına əfvlə bağlı müraciətləri qəbul edib müvafiq arayışlar hazırlayırlar. Yetərli qədər müraciətlər də daxil olmaqdadır. Amma işin fasiləsiz getməsi o demək deyil ki, bir neçə aydan bir Əfv Komissiyasının iclasları keçirilməlidir. Hazırda iclaslar keçirilmir. Arayışlar toplanıldıqdan sonra Komissiyanın sədrinə təqdim olunacaq və prezidentin müəyyənləşdirdiyi vaxt çərçivəsində iclaslar keçiriləcək".

O vurğulayıb ki, hər Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı ilə bağlı gözləntilər olur: "Amma nəzərə alaq ki, Azərbaycan dövlətinin həyatında mühüm olan digər günlərlə bağlı da əfv sərəncamları verilir. Ötən il də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük bir əfv sərəncamı imzalandı. O gündən o qədər də böyük vaxt keçməyib. Bu baxımından, Novruz bayramında əfv sərəncamının olması az gözləniləndir".

Ə.Nuriyev xatırladıb ki, 2024-cü ilin fevralında prezident seçkisi olub, ardınca da hökumətin formalaşması gedib: "Hökumətin bir neçə nümayəndəsi Əfv Komissiyasının üzvləridir. Ona görə də hökumətin formalaşması prosesi paralel olaraq komissiyanın iclaslarını mümkünsüz edirdi".

R.Səfərov
R.Səfərov

"Azərbaycanda siyasi məhbusların sayı 300-ə yaxınlaşıb"

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, ötən ilin may ayından bəri Azərbaycanda siyasi məhbusların sayı son 20 il ərzində özünün ən yüksək nöqtəsinə çataraq 300-ə yaxınlaşıb.

"Son bir il elə dövrdür ki, artıq biz hər rüb, hər ay yox, demək olar ki, hər gün saxlanmaların şahidi oluruq... Siyasətdən kənar əsassız həbs olunan xeyli dustaq da var. Bu baxımından, Azərbaycan hakimiyyətinin marağında olmalıdır ki, zaman-zaman, heç olmasa, əfv və amnistiya yolu ilə bu adamları azadlığa buraxsın", - o, AzadlıqRadiosuna bildirib.

Hərçənd hüquqşünasın fikrincə, əfv sərəncamları problemi tam həll etmir, bütün siyasi məhbusların azadlığa buraxılması baş vermir: "Əfv sərəncamları imzalanır, amma qısa müddətdə həmin o azadlığa buraxılan siyasi məhbusların yerini başqaları doldurur. Bu, sanki hüquqi manipulyasiyadır. Bu, siyasi məhbusların, cəmiyyətin hissləri üzərində hakimiyyətin hüquqi rəqsidir".

Rəsmilər isə Azərbaycanda siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına salınan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG